Evlənmək və ailə əxlaqı

Mənəvi Boşanmaq və ya Ruhi Təlaq

Evlənmək və ailə qurmaq insan həyatının ən ali və ən müqəddəs mövzularındandır. Bu istək Allah Taala tərəfindən hər bir insanın fitrət və təbiətində qoyulmuşdur. Allah Taala Qurani-Kərimin 35-ci Fatir surəsinin 43-cü ayəsində buyurur: فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ فَلَن تجَدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَ لَن تجَدَ لِسُنَّتِ اللَّهِ تحَوِيلا “Məgər onlar keşmişdəkilərin həyat qanunlarından başqa bir şeyi özlərindən gözləyirlərmi?! Sən Allahın (insanlar üçün qoyduğu) həyat qanunlarında əvəzlənmə görməyəcəksən, eləcə də Allahın (həyat qanunları olan ilahi) sünnətlərində dəyişiklik tapmayacaqsan.”

Həyatda hər bir şeyin bəlası olduğu kimi, təəssüf ki, evliliyin də bəlası vardır. O da boşanmaqdan ibarətdir. Boşanmaq həyatın ən xoşagəlməz hadisələrindən sayılır. Tarix boyu hər bir cəmiyyət boşanmanın azalması üçün səylər göstərmişdir və bu səylər bu gün də davam etməkdədir.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ابغض الحلال عند الله الطلاق

“Allah yanında halalların ən xoşagəlməzi boşanmaqdır”

əl-Qəvaid vəl-Fəvaid 1-ci cild 399-cu səhifə (müəllif: Şəhid Əvvəl)

 

Boşanmaq (Təlaq) evliliyin, yəni müştərək ailə həyatının dayandırılması və ərlə arvadın bir birindən ayrılmasına deyilir. Boşanmaqdan sonra kişi və qadın hər ikisi yenidən təklik zamanını yaşamağa məhkum olunurlar.

İndiki zamanda bir sıra dünya ölkələri kimi Azərbaycana da boşanmağın (təlaqın) yeni növü ayaq açmışdır. Buna biz “mənəvi boşanmaq” və ya “ruhi təlaq” deyirik.

Mənəvi Boşanmaq və ya Ruhi Təlaq nədir?!

Evli olan kişi və qadın arasında baş verən ixtilaflar bəzi hallarda rəsmi boşanmaq ilə nəticələnir. Bəzi hallarda isə rəsmi boşanmaq baş vermir, amma ailədə kişi və qadın bir birlərinə yad kimi, bir birlərinə heç bir əlaqə və rəgbət olmadan yaşamağa davam edirlər. Ailədə qadın və kişi fiziki, cismi surətdə müştərək yaşasalar da, duyğu və qarşılıqlı istəklər sıfıra enmişdir. Ailənin belə bir vəziyyətə düşməsinin, yəni rəsmi boşanmanın deyil, ruhi boşanmaının baş verməsinin müxtəlif səbəbləri vardır. O cümlədən:

1- Boşanmanın qorxulu olduğunu və boşananların bir çoxlarının ağır həyat tərzi keçirmələrini görməklə, həmçinin bir çox boşananların boşanmaqlarından təəssüf hissi kieçirdiklərini eşitməklə... rəsmi boşanmaqdan qaçırlar və ailə həyatını adla da olsa davam etdirmək qərarına gəlirlər.

2- Tək qalmaq qorxusu rəsmi boşanmağa mane olan başqa bir səbəbdir. İstər kişi istərsədə qadın özünün ayrılandan sonra tək necə yaşayacağı barədə düşüncələrə dalmaqla özlərində ruhi vəhşət yaradırlar, bununla da təh yaşamaqdan vahimələnərək bir evdə yaşamağa davam etmək qərarına gəlirlər.

3- Övladlarının atasız və ya anasız qalacağına dözə bilməyəcəyini düşünərək rəsmi təlaqa getməmək və övladlarına görə birlikdə fiziki yaşayışı davam etdirmək qərarına gəlirlər.

4- Qohumların, yaxınların və dostların nigaran olacaqlarını, bunların barəsində pis düşünəcəklərini, onların gözündən düşəcəklərini nəzərə alaraq rəsmi boşanmaqdan imtina etmək və mənəvi təlaqa razı olmaq qərarına gəlirlər.

 

Çarə yolları.

1- Əvvəla onu deyək ki, rəsmi boşanmağa getməmək əslində özü bir uğur və müvəffəqiyyətdir. Həmçinin ailədəki ixtilaflara son qoyulması üçün tutarlı səbəblərin olmasından xəbər verir.

Ailənin istər rəsmi boşanmadan istər qeyri-rəsmi boşanmadan uzaq olması üçün hər şeydən əvvəl ailə qurmaq istəyən insanların ailənin mahiyyəti barədə məlumatları, həmçinin məqsədləri və hədəfləri olmalıdır. Əsasən istisadi, ictimai və mədəni problemlərdən doğan ixtilaflar zamanın keçməsi ilə və tədriclə aiələyə mənfi təsirini qoyur, kişi və qadın arasında soyuqluq yaradır. Əslində ailədə hansısa ixtilafın olması labüddür, amma əsas məsələ bu ixtilafların müddətini uzanmağa qoymamaq və onu kinə çevirməməkdir. Kin saxlamaq qəlbi daşlaşdırır, insanın qəlbində rəhm və mərhəmət hissini öldürür. İxtilaflara son qoymağa tələsmək lazımdır. İxtilafların uzanmasına imkan vermək olmaz. Ailədə ixtilafları həll edə bilmədikdə və zamanın keçməsi ilə qarşılıqlı meylsizliyin dərinləşməsini gördükdə psixoloqa və ya axlaq ustadlarına müraciət etmək lazımdır. Ailədəki soyuqluğa son qoymaq və yenidən xoş, şad və xürrəm həyata qayıtmaq üçün səy gösrətmək lazımdır.

 

2- Ailələrin təxminən 60 faizinin ən mehriban vaxtları nişanlılıq dövrü və ya evliliyin ilk 3 ilində baş verir. Çalışmaq lazımdır ki, həmin şad yaşanılan zamanın həyat qanunlarını qoruyub saxlaya bilək. Əgər saxlaya bilməmişiksə və ailədə soyuqluq yaranmışdırsa həmin zamanları xatırlamaq və o zamanların qarşılıqlı mehribançılığa səbəb olan epizodlarını yenidən icra etmək lazımdır. Təbbi ki, müasir zamana və bu yaşa uyğun tərzdə. Ailədə mehribançılıq yaratmaq və küsülülüyün uzanmasına yol verməmək həm kişinin həm də qadının vazifəsidir.

İmam Hüseyn əleyhissalam buyurur:

“İki küsülü və iki ixtilaflı insan arasında ən birinci barışmağa addım atan şəxs Cənnətə daha tez daxil olacaq.”

Deməli, barışmaq xatirinə güzəştə getmək alçalmaq və ya sınmaq demək deyil, əksinə baş ucalılıq, comərdlik və həqiqi insanlıqdır. Cənnəti daha asan yolla qazanmaqdır.

 

3- Elm və bilik ailənin təməlinin möhkəm olmasının əsas zaminlərindəndir. Qadın və kişi özünü tanıma və əxlaq mövzusunda, həmçinin  ailə əxlaqı barədə əsərlər və kitabları mütəmadi olaraq mütaliə etməli, eləcə də o kitabları evdə saxlamalıdırlar. Hər müddətdən bir həmin kitabları təkrar oxumalıdırlar. Bu yolla ailədə ixtilaf və soyuqluqlara daha tez qalib gəlmək və ailəni yenidən isti ocağa çevirmək mümkündür.

 

4- Kişi və qadın bir-birlərini qəbul edərək evlənmişlərsə, deməli bir-birlərinin xasiyyətlərini də qəbul etmişlər. Buna əsasən onlar bir-birlərini başa düşməli və həmin xasiyyətlər özünü biruzə verdiyi zaman hər biri qarşı tərəfi dərk etməyi bacarmalıdır. Həmçinin əvvəllər bir birinizi həmin xasiyyətlərlə birlikdə qəbul edib sevdiyiniz kimi yenidən özünüzü əla alın və şeytani vəsvəsələrdən uzaq olun.

Həmçinin bir birinizdən aldığınız bəhrə, fayda və yaxşılıqları unutmayın.

Allah Taala Qurani-Kərimin Nisa surəsinin 21-ci ayəsində ailədə ixtilafda olan kişi və qadına buyurur:

وَ قَدْ أَفْضىَ‏ بَعْضُكُمْ إِلىَ‏ بَعْضٍ

“... axı siz bir birinizdən kifayət qədər bəhrələnmisiniz...”

Bəli, nə üçün yaxşılıqları unudursunuz?!

İxtilaf və küsülülük olanda bir birinizdən götürdüyünüz faydaları yadınıza salın.

 

 

5- Kişi və qadın bir birinin səhv və xətalarını bağışlamağı bacarmalıdırlar. Ailənin ruhi boşanmaya məruz qalmasının səbəblərindən biri olan “səhv və xəta” zamanında bundan doğan narazılığı mərdlikdə keçmək lazımdır. İnsan elə bir varlıqdır ki, həyatda səhv və xəta etməsi labüddür. Bir səhvə və bir xətaya görə illərlə bir evdə yad kimi yaşamağa razı olmaq daha böyük səhv və xətadır. İnsan bağışlamağı bacarmalıdır.

Qurani-Kərim Nur surəsinin 22-ci ayəsində buyurur:

وَ لْيَعْفُواْ وَ لْيَصْفَحُواْ  أَ لَا تحُبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكمُ‏ْ

“Bir birinizi bağışlayın, əvf edin və bir birinizə güzəşt edin. Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi?!”

Bax bu ayəni hər bir insan daimi yadında saxlamalıdır. Əgər insanlar bu ayəyə əməl etsələr dünyada insanlar arasında küsülülük və ixtilaf yox olar, ailə həyatı mehriban və isti bir ocağa çevrilər.

Allah Taala həzrət Muhəmməd və ali Muhəmməd xatirinə bütün ailələri mehriban və xoşbəxt etsin. İxtilaflı insanlar tez bir zamanda barışsınlar.

baxılıb: 1048 dəfə