Yeniyetmə əxlaqı

Əxlaqlı şəxs insanlara ehtiram edən və özünü camaatdan üstün saymayanlardır.

Yadımızda olsun ki, özünü "hər şey" , başqalarını isə "heç nə" hesab edənlər Cənnətin iyindən belə məhrum qalacaqlar. Çünki "təkəbbür edən" hər bir şəxs insan vücudunda olan şeytandır.

Allah Taala o zaman, yəni insanı yadarkən bütün mələklərə əmr etdi ki, Adəmə səcdə etsinlər. Hamı səcdə etdi, İblisdən başqa.
Allah Taala Bəqərə surəsinin 34-cü ayəsində buyurur:

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

 "Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, təkəbbürlük edərək (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu."  

 Allah Taala səcdədən imtina etmiş İblisi Öz "yaxınlıq dərgahı"ndan qovdu;

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

"(Allah) buyurdu: “Oradan (yaxınlıq dərgahımdan) çıx. Sən qovulmuşsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!) (Hicr surəsi 34-cü ayə)

Adəmə səcdədən məqsəq təbii ki, "itaət səcdəsi" deyildi. İtaət səcdəsi yalnız Allaha məxsusdur.
Adəmə səcdənin məqsədi "ehtiram səcdəsi" idi. 
Deməli, İblis, insana ehtiram etməkdən imtina etdi, səbəbi isə onun təkəbbürlüyü idi:

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ
قَالَ أَنَا خَيْرٌ مِنْهُ

"Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm)." (Sad surəsi 74, 75 və 76-cı ayələr.

Deməli, başqalarına yuxarıdan aşağı nəzər salan insan, başqalarını ikinci dərəcəli hesab edən insan, başqalarını özündən alçaq bilən insan, başqalarına İblisanə gözlə baxan insan həqiqətdə Allah Taalanın "yaxınlıq dərgahı"ndan qovulmuş kəsdir. Belə bir mənfi düşüncə tərzinə malik olan və insanlara nifrət gözü ilə baxan adam hətta namaz qılan, oruc tutan, Quran oxuyan, gücələri oyaq qalan... olsa belə Cənnətin iyindən məhrumdur.
Bəli, belə bir insan yenidən Allah Taalanın "yaxınlıq dərgahı"na yüksəlmək istəyərsə, xalisanə və səmimi qəlbdən tövbə etməli, insanlara dəyər verməli və onlara ehtiram etməlidir. 

baxılıb: 548 dəfə