Əxlaqi suallara cavablar

Ağıllı vəzir və işçi əxlaqı

Sual: Necə edək ki, işçilərimiz bizim müəssisənin qayğısına qalsınlar. Mallarımızın tələf olmasına etinasız olmasınlar?! Kifayət qədər də maaş veririk. Amma onlar bizim işlərimizə çox etinasızdırlar!!!

Cavab: Cavabın daha aydın olması üçün bir hadisəni nəzərinizə çatdırırıq:
Bir gün Dəməşq şəhərinin hakimi sarayın bağbanının edam edlilməsi ilə bağlı hökm verdi. Hakimin çox ağıllı bir vəziri var idi, bu xəbəri eşidən kimi hakimin yanına getmək və yazıq bağbanın canını ölümdən qurtarmaq qərarına gəldi. Vəzir bilirdi ki, bağban yaxşı insandır və ondan elə bir iş çıxa bilməz ki, onun edamı lazım ola. Mütləq burada bir anlaşılmazlıq var -deyə vəzir düşünürdü.
Vəzir hakimin yanına gəldi, hakimin kef əhvalını soruşduqdan sonra dedi: 
"Hakimin başı həmişə uca olsun! Ey hakim, bu qara bəxtli bağban hansı günaha düçar olmuşdur ki, belə bir acınacaqlı əzabı ona rəva görürsünüz?!"
Hakim qəzəbli baxışlarla vəzirə baxaraq dedi:
"Sənin qara bəxtli dediyin bu bağban ölməli adamdır. Artıq neçənci dəfədir ki, saraya oğru girir və hasarı tullanaraq qaçırlar, bu bağban isə onların dalınca qaçsa da onlara çata bilmir və onları tuta bilmir. Üç dəfəsini bağışlamışam. Amma indi mənə elə gəlir ki, bu bağban oğruları tutmaqda qəsdən maraqlı deyil. Nə bilmək olar, bəlkə də bu bağban da o oğruların dostu və bəlkə də onların şərikidir."
Hakimin sözlərini dinləyən vəzir gülümsəyərək dedi:
"Hakim sağ olsun! Nə sənin bu bağbanın və nə də başqa bağbanlar oğruları tuta bilməzlər. Və nə qədər oğruların dalınca qaçsalar da çata bilməyəcəklər.!
Hakim təəccüblə soruşdu:
"Axı nə üçün?"
Vəzir təmkinli təbəssümlə dedi:
"Axı bu bağban hakim üçün qaçır, amma oğrular özləri üçün qaçırlar!!!"
Vəzirin bu ağıllı sözləri hakimə xoş təsir bağışladı və hakim bağbanı əvf etdi.

Dostlar, əgər işçilər, ustalar, satıcılar... işlədikləri müəssisəni, mağazanı, firmanı, şirkəti... özününkü bilsələr, yəni onlarda işlədikləri yerə könüllü bağlılıq olarsa, onlar boyunlarında olan vəzifələrini layiqincə icra etməkdən əlavə çalışacaqlar ki, işlədikləri müəssisənin inkişafında, tərəqqisində, təmizliyində, əmlakının qorunmasında da maraqlı olsunlar...

baxılıb: 553 dəfə