Evlənmək və ailə əxlaqı

Nişanlılıq dövrü və 6 səhv addım

Ailə qurmaq hər bir ağıllı insanın fitri istəyidir. İnsanlarda bu istək olmasaydı insan nəsli tədriclə yer üzündən silinərdi. Ailə qurmaq üçün layiqli və əxlaqlı şəxsi tapdıqdan sonra atılan ilk addım elçilikdir. Elçilikdə razılıq əldə edən qız və oğlan evlənmək üçün ilk rəsmi addımı atmalıdırlar. Azərbaycanda ona nişan mərasimi, naişandan toya qədər olan zamana isə nişanlılıq dövrü deyilir.

Əslində nişanlılıq dövrü qız ilə oğlan arasında gələcəkdə qurulmasını nəzərdə tutduqları ailə həyatının sağlam və xoşbəxt olması üçün layihələr üzərində işləmək üçün ən gözəl fürsətdir.

Onu da deyək ki, nişanlılıq dövründə qarşılıqlı münasibətlərdə hansı problemlərlə üz üzə olacaqlarsa bu problemlər təbii ki, gələcək ailə həyatına da birbaşa təsir edəcəkdir.

Hətta bəzi hallarda bu problemlər o qədər çox olur ki, nişan pozulur və gənclər bir birləri ilə dil tapa bilmədiklərinə görə ayrılmalı olurlar.

Buna görə də nişanlılıq dövrünün daha çox həssaslığı vardır.

Siz burada qız ilə oğlan arasındakı münasibətlərə xələl gətirə biləcək altı səhv addım ilə tanış olacaqsınız. Bu altı səhv addımdan uzaq olmaqla siz gələcək ailə həyatınızın sevgi və məhəbbət dolu bir həyata çevrilməsinin əsasını qoymuş olursunuz.

1- Tənqid etməkdən uzaq olun.

Hamınız eşitmisiniz ki, yerində və dəyərli tənqid çox faydalıdır. Bu məsələ hər yerdə və hər kəslə əlaqədar yaxşı şeydir, təkcə nişanlınızdan başqa. Nişanlınız sizin həmkarınız deyil ki, onun səhvlərini aşkara və ciddiliklə ona xatırladasınız. Nişanlı və həyat yoldaşı barədə tənqid olmur, yalnız təklif, istək və arzu vardır.

Hətta siz onu tənqid etmək lazım olan bir yerdə, məsələn, nişanlınızın hazırkı geyimi xoşunuza gəlmədikdə ona deyin “bu paltarın da qəşəngdir, amma dünən (ya keçən dəfə və sair) geyindiyin paltar daha qəşəng idi və sənə daha çox yaraşırdı.”

Tənqid yerində bu cür davranmaq sizin tənqid zamanı sizə lazım olan ciddiliyi qətiyyən azaltmır, əksinə sizin belə bir tənqid üsulundən istifadə etməyiniz daha təsirli olur. Çalışmalısınız ki, bu növ tənqid etməyi həyatınız boyu davam etdirəsiniz. Həmdə yadda saxlayın ki, nişanlınızla adətən ümumi mövzularda söhbət edəsiniz, xırdalıqlara varmayasınız. Məsələn, siz nişanlınıza “keçən dəfə anamın ad günü idi sənsə gəlmədin, bir həftə sonra bacımın övladının 5 yaşı tamam olur bu da yadından çıxmasın ha” demək əvəzinə, ona belə deyin “bizim ailə münasibətlərə daha çox önəm verir, lütfən işlərini elə qur ki, bacımın övladının ad gününə bizdə ola biləsən.”

Gördüyünüz kimi birinci cümlədə nişanlınız belə bir hiss keçirəcək ki, siz onun hərəkətlərini izləyir və onu danlayırsınız, amma ikinci cümlədə nişanlınız belə bir hiss keçirəcək ki, siz onun ailəsinə daxil olma ərəfəsindəsiniz və bu heç də çətin olmayan bir iş olmaqla yanaşı həm də sizin xeyirinizədir.

 

2- İşləməyinizi heç vaxt bəhanə etməyin.

Sizin gələcək həyat yoldaşınız ona daha çox diqqət ayırmanızı istəyir. Aranızdakı tanışlığın daha geniş vüsət alması və bir birinizin əxlaqı ilə tanış olmaq üçün görüşlərə ehtiyac vardır. Bu vaxtlarda siz nişanlınıza vaxt ayırmaq əvəzinə hər dəfə ona “mənin dostlarla vacib görüşüm var”, “işlərim çoxdur”, “şəxsi işlərim var” kimi sözləri bəhanə etməyinizlə irəliyə yəni ailə həyatı qurmağa dair heç bir müsbət addım atmamış olursunuz.

 

3- Geyiminizə fikir verin.

 Sadə geyinmək çox bəyənilən bir işdir. Amma bilmək lazımdır ki, sadə geyinmək heç də dağınıq və pinti olmaq demək deyil. Nişanlınız sizi bəzənmiş və gözəl görmək istəyir. Bu heç də hər görüşdən əvvəl bütün günü bəzənməyə sərf etmək mənasında deyil. Amma bununla belə nişanlınızın sizi gözəl görmək istəyini də nəzərdə saxlayın. Özünə baxmaq təkcə nişanlılıq zamanı yox, həm də evləndikdən sora həmişə riayət edilməsi vacib olan mövzulardandır.

Deməli, bunu heç vaxt unutmayın, nişanlınız sizə bunu deməsə belə bilin ki, o sizi bəzənmiş və özünə baxan halda görmək istəyir. Bu hətta o qədər mühümdür ki, gələcək ailə həyatınızda sizin aranızda narazılıq yarada və aranızı soyuda bilər.

 

4- İzləmək barədə düşünməyin.

Gələcək həyat yoldaşınızın görüşlərini, getdiyi yerləri, telefon danışıqlarını və sairi izləməyin. Bunların çox xırdaçılıqlarına varmayın, onu  sual cavaba tutmayın, əgər onunla nişanlılığa son qoymaq istəmirsinizsə.

Sizin nişanlınız da sizin kimi ağıllı bir şəxsiyyətdir, ünsiyyət rabitələrini düzgün qurmağın yolunu bilir. Buna görə də onu öyrətməyə çalışmayın, kimlərlə nələr danışması barədə soruşmayın. Evlənmək heç də nəzarətsizlik, eləcə də həyat yoldaşınızı daimi nəzarət altında saxlamaq mənasında deyil. Həyat yoldaşınızdan daima hesabat tələb etmək və onu ictimai həyatdan məhrum etmək haqqınız yoxdur.

 

5-  Yeni ailə (nəsil) ilə ünsiyyətdən çəkinməyin.

Təbiidir ki, nişanlandığınız ilk günlərdə siz nişanlınızın qohumları tərəfindən təşkil olunan qonaqlıqlarda iştirak etməli olacaqsınız və bu zaman nişanlınızın qohumları (xala, bibi, əmi arvadı və sair) sizi dərindən süzəcəklər. Yeni qovuşduğunuz ailənin (nəslin) belə həssaslığı heç də sizi narahat etməsin, bu tamamilə təbii bir haldır. Siz həmin qonaqlıqlara çağırıldığınıza görə qətiyyən nişanlınızı danlamayın, ona kobud sözlər deməyin. Hətta içinizdə narazılıq olsa belə onu üzə çıxarmayın. Nişanlınız öz qohumlarının sizi ürəkdən qəbul etdiyini, həmçinin sizin də onun qohumları ilə rabitə qurmaqdan xoşlandığınızı hiss etmək istəyir.

Bundan əlavə yadınızdan çıxartmayın ki, hər ailənin (nəslin) özünəməxsus adət və ənənələri olur, buna görə də siz onları qulaq ardına vura bilməzsiniz. Yoxsa nişanlınızı qohumlarının yanında utandırmış olacaqsınız, belə ciddi şeylərdə qəlbə girmiş inciklik heç də tez bir zamanda qəlbdən silinə bilmir. Həftədə bir neçə saat çətin qanunlara dözmək heç də çətin iş deyil, xüsusilə də sevdiyiniz və bir ömür yaşamaq istədiyinizin xətrinə olanda. Elə deyilmi?!

 

6- Nişanlınızı qısqanc olmağa vadar etməyin.

Adətən belə təsəvvür edilir ki, qarşı tərəfin sizi daha çox istəməsi üçün onu qısqanc etmək lazımdır. Ondan uzaq gəzməklə, bir neçə gün qəsdən telefonu söndürməklə və sair. Amma inanın ki, bu tamamilə yanlış bir addımdır. Bəli, bir müddət bu variant sizin xeyirinizə işləyə bilər, amma sonra sizin başınıza böyük bir bəlaya çevriləcəkdir. Nişanlınız sizin bu hərəkətlərinizdən ruhən yorulacaq, aranızdakı rabitə tədriclə soyuyacaq...

Sizin rabitəniz qarşılıqlı anlaşma şəaitində davam etməlidir. Bir birinizin ardınca qaçmaq lazım deyil, həmçinin özünüzü daha çox istəkli etmək üçün süni yollardan istifadə etməyiniz lazım deyil.

Nişanlınızı qısqanc etmək səyləriniz sizin əleyhinizə olan bir addımdır.

Bunun əvəzində çalışın onu alqışlamaq və tərifləməklə nişanlınızın sizə olan ümidlərini artırasınız.

Allah Taala sizi həzrət Muhəmməd və ali-Muhəmməd xatirinə xoşbəxt eləsin!

baxılıb: 1771 dəfə