Əxlaqi suallara cavablar

Namazı diqqətlə qılmaq və hüzuri qəlb tapmaq üçün nə etməli...?!

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Allah dərgahında namaz qəbul olarsa o biri əməllər də qəbul olacaqdır...” Əyanuş şiə 4-cü cild 440-cı səhifə

Deməli, insanın əməllərinin Allah Taala tərəfindən qəbul olmasının əsas səbəbi namazın qəbul olmasıdır.

Namazın qəbul olması üçün bəs nə lazımdır?!

Nə edək və ya necə edək ki, bizim qıldığımız namazları Allah Taala qəbul etsin?!

Qurani-Kərimin ayələrinə və eləcə də hədislərə əsasən, namazın qəbul olması üçün əsas şərt namazın diqqətlə, yəni “hüzuri-qəlb” (qəlbin Allah hüzurunda olmanı dərk etməsi) ilə olmasıdır. Hüzuri-qəlb iki əsas hissədən ibarətdir:

 “Xüzu” cismin Allah qarşısında təvazökarlığı

 “Xüşu” qəlbin diqqətinin Allaha tərəf yönəlməsi

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

اَن العبدَ لیُرفعُ لهُ مِن صلاتهِ نصفُها او ثلُثها او ربعُها او خمسُها و ما یرفعُ لهُ الّا ما اقبلَ علیهِ بقلبهِ

“İnsan namaz qıldıqda bəzən namazın ikidəbiri, bəzən isə üçdəbiri, dörddəbiri, beşdəbiri göyə qalxır. İnsanın namazının nə qədəri qəbul olursa həmin qədəri də göyə qalxır.”

Biharul ənvar 84-cü cild 238-ci səhifə

 

Namazı  “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün nə etməliyik.

1- Əvvəlcə bunu bilmək lazımdır ki, namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün zamana ehtiyac var. Əxlaq ustadları namazı hüzuri-qəlb ilə qılmağı xəttatlığa və rəssamlığa bənzədiblər. İnsan xəttatlıq və ya rəssamlıq sənətinə daxil olduqda elə ilk gündən gözəl xəttat və ya gözəl rəssam ola bilməz. Bunun üçün uzun zaman çalışmağa ehtiyac var.

2- Namazının müqəddimatına ciddi yanaşmaq lazımdır. Namazın müqəddimatı dedikdə dəstəmaz, azan, iqamə və sair əməllər nəzərdə tutulur. Dəstəmazı düzgün almaq, dəstəmaz alarkən dəstəmazın dualarını oxumaq, dəstəmazın fəlsəfəsi barədə düşünmək, bir azdan Allah Taalanın qarşısında duracağını dərk etmək və sair. Həmçinin hər vacibi namazı başlamamışdan əvvəl azan və iqamə oxumağın insanın hüzuri-qəlb, xüzu-xüşu ilə namazı qılmasına böyük təsiri var. Bundan başqa Namazın ədəblərinə riayət edin. Dişinizi təmizləyin, ətir vurun, Kərbala türbəsinə səcdə edin, təsbehiniz yanınızda olsun, təmiz geyinin...

3- Namaz qılmaq üçün münasib yer seçmək lazımdır. Səs-küylü yerlərdə, camaatın söhbətləri eşidilən yerlərdə namaz qılmaq insanın fikirini namazdan yayındırır...

4- Namaz üçün münasib vaxt seçin. Ən münasib vaxt namazın əvvəl vaxtıdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Namazın əvvəl vaxtının axır vaxtından üstünlüyü, axirətin dünyadan üstünlüyü kimidir.”

Namazı əvvəl vaxtında qılmaq insanın diqqətinin namazda olmasına və namazı hüzuri-qəlb ilə qılmasına çox böyük təsiri vardır.

5- Namazlarınızı çalışın ki, məscidlərdə, hüseyniyyələrdə və ya ziyarətgahlarda qılasınız. Xüsusilə də mənəvi cəhəti daha çox olan camaatla namaz qılın.

6- Namazı aramla qılın, tələsməyin. Namazda Fatihə surəsindən sonra hansı surəni oxuyacağınızı əvvəlcədən təyin edin. Namazın sözlərinin mənasını və şərhini öyrənməyə çalışın. Nə dediklərinizi başa düşün.

7- Namazda gözlərinizi o tərəf bu tərəfə baxmağa qoymayın. Çalışın qiyam halında olarkən möhürə baxasız, rükuda olarkən iki dabanınızın ortasına baxın, səcdədə olarkən burnunuza tərəf baxın, təşəhhüd halında möhürə və ya səcdə etdiyiniz yerə baxın, salamları deyərkən iki dizinizin ortasına və ya sinənizə baxın...

8- Qəlbinizi dünya sevgisindən və dünya işlərindən boşaldın və onu Allah secgisi ilə doldurun. Çünki insan nəyi ya kimi daha çox sevirsə əsas fikiri və qiqqəti onda olur. Deməli, insanın namazının kamil olması üçün həmin insanın əsl sevgisi Allaha olmalıdır...

9- Xəyal qüvvəsini cilovlamaq lazımdır. İnsan o qədər müxtəlif mövzularda xəyala dalır ki, zaman keçdikcə insan öz xəyal qüvvəsinə nəzarəti əldən verir. Özündən asılı olmadan və özü istəmədiyi mövzularda belə xəyala dalır. Ona görə də belə insanların fikirləri namazda o tərəf bu tərəfə yayılır. İnsan çalışmalıdır ki, xəyal qüvvəsinə nəzarəti yenidən ələ keçirmək üçün çalışsın. Bu işin üstünə qətiyyətlə və ciddi surətdə düşməlidir. Onda insan namazda öz fikir və diqqətini tamamilə Allaha tərəf yönəldə biləcək...

10- Allahın əzəmət və böyüklüyünü dərk etməli, öz kiçikliyimizi və Ona möhtac olduğumuzu dərk etməliyik. Əgər insan başa düşsə ki, kimin qarşısında dayanıb, Ondan başqasına meyllənməyəcək, diqqəti Onda olacaqdır. Bundan ötrü insan Allahı tanımalıdır. İman və Təqva ruhunu inkişaf etdirməlidir. Tövhid və Allahın ədaləti barədə elm və biliklərə malik olmalıdır...

11- Ölüm və Qiyamət günü barədə təfəkkür etmək insanın namazı hüzuri-qəlb və xüzu-xüşu ilə qılmasına böyük müsbət təsiri vardır. Bu barədə kitablar mütaliə etmək, Qurani-Kərimin ölüm və Qiyamət günü barədə ayələrini, həmçinin məsumların bu barədə hədislərini mütaliə edərək düşünmək lazımdır...

12- Namazın özü, təsirləri və bərəkətləri barədə məlumatınızı çoxaldın. Qurani-Kərimin namaza necə dəyər verdiyinə baxın...

13- Günah etmək namazda hüzuri-qəlbi bəzən azaldır, bəzən isə ümumiyyətlə yox edir. Buna görə günahlardan çəkinmək lazımdır. İnsan günahdan çəkildiyi qədər namaza yaxınlaşacaqdır...

14- Ağıllı və əxlaqlı dindar insanlarla dostluq edin. Hədisdə var ki, “Elə insanlarla dostluq edin ki, onlardan ətir (mənəviyyat) ala bilməsiniz də, ətirin iyini ala biləsiniz.”

15- Çalışın ki, əxlaq ustadınız olsun, ən azı əxlaq ustadları ilə rabitəniz olsun. Vaxtaşırı onların məsləhət və nəsihətlərindən faydalanın.

16- Namazlarınızı hüzuri-qəl ilə qıla bilməyiniz üçün, namazda fikrinizin yayaınmaması və namazdan ləzzət ala bilməyiniz üçün Allah Taalaya çoxlu dua edin.

baxılıb: 656 dəfə