Yeniyetmə əxlaqı

Arzular gecəsi

Rəcəb ayının birinci cümə gecəsinə "Leylətur-Rəğaib", yəni "arzular gecəsi" deyilir. Bu gecənin astanasında, yəni Cümə axşamı günü oruc tutmağın böyük savabı var.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Çünki mələklər bu gecəni "Leylətur Rəğaib" adlandırıblar. Bu gecəyə belə bir adın verilməsinin əsas səbəbi bundan ibarətdir ki, bu günün gecə yarısında göylərdə və yerdə elə bir mələk olmur ki, Kəbə ətrafına toplaşmaya. Həmin gecə bütün mələklər Kəbə evinin ətrafına toplaşırlar."
.
"Rəğaib" "rəğibə" sözünün cəm förmasıdır. Mənası isə hər hansı bir şeyə rəğbət göstərmək, nəyəsə meylli olmaq deməkdir. Bəzi hallarda isə “rəğibə” sözü vermək, bəxş etmək, əta və bağışlamaq mənasında da işlənir. Beləliklə də Rəğaib gecəsi – yəni ibadətə, bəndəçiliyə olan meylliliyin çox olduğu bir gecədir. ”Rəğayib gecəsi”, yəni Allah Taalanın dərgahına yaxınlaşmaq həvəsinin çox olduğu gecə. Başqa sözlə desək Allah Taalanın yaxşı bəndələrinin öz məbudları ilə sıx ünsiyyətdə olacağı gecədir bu gecə.
Amma "rəğaib"in ikinci mənasını nəzərə alaraq "Leylətur Rəğaib" - Allahın daha çox əta edib, bağışladığı bir gecədir bu gecə. Allahın layiqli və xalis bəndələri O müqəddəs Varlığın dərgahına gələrək, Onun əzəməti qarşısında böyük bəxşişlər, ənamlar və əfvlərə nail olurlar.
Rəğaib gecəsinin dəyərləri və fəzilətlərinə iki yöndən baxmaq olar:
.
Birincisi, bu gecənin məhz elə cümə gecəsi olduğu üçün bərəkətli və əzəmətli bir gecə olmasını nəzərə alaraq, bu gecədə müxtəlif dua, ibadət və ibadi əməllər nəticəsində yüksək məqamlar kəsb etmək mümkündür.

İkincisi, İslam dininə əsasən haram (ehtiramı daha çox) olan aylar vardır. Bu aylar Məhərrəm, Rəcəb, Zil-Qədə, Zil-Hiccə aylarıdır. Rəcəb ayı isə təqvimə əsasən haram ayların ikincisidir. Rəcəb ayı, İlahi rəhmət dayanmadan nazil olan bir ay kimi islam tarixində özünə xüsusi bir yer almışdır. Cümə gecəsinin fəzilətləri isə Rəcəb ayının savabını daha da çoxaldır.

.
Şeyx Abbas Qumi Məfatihul-Cinan kitabında bu gecənin fəziləti haqda yazır: 
"..... Rəcəb ayının ilk cümə axşamı günü oruc tut. (Axşam düşəndə isə, yəni) Cümə gecəsinə daxil olduğun zaman Şam və Xiftən namazları arasında 12 rükət namaz qıl. Bu namazın hər 2 rükətini yalnız bir salamla bitirirsən. (Yəni iki rükətli 6 namaz). Hər rükətdə 1 dəfə "Həmd"(FATİHƏ), 3 dəfə "İnna ənzəlnahu"(QƏDR) və 12 dəfə "Qul huvallahu əhəd"(İXLAS) oxuyursan. Hər iki rükətlik namaz bitdikdən sonra 70 dəfə "Allahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və əla alih" deyirsən. 
Namazları tam bitirdikdən sonra isə səcdəyə gedib 70 dəfə "Subbuhun Quddus Rəbbul Məlaikəti vər Ruh" zikrini deyirsən. Ondan sonra isə səcdədən qalxıb 70 dəfə "Rəbbiğfir vərhəm və təcavəz əmma təələm. İnnəkə əntəl Əliyyul Əzəm" deyirsən. Daha sonra isə yenidən səcdəyə gedib bir daha 70 dəfə"Subbuhun Quddus Rəbbul Məlaikəti vər Ruh" dedikdən sonra Allahdan istədiyin hər bir şeyi diləyirsən. İnşaAllah dilədiyin hər bir şeyə nail olarsan."
Allah Taala namaz və dualarınızı qəbul etsin, sizi arzularınıza qovuşdursun!

baxılıb: 412 dəfə