Evlənmək və ailə əxlaqı

Gözəl kəlmələr həyatı gözəlləşdirir

İnsan ictimai varlıqdır, o öz istəklərini və duyğularını başqalarına bildirmək üçün danışmağa ehtiyaclıdır. Danışarkən istifadə etdiyimiz sözlər bizim şəxsiyyətimizin aşkar göstəricisidir.

Odur ki, əmirəlmöminin Əli əleyhissalam buyurur:

المرء مخبوء تحت لسانه

 “İnsan öz dilinin arxasında gizlənmişdir.”

Kişi evdə deyil, onun telefonuna mesaj gəlir:

1- “Ət almasan evə gəlmə!”

2- “Ət almaq yadından çıxmasın.”

Siz bu mesajların hansını telefonunuzda oxusanız qəzəblənərsiniz? Yaxud bu mesajların hansı sizin sevinclə ət alaraq evinizə aparmağınıza səbəb olar?

Bu iki mesajın, əslində eyni mənası var. Ancaq cümlədəki söz seçiminə görə sizin hiss və duyğularınız fərqli olacaqdır. Çünki kəlmələrin düzülüş və seçimi cümlənin mənasına təsir etməkdən əlavə həm də qarşı tərəfin əxlaqının göstəricisidir.

Evdə ər-arvad danışdıqları və bir-birlərinə yazdıqları kəlmələrin yaxşılarını və ürəkoxşayanlarını seçərlərsə həmin ailə ocağının həmişə ruh oxşayan və cazibəli olmasını təmin etmiş olarlar.

Eləcə də iş yerində həmkarlar bir-birləri ilə danışıq və yazıda ruh oxşayan kəlmələrdən istifadə etsələr həmin iş yeri mehribanlıq və səmimiyyət məkanı olar.

Dostlar və rəfiqələr bir-birləri ilə ünsiyyət zamanı saf və gözəl kəlmələrdən istifadə etsələr onların dostluqları gündən-günə daha da möhkəmlənər.

Qurani-kərim Bəqərə surəsinin 83-cü ayəsində buyurur:

وَ قُولُواْ لِلنَّاسِ حُسْنًا

“İnsanlarla xoş dillə danışın (onlara ürəyəyatan, gözəl sözlər deyin).”

baxılıb: 58 dəfə