Yeniyetmə əxlaqı

İstəyirəm yaxşı dost olum

Demək olar ki, tənhalığa qapılmış birisiyəm, bir nəfər də olsa səmimi dostum yoxdur. Düzdür, axır vaxtlar ictimai insan olmaq üçün çox çalışmışam və tanışlarımın sayı çoxalmaqdadır. Ancaq bilmirəm ki, onlara özümü necə sevdirim və məni həqiqi dost seçsinlər, mənə etibar etsinlər.

.

Cavab:

Sizin ictimai insan olmaq və daha çox insanla ünsiyyətdə olmaq istəyiniz çox müsbət bir haldır. Bununla belə, özünüz dediyiniz kimi istədiyiniz nəticəni ala bilməmisiniz. Dostluq və yoldaşlıq münasibətlərinizdə aşağıdakı bir neçə sadə lakin mühüm incəliklərə diqqət etsəniz arxayın ola bilərsiniz ki, vəziyyətiniz yaxşıya doğru dəyişəcəkdir.

.

1- Şad və şən olun

Başqa insanlar kimi sizin dostlarınızın da kifayət qədər narahatlıq və çətinlikləri vardır, buna görə də fikirləşməyin ki, onları gördükdə bütün problem, giriftarçılıq və gərginlikləriniz barədə onlara danışmalısınız və onlar da hövsələ ilə sizə qulaq asmalıdırlar!!

Qətiyyətli və qüvvətli şəxsiyyət olmağa çalışın, özünüzə məxsus zarafatlarınızla gülərüzlülük və mehribanlığınızı cəmiyyətə təqdim edin. Bu hərəkətiniz həm ruhiyyənizi yaxşılaşdıracaq həm də sizi elə yeni dostlarla tanış edəcək ki, həyatın gündəlik çətinlikləri qarşısında ən yaxşı tərzdə sizin yanınızda olacaq və sizi tək qoymayacaqlar.

.

2- Qulaq asın. Həmişə yalnız siz danışmalı deyilsiniz

Qoyun onlar da əqidə, nəzər, problem, uğur, məğlubiyyət, narahatlıq, giriftarçılıq və maraqları barədə sizinlə danışsınlar. Bir az hövsələ, sükut və diqqətlə dinləmək bacarığı sizi başqalarına yaxşı dost edəcəkdir. Əlbəttə, əgər görsəniz ki, danışmaqda həddi aşır, ağ yalanlar deyir və ya əxlaqa zidd söhbətlər edir onda yuxarıdakı birinci qeyddən istifadə edin, özünüzə məxsus şuxluq və zarafatla söhbəti dəyişin yaxud tamamlayın.

.

3- Yeni dost tapanda xəsislik etməyin

Nə üçün yeni tapdığınız dostu dostlarınıza təqdim etmirsiniz? Yoxsa dostlarınızın ondan xoşları gəlməyəcəyini və ya yeni dostunuzun sizi onlarla dostluq etməkdən çəkindirəcəyindən ehtiyatlanırsınız?! Əgər siz möhkəm və sarsılmaz dostlara maliksinizsə arxayın olun ki, yeni dostunuzu köhnə dostlarınızla tanış etməklə halınız və ruhi vəziyyətiniz daha yaxşı olacaq. Baş verməmiş və bəlkə də heç vaxt olmayacaq pis hadisələri xəyalınızda canlandlrmaqla özünüzü nigaran etməyin.

.

4- Dilinizi ağzınızda saxlamağı bacarın

Dostlarınızdan heç kimin sirri barədə o birisinə danışmayın, çünki əvvəla bu hərəkət, yəni sirr açmaq əxlaq və mərdliyə ziddir, ikincisi adətən bu hallarda gec-tez sirrini saxlamadığınız adam sizin bu pis işinizdən xəbər tutur və o bir daha sizə etimad edib sirrini danışmayacaq, üçüncüsü başqaları da sizi sirr saxlaya bilməyən, əmanətə (söz əmanətinə) xəyanət edən adam kimi tanıyacaqlar. Bununla da siz öz səmimiyyət və etibarınızı sizi tanıyanların arasında itirmiş olacaqsınız. Nəticədə əsil uduzan və məğlub tərəf siz olacaqsınız. Dost tapmaq üçün illərlə əziyyətlər çəkilir, ancaq bir pis hərəkət və ədəbsizlik ilə bütün dostları bir gündə itirmək olur.

Odur ki, sirr saxlamağı baracın, heç kimin sirrini başqasına danışmayın. Bu işdə müstəsna hal yoxdur, birmənalı olaraq sirr saxlayan olun.

Allah Taala sizi müvəffəq eləsin.

baxılıb: 13 dəfə