Yeniyetmə əxlaqı

İbadət əxlaqı

Nə üçün namazda fikrimiz yayınır? Beş dəqiqəlik namaz bizə bir saatlıq kimi gəlir?
Cavab:
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
رُوِیَ عَنِ الصَّادِقِ عَلَیهِ السَّلَامُ قَالَ:
إِذَا قَامَ الْعَبْدُ إِلَى الصَّلَاةِ أَقْبَلَ اللَّهُ عَزَّ وَ جَلَّ عَلَیْهِ بِوَجْهِهِ فَلَا یَزَالُ مُقْبِلًا عَلَیْهِ حَتَّى یَلْتَفِتَ ثَلَاثَ مَرَّاتٍ فَإِذَا الْتَفَتَ ثَلَاثَ مَرَّاتٍ أَعْرَضَ عَنْهُ

"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa Allah Taala ondan üz döndərər"

Biharul ənvar 81-ci cild 241-ci səhifə
Vəsailuş şiə 7-ci cild 288-ci səhifə

Hədisin şərhi:
1- İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bu hədisin əvvəlində İmam buyurur:
"Allah Taala üzünü ona tərəf tutub ona baxar". Bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allah Taalaya tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər.
2- Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır. İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən məhrum olar. 
3- İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz döndərməz. Deməli insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni qırmaz. 
4- Allah Taala Öz bəndəsinə olduqca mehribandır. Üzünü bəndəsinə tərəf tutur, amma bəndəsi Ona etina etmir. Bununla belə Allah Taala üzünü ondan çevirmir. Bəndəsinə üç dəfə fürsət verir. Belə bir gözəl Allah Taalaya etina etməmək heç bir ağıl sahibinə başa düşülən deyil. 
5- İnsan əgər həqiqi bəndə olarsa namazda Allah Taaladan başqasına üz tutmaz, diqqəti yalnız sevimli Rəbbində olar. Hədisdə var ki, əgər insan namazını Allah Taaladan başqasına nəzər salmadan qılarsa bu namazın ilkin faydası bu olar ki, həmin insanın bütün kiçik günahları bağışlanar.
6- İnsanın namazda bütün diqqəti yalnız Allah Taala olmalıdır. Xəyal qüvvəsini dünya işləri barədə fikirləşməyə qoymamalıdır. Yəni, nə qədər ki, namaz qılırsan pulu, evi, maşını, alveri, gəzməyi... düşünmə. Bir neçə dəqiqəlik dünyadan uzaq ol və dünyanı unut.
7- İnsan namazda həqiqətən Allah Taala ilə üzbəüz ola bilərsə, həmin insan namazın tez qurtarmasını istəməz. Namazını tələsik və sürətlə qılmaz. 
8- İnsan namazda Allah Taalaya diqqət etmədiyi və Ona etina etmədiyinə görə bu namaz insana ağır gəlir. O namazı qılmağı özünə bir yük bilir. Namazı bitirdikdə elə sevinir ki, sanki bir ton yük götürmüş dəvədir ki, sahibi o yükü dəvənin üstündən götürdü.
9- İnsan namaz qılarkən Allah Taalanın ona olan nəzərinə etinasızlıq edirsə, bu iş həmin insanın qəlbində Allah Taalaya olan sevginin yoxluğu olmasa da azlığından xəbər verir. Təsəvvür edin, iki məşhur futbol komandası oynayanda 90 dəqiqə bizlərə 5 dəqiqə kimi gəlir. Amma namaz qılanda 5 dəqiqə bizə 90 dəqiqəyə bərabər olur.
10- İnsanın dualarının qəbul olmasının əsas şərtlərindən biri namazdır. İnsan namazına laqeyd yanaşırsa, Allah Taalanın ona üç dəfə nəzər salmasına etnina etmirsə, elə dünyadan yağışaraq qalıbsa, deməli dualarının qəbul olmamasında heç kimi günahlandırmamalı və Allah Taalaya şikayət etməməlidir.
11- Odur ki, Allah Taaladan istəyək ki, bizləri həqiqi namaz qılanlardan qərar versin. Necə ki, Aşura günü döyüşün ən çətin anlarında imam Hüsyen əleyhissalamın dostlarından olan Səid ibn Abdullah göyə baxırdı. İmam Hüseyn əleyhissalam buyurdu: "Ey Səid, nə olub?!" Səid dedi: "Ey Peyğəmbərin(s) övladı, zöhr namazının vaxtıdır."
İmam Hüseyn əleyhissalam buyurdu: "Nə yaxşı ki, xəbər verdin. Allah Taala səni namaz qılanlardan qərar versin."
Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd!

baxılıb: 121 dəfə