Yeniyetmə əxlaqı

İki mühüm məsələ

Cazibə və dafiə
Məhəbbət də digər duyğular kimi iki qütbə-müsbət və mənfi qütbə malikdir. Ola bilməz ki, insan bir şeyi xoşlayarkən, onun əksini də xoşlasın. İnsan əgər kamal və gözəlliklərə yetişməyi xoşlayırsa, şübhəsiz, günaha və naqisliyə qarşı nifrət bəsləyir, belə ki iman əgər bir şəxs tərəfindən istənilirsə, sözsüz ki, küfr və nifaq onun nəzərində pis görünür. Allah-təala buyurur:

 "Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır." («Hucərat»-7)

Deməli, nə vaxt məhəbbətdən söz düşsə, bu, o demək deyil ki, insan başdan-ayağa tam sülh tərəfdarı olub, hamını və hər şeyi sevməlidir. Mömin və əqidəli insan hamı ilə dostluq edə bilmədiyi kimi, hamıya qarşı da düşmənçilik edə bilməz. Demək, elə bir məhəbbət dəyərlidir ki, gözəllik və keyfiyyətlə əlaqədə olub bunların əksini özündən uzaqlaşdırsın.

 

Təvəlla və təbərra

Təvəlla və təbərra İslam dininin füruidin[1] bölməsinə aid olan hissələrdir. Elə buna görə də insan yaxşılıqlar və yaxşıları sevib, pislər və pisliklərlə mübarizə aparmalıdır.  Odur ki, Allah-təala Peyğəmbər(s)-in həqiqi ardıcıllarını vəsf edərək buyurur: 

"Mühəmməd(s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar  (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər." («Fəth»-29)

"(Ey peyğəmbər!)  Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun peyğəmbərinə qarşı çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini görməzsən.  Onlar elə kimsələrdir ki, Tanrı onların qəlblərinə iman yazmış və öz dərgahında onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir.)" («Mücadələ»-22)

"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar (kafirlər) sizə gələn haqqı («Quran»ı, Mühəmməd(s)-i) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. (Mehribanlıq göstərirsiniz) («Mümtəhinə»-1)

Buna görə də bu məsuliyyəti  öhdəsinə götürmüş möminlərdə həm ehtiram göstərmək, həm də etiraz etmək xüsusiyyəti olmalıdır. Hamının yanında hörmətli və mehriban olmaq istəyənlər isə münafiqdirlər. Bu barədə rəvayətlərdə də təkid olunur.  Rəvayətə görə Peyğəmbər(s) səhabələrdən birinə buyurur: 

-Ey Allahın bəndəsi! Öz dostluq və düşmənçiliyini Allah üçün, onun yolunda et! Dostluq və düşmənçiliyin  bu yolda olmalıdır, çünki başqa bir yolla Allah dərgahına yetişmək və imanın şirinliyini dadmaq olmaz. Bu gün nəzərlərin çoxu dünyəvi məqsədlər üzərində yaranmış dostluq və düşmənçiliklərə yönəlmişdir. Bu xırdalıqların Allah yanında heç bir dəyəri yoxdur.

Həmin səhabə soruşdu:

-Necə başa düşək ki, dostluğumuz və düşmənçiliyimiz Allah üçündür? Haradan bilək ki, Allahın dostu kim, düşməni kimdir? Əgər biz də bunu bilsək, onun dostu ilə dost, düşməni ilə düşmən olarıq?

Peyğəmbər(s) həzrəti-Əli(ə)yə işarə edərək buyurdu:

"Bunun dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir. Ona görə də atanın və övladının qatili olsa da, onun dostu ilə dost, atan və övladın olsa da, onun düşməni ilə düşmən ol."[2]     

Təvəlla və təbərra o qədər əhəmiyyətlidir ki, bəzi hədislərdə imanın ən əsas hissəsi hesab olunmuşdur.[3]       

Mədinə müsəlmanlarının “Qurani-Kərim”də həmişə təriflənən xüsusiyyətlərindən biri də budur ki, onlar mühacirləri imanlarına görə sevib, bu yolda onlardan heç bir şey əsirgəməyərək öz evlərini açıq ürəklə, səmimiyyətlə mühacirlər üçün hazırlayıb, gülərüzlə qarşıladılar. Bu barədə “Qurani-Kərim”də deyilir:

"Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Peyğəmbər(s)-ə qəlbən) iman gətirmiş kimsələr (ənsarlar)  öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.” («Həşr»-9) 

Əgər dostluq və düşmənçilik Allaha xatir olmazsa, davamlı olmayıb əksinə çevriləcəkdir. Başa düşmək lazımdır ki, belə dostluqlar həmişəlik ziyana səbəb olur. Allah-təala bu haqda buyurur ki, onlar qiyamət günü bir-birini lənətləyib düşmənçilik edərək təəssüflə deyərlər ki, kaş bu kəslə dost olmayaydıq:

"Müttəqilər müstəsna olmaqla o gün dostlar bir-birinə düşmən kəsiləcəklər". («Zuxruf»-67)

"Vay  halıma! Kaş filankəsi özümə dost etməyəydim." («Furqan»-28)

Ona görə də ey mömin bacı-qardaşım, çalış dostluq və düşmənçiliyin Allaha xatir olsun! Həmişə yaxşılar və yaxşılıqlarla dost ol, pislər və pisliklərlə mübarizə apar və Allahdan belə istə: "İlahi, məni bu dünyadan müsəlman aparıb, salehlərə qovuşdur".

 

[1] Füruidin bölməsi namaz, oruc, həcc, xüms, zəkat, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla və təbərra hissələri ilə məhdudlaşmır. Çünki islamın bütün əməli qanun-qaydaları istər ibadət olsun, istərsə də müamilə, cərimə və s. hamısı füruidin bölməsindəndir. (Etiqadi məsələlərin üsulidin bölməsindən olduğu kimi)  Deməli, füruidinin bu on hissədən ibarət olmasından məqsəd budur ki, bu on hissə füruidin bölməsinin sütunu və özülüdür. Bu on hissə füruidinin əsas prinsiplərindən olub hamısı da ibadət sayılır.

[2] «Biharül-ənvar», LXVI c, səh.236

[3] Həmin mənbə, səh.239

baxılıb: 26 dəfə