Yeniyetmə əxlaqı

Əxlaqlı insan heç vaxt heç kimə pislik etməz

Pisliklərə yaxşılıqlarla cavab verin.

Qurani-kərim 41-ci Fussilət surəsinin 34-cü ayəsində buyurur:

 

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ

 

“Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”

 

“Məkarimul əxlaq” duasında imam Zeynul Abidin əleyhissalam buyurur:

“İlahi, mənə elə bir tofiq və müvəffəqiyyət ver ki, məni söyən adama mən xoş sözlər deyim, mənimlə qohumluq əlaqəsini kəsən adamla mən sileyi-rəhm edim (əlaqə qurum), mənim dalımca danışan adamın ardınca mən yaxşı sözlər danışım…”

Bəli, dostlar, məşhur əxlaq və irfan ustadı Xacə Abdullah Ənsariyə əsasən  insanlarla münasibət üc cürdür.

1- İt kimi münasibət. Yəni, bir it o birinə hürən kimi o biri it də bu itə hürür. Biri o birini dişləyəndə o biri də bunu dişləyir. Əgər insan ona pislik edənə pislik edənə pisliklə cavab verirsə, məsələn, oğurluğa oğurluq ilə, qeybətə qeybət ilə və ya xəyanətə xəyanət ilə cavab veribsə, o adam itlərin adətini yerinə yetirib.

2- Ulaq kimi münasibət. Yəni, əgər bir adam ona yaxşılıq edən adama yaxşılıqla cavab verirsə bu adam elə də böyük hünər etməmişdir. Bir ulaq başqa bir ulağın yanına gəlir və dişləri ilə o biri ulağın çiynini qaşıyır. O biri ulaq da bu xidmətin qarşılıqlı əvəzi olaraq bu dişləri ilə bu biri ulağın çiyinlərini qaşıyır. Yaxşılığa yaxşılıq etməyin lazım olduğunu ulaq da bilir.

3- İnsan kimi münasibət. Pisliyə yaxşlıq ilə cavab vermək əsil insani rəftardır. Həqiqi insanlıq zirvəsinə yetişməyən adamlar bu hünər və fədakarlıqdan məhrumdurlar.

baxılıb: 727 dəfə