Əxlaqi suallara cavablar

Həqiqi bəndəçiliyin əsası

Sual: Allah Taala nə üçün sileyi-rəhmi (yaxınlar və qohumlarla əlaqə saxlamaq, onlara get-gəl etməyi) vacib etmişdir. Mən istəmirəm qohumlarla mehriban olmağı. Mənim istəmədiyim şey niyə mənə vacib olmalıdır ki?!

Cavab:

Bu sualı hər bir vacibi əmələ və ya hər bir haram işə aid etmək olar. İstənilən vacibə “mən bunu xoşlamıram” demək olar.

1- Allah Taala yeri, göyləri, onların arasında olanları və o cümlədən insanı yaratmışdır. Yaratdığı anda heç birindən soruşmamışdır ki, səni yaratmağımı xoşlayırsanmı?! Əgər “hə” desə yaradaydı, əgər “yox” desə yaratmayaydı.

Əvvəla yaradılmışlar yaranışdan əvvəl yox idilər ki, onlardan nəsə soruşulaydı. İkincisi, sual və məsləhətləşmək nəyisə bilmək üçündür, buna görə də Allah Taalanın elm və hikmətdə kəsiri yoxdur ki, bu sualların cavabına ehtiyaclı olaydı.

 

2- Heç bir yaradılmışdan soruşmayıb ki, tərəqqi, inkişaf və kamala yetməni istəyirsən ya yox?! Əksinə, bütün varlığı yaranış qanunlarına əsasən təkvini hidayətə yönəltmişdir. Yəni, hər bir yaradılmış üçün sabit inkişaf yolu qoymuşdur. Amma insana ağıl və ixtiyar verdiyi üçün təkvini hidayətdən əlavə təşrii hidayət də bəxş etmişdir. Yəni, insan üçün həyat qanunları qərar vermiş və insana kamala çatması üçün həmin həyat qanunlarından necə istifadə etməyi ona öyrətmişdir. Göstərmişdir ki, nələr insanın tərəqqisinə və kamalına səbəb olar, həmçinin nələr insanın tənəzzülünə və geriləməsinə səbəb olar.

Deməli, “Allah Taala nə üçün məndən namazı əvvəl vaxtda qılmağımı istəyir?!” və ya “Allah Taala mənə nə üçün sileyi-rəhmi (yaxınlar və qohumlarla əlaqə saxlamaq, onlara get-gəl etməyi) vacib edib?!” kimi suallar buna bənzəyir ki, elə bil kimsə belə sual verir: “Savadlı olmaq üçün nə üçün elm öyrənməliyəm?! Bəlkə mən elm öyrənmək istəmirəm?!” və ya “Sağlam olmaq üçün təbii və təzə qidalar yeməliyəm?! Bəlkə mən köhnə və iylənmiş qidaları xoşlayıram?!”

Hər kəs özü bilər, nəyi xoşlayar və nəyi xoşlamaz. Amma bunu da bilməlidir ki, hər kəs öz yolunun aqibətini əldə edəcəkdir.

Allah Taala Qurani-Kərimin 76-cı İnsan surəsinin 3-cü ayəsində buyurur:

إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَ إِمَّا كَفُورًا

“Həqiqətən biz ona (insana) düz yolu göstərmişik. (İndi o, ixtiyar sahibidir) istəyir şükr etsin, istəyir küfr etsin.”

 

3- Allah Taalanın hökmlərinin hamısı elm və hikmət əsasındadır. Vaciblərin və qadağaların hamısı insanın fərdi və ictimai inkişafı və kamalı üçündür. Əgər Allah Taala “sədəqə vermək və sileyi-rəhm etmək ömürü uzadır, insanı ruzili edir, mənəviyyatını nurlandırır” deyə buyurursa, bu həqiqətən də belədir. Hərçənd ki, biz bunların necə bir-birlərinə bağlı olmalarını bilmirik.

Necə ki, bir çox maddi və mənəvi hərəkətlərimizin bizim cismimiz və ruhumuza təsir etdiyini bilirk, amma necə təsir etdiyini bilmirik. Çünki bəşərin elmi məhduddur. Hələ də insan üçün kainatda sonsuzlarla sirrlər qalmaqdadır.

Elm inkişaf etməkdədir və bir çox məchulları məluma çevirməkdədir, amma bununlar belə bilinməyənlərin sayı bilinənlərdən qat-qat çoxdur.

Məsələn, Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih həzrət Əli əleyhissalama buyurur:

يا علي : افتتح بالملح واختتم بالملح فإن فيه شفاء من اثنين وسبعين داء

“Ey Əli, yeməyini duz ilə başla və duz ilə bitir, həqiqətən bundayetmiş iki dərdə dərman vardır.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 368-ci səhifə 5762-ci hədis

 

Elmi araşdırmalar nəticəsində məlum olub ki, yeməyin əvvəlində və axırında azacıq duz işlətmək mədənin turşuluğunu tənzimləyir, dişləri möhkəmləndirir, qarın ağrılarını dəf edir, boğaz və diş ağrılarının qarşısını alır, dərini möhkəmləndirir və müqavimətini artırır, dəlilik təhlükəsini uzaqlaşdırır, cüzam xəstəliyinin qarşısını alır və sair. Bu tibb elminin kəşflərinin bir hissəsidir.

Nə vaxtsa elmin inkişafı nəticəsində namazı əvvəl vaxtda qılmağın, sədəqə verməyin, yaxınlar və qohumlarla ardıcıl ünsiyyətdə olmayın insanın uzun ömürlü olmasına, ruzili olmasına, mənəviyyatının nurlu olmasına və sair səbəblərin necə baş verməsinə olan bağlılıqlar inşaAllah kəşf ediləcəkdir.

 

4- Amma Allah Taalanın hökmlərindən nəyisə xoşlamaq və nəyisə xoşlamamaq insan üçün çox incə bir imtahan və sınaq meydanıdır.

Bəzən insan elə ibadətlər ya əməllər edir ki, onlar onun xoşuna gəlir, amma bəzən də əksinə olur. Məsələn: camaat namazlarında iştirak edir, gecələr gecə namazları qılır, ehtiyaclı insanlara kömək edir, ziyarətlərə gedir, elm öyrənir və sair. Amma nə üçün bunları edir? Çünki xoşu gəlir, həzz alır bu əməllərdən. Həm özü razıdır bu əməllərə, həmdə özünü başqalarına sevdirir.

Bəzən də insan elə bir hökmlə, hadisə ilə rastlaşır ki, öz şəxsi hörmətini təhlükədə görür, onun meyl və istəklərinə uyğun gəlmir. Əgər bunlara da xoşluqla itaət edərsə, bu adama Allah Taala yanında deyilir “BƏNDƏ”. Məlum olar ki, bu insan həqiqətən də Allah Taalanın bəndəsi və quludur.

Amma xoşu gəldiyi əməlləri edirsə və xoşu gəlmədiyi əməlləri etmirsə, üstəlik ona qarşı çıxırsa, Allah eləməsin, alimləri, imamları, peyğəmbəri belə inkar etməyə hazır olursa buradan məlum olur ki, bu insan mömin deyilmiş. Bütün illəri o öz meyl, həvəs və istəklərinə, başqa sözlə özünə ibadət və itaət edirmiş.

Lənətlənmiş İblis də ibadət edənlərdən idi. Altı min il ibadət etmişdi. O qədər ibadət etmişdi ki, yüksələrək mələklərin sıralarına daxil olmuş, sonralar isə hətta mələklərin pişnamazı olmuşdu. Ona bir dəfə deyildi ki, “Adəmə səcdə et!”, o bu əmri öz şəxsi hörmətinə, meyl və istəyinə zidd sandı və Allah Taalanın əmrindən çıxdı. Əgər İblis Adəmə səcdə etsəydi öz mövcud məqamını Allah Taala yanında daha da yüksəltmiş olacaqdı. Amma o bunu etmədi. Dedi: Mən bunu xoşlamıram, mən bunu qəbul etmirəm. Beləliklə də Allah Taalanın dərgahından qovuldu.

Deməli, bizlər çətin bir imtahan və sınaqdayıq. Əgər, Allah eləməsin, hansısa əməli xoşlamırıqsa, “mən bunu qəbul etmirəm” və sair yolla biz Allah Taalaya qarşı çıxmaqla üzbəüz oluruqsa, çalışaq ki, imanımızı və əqidəmizi gücləndirək, yəqinimizi artıraq, mənəviyyatımıza daha çox vaxt ayıraq. Özümüzü həmin əməlləri etməyə məcur edək.

Baxın, əgər birinin ata anası ona hər bir yaxşılıq edib və edirsə, həmin insan öz valideyninə ehtiram edirsə və bu ehtiram etməkdən həm özü həzz alırsa və həm də başqalarının onu tərifləməyindən xoşlanırsa bu həmin adamın özünün izzəti və hörməti əsasındadır. Amma əgər ata ana kasıb olduqlarından bunun üçün heç nə edə bilməyiblərsə və ya elə hərəkətlər etsələr ki, bunun xoşu gəlməyə o hərəkətlərdən, bununla yanaşı bu insan öz narahatlığını bildirməzsə, onlara “uff” belə deməzsə, yənə də onlara ehtiram və xidmət etməyə davam edərsə bax bu insan olacaq həqiqi “bəndə”.

Allah Taala həzrət Muhəmməd və ali-Muhəmməd xatirinə bizim hamımızı həqiqi bəndələrdən qərar versin!

baxılıb: 542 dəfə