Ədəb və Mədəniyyət

Ramazan ayı ƏXLAQ ayıdır.

Mübarək Ramazan ayı əxlaq və tərbiyə ayıdır. Ali əxlaqi məqam və dərəcələrə yüksələnlər bu ayın fövqəladə əhəmiyyətindən xəbərdardırlar.

 

Ramazan ayının adlarından biri "Şəhrut təhur"dur. Yəni paklıq ayı. Təhur o şeylərə deyilir ki, həm özü pakdır (təmizdir) həm də başqalarını paklayandır (təmizləyəndir).
Bir nəfər İmam Zeynul Abidin əleyhissalamdan soruşdu:
-Ya İmam, Allah Taalanın minlərlə adının içində ən gözəli hansıdır?
İmam Zeynul Abidin əleyhissalam buyurdu:
-Ya Əthərət tahirin, yəni "ey Pakların ən pakı."

Bir dəfə mübarək Ramazan ayının astanasında həzrət Muhəmməd səllAllahu əleyhi və alih məscidə gəldi. Moizə etmək üçün minbərə çıxmamışdan əvvəl 3 dəfə buyurdu: 
- “SübhanƏllah, ey camaat bilirsinizmi nəylə qarşılaşırsınız?!” 
Bir nəfər ayağa qalxaraq dedi: -“Ei Allahın Peyğəmbəri, vəhy gəlib?” 
Başqa birisi dedi: -“Düşmən hücuma keçmək istəyir? Nə üçün 3 dəfə o cümləni dediniz?”
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: -“Xeyr, nə vəhy gəlib, nə də düşmən hücum edib, əksinə mübarək Ramazan ayı gəlir. Bu ayda bütün qiblə əhli, yəni bütün müsəlmanlar bağışlana bilər.” Məsciddəkilərdən biri dedi: -“Elə şey olar?! Bir ayın işində hamının günahları necə bağışlana bilər?” 
Peyğəmbər (s) buyurdu: -“Bunu qəbul etmək sənə belə çətin gəldimi?” Sonra Peyğəmbər (s) minbərə çıxdı, 3 dəfə ucadan “Amin” dedi. 
Camaat soruşdular: -Ey Allahın Peyğəmbəri, nə üçün 3 dəfə amin dediniz?
Peyğəmbər (s) buyurdu:- İndi həzrət Cəbrail mənə xəbər verdi ki, “ Ya Muhəmməd! Bu mübarək ayda üç dəstə adamdan başqa hamı bağışlana bilər. Bağışlanması mümkün olmayanlar 1- Valideyninə ağ olanlar, 2- Sənə qəsdən salavat göndərməyənlər, 3- Bu ayı vecinə almayanlar, bu aydan bəhrələnmək istəməyənlərdirlər.”
Bəli, bu mübarək ayı daha yaxşı tanımalıyıq. Bu aydan ən yüksək səviyyədə istifadə etməliyik. Elə etməyək ki, mübarək Ramazan ayının necə qurtaqmasından xəbərimiz olmaya. Təsəvvür edin ki, içi boş olan bir butulkanı ağzını ağlayaraq dənizə atsaq, həmin butulka dənizdə 1 ay qaldıqdan sonra onu sudan çıxartsaq görəcəyik ki, onun içinə 1 damcı su belə dolmayıb. Onun içinə hətta bir damcı suyun dolmaması dənizin problemi deyil, həmin butulkanın problemidir.
Mərhum Şeyx Tusi gözəl bir hadisə nəql etmişdir. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: -“Mən meraca gedəndə bir növ qəsrlər( saraylar) gördüm, çox gözəl idilər. Mən gördüm ki, bu qəsrin içərisindən çöl görsənir, amma çöldən qəsrin içərisi görsənmir. Cəbraildən soruşdum ki, bu qəsrlər kimlərindir? Cəbrail dedi: Bu qəsrlər o adamlarındır ki, onların həyatda bu 4 xüsusiyyəti olsun.

1- Danışıqları və sözləri pak olan.
Deməli insanın sözləri pak və təmiz olmalıdır. Qeybət etməməli, söyüş söyməməli, ədəbsiz sözlər işlətməməli, yalan danışmamalı... Bir hədisdə oxuyuruq: “Nə qədər oruc tutanlar var ki, Ramazan ayından onlara qalan yalnız aclıq və susuzluq olur.” Allah Taaladan istəyək ki, bizim zəhmətimizi hədərə getməyə qoymasın.
Sevimli Peyğəmbərimizdən rəvayət edilən hədislərin birində həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Əgər orucluqda bir kimsə sizi söyərsə siz başınızı aşağı salaraq desəniz: -çıx get, mən orucam, ona görə də Allaha xatir sənə heç nə deməyəcəyəm, və danışmasanız, Allah buyurar: -bu insan Mənə görə söyüş və nalayiq hərəkətləri tərk etdiyi üçün Mən də cəhənnəmi ondan uzaqlaşdırıram, onu cənnət əhlindən qərar verirəm. Bu vaxt əmirəlmöminin Əli əleyhissalam buyurdu: Ey Allahın Peyğəmbəri, sözlərimizin pak olması üçün nə edək, ... hansı zikrləri deyək? Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: -Bu zikri çox deyin
سبحان الله والحمد لله ولا اله الا الله والله اكبر
Sübhan Əllahi, vəlhəmdu lillahi, və la ilahə illƏllahu, vallahu əkbər

2- Oruc tutmaqda davam edən.
Oruclarını davam etdirirlər, yəni nə qədər ki, sağdırlar və oruc tumağa qüdrətləri var həm vacibi Ramazan ayının orucunu hər il tuturlar, həm də bacaqdıqları qədər müstəhəb oruclar tuturlar.

3- Yemək yedizdirən.
Yemək yedizdirən cümləsi çox geniş mənadadır. Hər bir insanın ruhiyyəsində başqalarını yedizdirmək həvəsi və istəyi olmalıdır. Həmin məclisdə əmirəlmöminin Əli əleyhissalam soruşdu: Ey Allahın Peyğəmbəri, “yemək yedizdirən” kimlərdir? Həzrət Muhəmməd səllAllahu əleyhi və alih byurdu: -“İnsan öz ailəsinə yalnız halal ruzi yedizdirsin.”
Bəli, çalışaq ki, iftarımızın yeməkləri halal olsun. Hara gəldi yemək yeməyə getməyək.

4- Gecələr camaat yatan vaxt yuxudan durub ibadət edən.
İmam Rza əleyhissalam buyurur: “Ramazan ayı rəhmət ayıdır, bağışlanma ayıdır. Əgər sən bu ayda bağışlana bilməsən daha hansı ayda bağışlanacaqsan?!”
Belə fürsət həmişə bizə nəsib olmur. Allah Taala hamımızı bu ayda bağışlanmış insanlardan qərar versin. 

baxılıb: 541 dəfə