Evlənmək və ailə əxlaqı

Ən yaxşı həyat yoldaşı və ən yaxşı ana

Bu gün (10 rəbiul-əvvəl) peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd (s) ilə xanım Xədicənin (ə) evləndikləri gündür.

Xanım Xədicə bir çox əxlaqi və tərbiyəvi üstünlüklərə malik qadın olmuşdur. Bu üstünlük və fəzilətləri iki qismə bölmək olar.

1- Həzrət Muhəmməd (s) ilə evlənənə qədər malik olduğu üstünlüklər

.

Həzrət Xədicə yaşadığı Məkkə şəhərinin qadınları içində bir çox xüsusiyyətlərdə üstünlükləri ilə tanınırdı, o cümlədən; hamıdan həyalı və ismətli idi, qadınların ən gözəli və yaraşıqlısı idi, səxavətli və rəhimli idi, fəsad və əxlaqsızlığın yayıldığı bir zamanda xanım Xədicə paklıq, mənəvi təmizlik və daxili saflığa malik idi...

Xanım Xədicənin malik olduğu kamillik və mükəmməliyinə görə  elçilərin sayı çox idi, o vaxtın az qala bütün tanınmış şəxsləri xanım Xədicəyə elçi gəlmişdilər. Tarixi sənədlərə əsasən o zaman Məkkənin böyükləri kimi tanınanlardan Əbu Cəhl, Əbu Sufyan, Üqbə, Sələt və başqaları xanım Xədicə ilə evlənmək istəmiş, bu məqsədlə elçi gəlmiş lakin xanımdan rədd cavabı almışdılar. Çünki onların heç biri həzrət Xədicənin nəzərdə tutduğu meyarlara uyğun gəlmirdilər.

Buna görə də xanım Xədicə özünə layiq olan kişini hələ tapmadığına görə subay qalmışdı. Bu xanımın həzrət Muhəmmədə (s) qədər guya iki dəfə ərdə olması xanım Xədicəyə atılan böhtanların az bir hissəsidir. Ona “əvvələr iki dəfə ərdə olub” töhməti vurmaq başqalarını ucaltmaq məqsədi daşımışdır. Halbuki bir çox tarixçilər və alim tədqiqatçılar, o cümlədən; Əbul-Qasim Kufi, Əhməd Bəlazəri, Ələmul-huda, Şeyx Tusi, İsmail ət-Təmimi, İbn Şəhr Aşub, İbn Hatəm əl-Şami, Murtəza Amili və başqaları xanım Xədicənin bakirə və subay olduğunu, həmçinin həzrət Muhəmməd (s) ilə evləndiyi zaman xanım Xədicənin 25 yaxud 28 yaş olduğunu bildiriblər.

Əhli-sünnənin dahi alimlərindən olan Beyhəqi yazır:

بلغت خدیجة خمسا وستین سنة، ویقال: خمسین سنة، وهو أصح 

“... bəziləri deyiblər ki, Xədicə 65 yaşında vəfat edib. Amma bəziləri də deyiblər ki, Xədicə 50 yaşında vəfat edib və bu söz daha doğrudur.”
Dəlailun Nubuvvə 2-ci cild 71-ci səhifə (müəllif: Əbu Bəkr Əhməd əl-Beyhəqi, vəfatı 384 hicri)

Həmçinin əsərinin başqa bir yerində yazır:

أن النبی تزوج بها وهو ابن خمس وعشرین سنة قبل أن یبعثه الله نبیا بخمس عشرة سنة

“Həqiqətən Peyğəmbər(s) besətdən (peyğəmbərliyə seçilmə zamanından) on beş il əvvəl iyirmi beş yaşında ikən evlənmişdir.”
Dəlailun Nubuvvə 2-ci cild 72-ci səhifə (müəllif: Əbu Bəkr Əhməd əl-Beyhəqi, vəfatı 384 hicri)

Beyhəqinin sübutlarına əsasən Xədicə besətin 10-cu ilində vəfat edəndə 50 yaşı vardısa və besətdən 15 il əvvəl evləniblərsə deməli xanım Xədicənin həzrət Peyğəmbər ilə evlənəndə 25 yaşı olmuşdur.

Əhli-sünnənin məşhur alimlərindən olan Əbdul Həyy Hənbəli yazır:

و رجح کثیرون أنها ابنة ثمان وعشرین

“Tarixçilərin əksəriyyətinə əsasən xanım Xədicə iyirmi səkkiz yaşında ikən Peyğəmbərə(s) ərə gəlmişdir”
Şəzəratuz zəhəb fi əxbari min zəhəb 1-ci cild 14-cü səhifə (müəllif: Əbdul Həyy ibn Əhməd əl-Hənbəli, vəfatı 1089 hicri)

Həzrət Muhəmmədin (s) düzlüyü, əmanətdarlığı, paklığı və gözəl əxlaqı hamının dillər əzbəri olmuşdu, bu xəbər xanım Xədicənin qulağına çatdıqda Nəfisə adlı qadını həzrət Muhəmmədin (s) sorağına göndərərək onunla ticarət sahəsində iş birliyi yaratmaq istəyində olduğunu və bu məqsədlə görüşmək istədiyini bildirdi. Həzrət Muhəmmədin (s) sevimli əmisi Əbu Talibin də iştirak etdiyi o görüşdə bu işə razılıq verildi. Həzrət Muhəmməd (s) ilə xanım Xədicə arasında müzaribə (şərikli iş birliyi) razılığı əldə edildi. Həzrət Xədicə öz qulamını da həmin karvana qoşdu ki, həzrət Muhəmməddən (s) gördüyü bütün işləri qayıdanda xanım Xədicəyə xəbər versin. Həmin karvan böyük uğur və qazanc ilə Məkkəyə qayıtdı.
Xanım Xədicənin araşdırmalarından ona bəlli olan bu idi ki, onun həyat yoldaşı yalnız həzrət Muhəmməd (s) ola bilər. Bu xəbəri Əbu Talibə, başqa tarixi sənədlərə görə isə Həzrət Muhəmmədə (s) çatdırdı. Beləliklə izdivac baş tutdu...

Onu da deyək ki, Həzrət Muhəmməd (s) xanım Xədicə ilə evli olduğu 25 il ərzində heç bir başqa qadınla evlənmədi. Çünki xanım Xədicə tam mənada kamil qadın idi, o olduğu halda başqa qadına ehtiyac yox idi.

Ardı var...

baxılıb: 19 dəfə