Ədəb və Mədəniyyət

Əxlaqımızı gözəlləşdirək və batinimizi saflaşdıraq..

Qurani-kərim Nur surəsinin 21-ci ayəsində buyurur:

 وَ لَوْ لَا فَضْلُ اللَّهِ عَلَيْكمُ‏ْ وَ رَحْمَتُهُ مَا زَكىَ‏ مِنكمُ مِّنْ أَحَدٍ أَبَدًا وَ لَاكِنَّ اللَّهَ يُزَكىّ‏ِ مَن يَشَاءُ

"Əgər Allahın lütfü və mərhəməti olmasaydı sizlərdən heç kim özünü (batinini) saflaşdıra bilməzdi. Lakin Allah istədiyini (layiq olanları) saf və pak edir."
.
Ustad dərsdə tələbələrdən soruşdu: -"deyin görək, sizcə insanı gözəlləşdirən və onu zinətləndirən nədir?
Hərə bir cür cavab verdi;
Biri dedi: - Qara gözlər
O birisi dedi: - Boy-buxun və hündür qamət.
Üçüncüsü dedi: - Şəffaf və ağ dəri.
Başqa birisi dedi: - Gözəl geyilmər, paltarlar.
Xülasə hərə bir cavab verdi.
Ustad dedi: 
"Heç birinizin cavabı düz deyil. Budur sizin qarşınıza iki kasa qoymuşam, birincisi qızıldan düzəldilmiş kasadır və içində zəhər vardır, o biri kasa isə gildən düzəldilmişdir və içində şirin su vardır. Siz hansı kasadan içərsiniz?"
Tələbələrin hamısı bir ağızdan dedilər: - Əlbəttə, gildən olan qabdakı suyu içərik.
Ustad dedi:
"Görürsünüzmü, siz kasaların zahirinə və materialına yox, onların içinə va batininə diqqət etdiniz. Kasaların zahiri sizin üçün əhəmiyyətsizdir. 
İnsanlar da bu kasalar kimidirlər. 
Bəzilərinin zahiri gözəl, yaraşıqlıdır, əyinlərində bahalı geyimlər vardır, lakin batinləri zəhər kimidir, onlarla ünsiyyətdə olan insanlar ruhi narahatlığlar keçirirlər.
İnsanı gözəl edən və onu zinətləndirən isə insanın batini və əxlaqıdır. 
Elə isə, əgər gözəl, dəyərli və qiymətli olmaq istəyiriksə batinimizi və əxlaqımızı gözəlləşdirək."

baxılıb: 538 dəfə