Ədəb və Mədəniyyət

Varlıq aləminin ən qiymətli və ən dəyərli üzvü

Allah Taala yaratdığı saysız hesabsız varlıqların ən üstünü insanı qərar vermişdir. İnsandan başqa bütün varlığı insan üçün yaratdığını bildirmişdir.

Qurani-kərim Bəqərə surəsinin 29-cu ayəsində buyurur:

 

هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ  وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

 

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”

Görəsən, insan öz qədrini bilirmi?!

İnsanın dəyər və qiyməti barədə çoxlu hədislər vardır. Onlardan biri aşağıdakı hədisdir.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllaju əleyhi və alih buyurur:

 

 ألنّاسُ مَعادِنٌ کَمَعادِنِ الذَهَبِ وَ الفِضَّه

 

“İnsanlar qızıl və gümüş mədəni kimi mədənlərdirlər.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 380-cı səhifə 5821-ci hədis

 

Hədisin qısa şərhi:

Hər bir insan öz dəyər və qiymətini bilməlidir.

 

Mineralogiya (mədənşünaslıq) elminin mütəxəssisləri bilirlər ki, hər bir mədən və minerallar dörd mərhələ keçməlidirlər.

Birinci mərhələ: Kəşf və ixtira mərhələsidir. Yəni hər hansı bir mədən və mineral əvvəlcə kəşf edilməlidir.

İkinci mərhələ: Çıxartma mərhələsidir. Hər bir mineral ona bitişmiş və ya qatılmış şeylərdən təmizlənməli, saflaşdırılmalıdır.

Üçüncü mərhələ: İstehsala getmə mərhələsidir. Minerallar zavoda (fabrikə) daxil edilir, onlar istənilən formaya salınır.

Dördüncü mərhələ: İstehlak mərhələsidir. Alıcı, istehlakçı onu alaraq ondan istədiyi kimi istifadə edir, yayarlanır.

Deməli, insanın da bu baxımdan dörd mərhələsi vardır.

 

Birinci mərhələ: İstedad və qabiliyyətlərin kəşf edilməsi və tanınması mərhələsidir. Yəni özünü tanıma mərhələsi hər birimizin təkamülü üçün birinci mərhələdir. Özünü tanımayan başqalarını necə tanıya bilər?! Başqalarını tanımayan necə tərəqqi edə bilər?! Və sair...

 

İkinci mərhələ: Çıxarılma, yəni istedadlar və qabiliyyətlərin ona mane olan, həmçinin artıq şeylərdən təmizlənməsi və saflaşdırılması mərhələsidir. Bu mərhələ əxlaqın ən önəmli mərhələsidir. İnsan öz nəfsini saflaşdırmalı, qəlbini yaxşı xasiyyətlərlə doldurmalı və pis xasiyyətlərin hamısını oradan çıxarmalıdır. Çünki pis xasiyyətlərin heç biri ilahi təmayüllü deyil. Odur ki, imam Cəfər Sadiq əleyhissalam buyurur:

 

القلب حرم الله فلا تسكن حرم الله غير الله

 

“Qəlb Allahın evidir, elə isə Allahın evində Ondan başqasını məskunlaşdırma.”

Biharul ənvar 67-ci cild 25-ci səhifə

 

Üçüncü mərhələ: İstedad və qabiliyyətlərin müəyyən formaya, şəkilə düşməsi mərhələsidir. İnsan bu mərhələdə özbaşınalıqdan azad olmalı, həqiqi bəndəçiliklə zinətlənməli və əsil insani keyfiyyətləri nümayiş etdirməlidir.

 

Dördüncü mərhələ: İstifadə mərhələsidir. Başqa sözlə desək, bu mərhələdə insan öz istedad və qabiliyyətlərinin düzgün idarə etməli, öz rəftar və davranışlarına rəhbərlik etməlidir.
Əgər hər bir insan bu dörd mərhələni keçə bilərsə həmin insan həyatda dalana rast gəlməz və heç vaxt çıxılmaz vəziyyətlə qarşılaşmaz.

Kamil insanlar üçün dünya həyatında dalan və çıxılmazlıq yoxdur. Onlar hər bir çətin vəziyyətdə yolu tapa bilirlər. Yol mövcud olmadıqda isə yolu onlar özləri yaradırlar.

Allah Taala bizləri öz qədrini bilənlərdən etsin.

baxılıb: 565 dəfə