Yeniyetmə əxlaqı

Niyyətlərimiz saf olsun

Hər bir işin keyfiyyəti və aqibəti insanın niyyətindən asılıdır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال صلى الله عليه وآله  الدنيا مزرعة الآخرة

"Dünya axirətin əkin yeridir."
Əvaliul-ləali 1-ci cild 267-ci səhifə

Deməli, bu dünyada əkdiklərimizi axirətdə biçəcəyik.
Axirətdə daha gözəl əməl məhsulunu biçmək üçün bu dünyada gözəl əməllər etməliyik, məhsulumuzun zay və tələf olmasına, çürüməsinə, xarab olmasına yol verməməliyik.
Hamının evində və ya həyətində gül-çiçəklər, ağaclar var. 
Təbii ki, hamınız o ağac və gülləri suvaranda onlara şirin su verirsiniz, şor su vermirsiniz. Şor su ağacların və güllərin çoxunu qurudur, çürüdür.
İnsanın etdiyi əməllər və gördüyü işlər də əkdiyi Ağac və Güllər kimidir. 
Hədislərə əsasən insanın Əməl ağacı NİYYƏT ilə sulanır və suvarılır.
Əgər insanın niyyəti saf və xalis olarsa, yəni əməllərimiz Allaha xatir olarsa şirin su kimi onun Ağac və Güllərini (əməlini) yamyaşıl, təravətli və ətirli edəcəkdir.
Amma əgər insanın niyyəti pis, qarışıq və bulaşıq olarsa, yəni niyyətdə riyakarlıq, şəxsi mənafe, dünyapərəstlik, özünü başqalarına göstərmək ... olarsa şor su kimi onun Ağac və Güllərini solduracaq və qurudacaqdır.
Bu dünyada saf niyyətli olan şəxslər Qiyamət günündə əməllərini daha çox və gözəl görəcəklər.
Amma bu dünyada niyyətləri saf olmayan, əməllərini nəfsani məqsədlər üçün edənlər isə Qiyamət günü əməllərini xarab və yararsız görəcəklər.
Hədislərdən birində Peyğəmbərimiz (s) buyurur:

" “Şübhəsiz, sizin üçün qorxduğum şey kiçik şirkdir. Soruşdular ki, ey Allahın Rəsulu, kiçik şirk nədir? Buyurdu: «Riya. Allah-təala qiyamət günü bəndələrinin mükafatını verən zaman riyakarlara belə xitab edər: Gedin ibadət etdiyiniz şəxslərin yanına! Görün, əməllərinizin mükafatını onlardan ala biləcəksinizmi?!"

Elə isə gəlin niyyətlərimizi xalis və saf edək, etdiyimiz əməlləri yalnız Allah Taalanın razılığını qazanmaq xatirinə edək...

baxılıb: 545 dəfə