Evlənmək və ailə əxlaqı

Xoşbəxt ailənin sirləri

Tarixin ən xoşbəxt ailəsi


Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
.
Zilhiccə ayının 1-i xanım Fatimə əleyhasalam ilə əmirəlmöminin Əli əleyhissalamın izdivacı, yəni evləndikləri gündür.
Tarixin ən xoşbəxt ailəsi sayılan bu ailənin xoşbəxtlik sirrlərindən bəzilərini burada qısa şəkildə paylaşmaq həqiqətdə xoşbəxt ailəyə nail olmaq istəyənlərə bir həyat dərsi ola bilər.
Bu xoşbəxt ailə bütün bəşəriyyət üçün yaxşı kişi və yaxşı qadının xüsusiyyətlərini həqiqi mənada aydın şəkildə göstərmişdir. Xoşbəxt ailəyə nail olmaq üçün ən gözəl örnək və ən gözəl nümunə bu iki məsum şəxsin qurduqları nurla dolu olan bir ailədir.
Burada yazılan bütün xüsusiyyətlər xanım Fatimə əleyhasalam ilə əmirəlmöminin Əli əleyhissalamın xoşbəxt ailə yaşayışlarından götürülmüşdür.
.
1- Yaxşı kişi öz həyat yoldaşını həyatının şəriki bilir! Yaxşı qadın isə ərini həyatının tam mənada şəriki bilir!
.
Xoşbəxt ailə o ailədir ki, kişi və qadın bir-biri üçün birgə həyata şərik olurlar. Kişi öz həyat yoldaşını həyatına şəriki bilərsə, ailə ilə bağlı bütün qərarlarına da onu şərik biləcəkdir. Ailəyə və bir-birlərinə aid olan qərarlar və məsləhətlər birgə baş verir. Həyat yoldaşını sevən kişi öz qərarlarında həyat yoldaşına daha çox xeyirli olan şeylərdə israrlı olur. Həyat yoldaşını sevən qadının qərarları isə ərinin xeyirini nəzərə alan fikirləri mülahizə edir. Nəticədə gözlənilməyə və hər ikisini olduqca xeyirli olan qərarlar çıxarılır. Hər ikisi son dərəcə razı qalırlar.
.
2- Yaxşı kişi həyat yoldaşını qeydsiz şərtsiz sevir, yaxşı qadın da ərini qeydsiz şərtsiz sevir.
.
Qeydsiz şərtsiz sevgi ona deyirlər ki, kişi qadının qadın isə kişinin ona göstərdiyi reaksiya və rəftarını nəzərə almadan onun xoşbəxtliyi və səadəti üçün çalışır.
Təəssüf ki, indiki dünyada insanların bir-biri ilə rəftarları ticarət və al-ver rəftarıdır. Məni sevirsə mən də sevəcəm, məni ad günümdə təbrik etsə mən də onu təbrik edəcəm, mənimlə təbəssümlə danışsa mən də onunla təbəssüm ilə danışacam... Acınaqcaqlı isə budur ki, bu cür insanlığa yad olan baxışlar ailələrə də daxil olmuşdur. Qadın əri ilə, ər isə qadını ilə təmənna və şərtli davranırlar.
Halbuki biz o iki məsumun həyatına nəzər saldıqda görürük ki, bir-birindən xəbərsiz olaraq biri digərinin xoşbəxtliyi və asayişi üçün əlindən gələni əsigəmir, özünü həyat yoldaşının xeyirini zəhmətə salır.
Bir hədisdə isə oxuyuruq: “Bir gün sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və ailh imam Əli əleyhissalamın evinə gəldi, gördü ki, İmam evi süpürür, xanım Fatimə isə Həsən (ə) və Hüseyni (ə) yedizdirir...”
Deməli, kişi qadına deməməlidir ki, sən mənim üçün filan işi gör əvəzində qabları mən yuyaram. Kişi qadına deməlidir ki, “əzizim, sən bu gün çox yorulmusan, qabları mən yuyaram.”
Fikirləşdikdə görürük ki, biz hamımız yaxınlarımızın, xüsusilə də həyat yoldaşı və övladlarımızın, bacı və qardaşlarımızın ... bizi qeydsiz və şərtsiz sevmələrini istəyirik,
Elə isə biz özümüz də əzizlərimizi qeydsiz və şərtsiz sevək. Ticarət və al-ver gözü ilə davranmayaq.
.
3- Kişi üçün birincilik və üstünlük onun həyat yoldaşına məxsusdur, qadın üçün isə birincilik və üstünlük onun ərinə məxsusdur.
.
Bizim üçün həyatda prioritetlər, yeni bizim nəzərimizdə birincilik və üstünlüyə malik olan şəxslər vardır. Ola bilər ki, biz onların üstünlük dərəcələrini heç bir yerə yazmayaq, amma zehnimiz hər yerdə kimlərə nə qədər üstünlük verdiyimizi yaddaşında saxlayır.
Məsələn, qadın xörək bişirəndə xörəyin ən yaxşı yerini ərinə verir, sonra övladları və özü üçün yemək çəkir. Kişi isə kabab çəkəndə kababın ən yaxşı yerini həyat yoldaşına verir, sonra isə övladları və özü üçün götürür...
Bəzi kişilər o qədər işlərinə aludə olurlar ki, günlərinin əsas hissəsini işdə olurlar, işdən gec çıxırlar, evə gələndə də telefon və sair ilə iş barədə zəngləşirlər və sair. Həyat yoldaşlarına yalnız “mənə yemək gətir” , “çay ver” kimi sözlərə fürsətləri olur.
Müasir dünyada qadınların da əksəriyyətinin işlədiyini nəzərə aldıqda görürük ki, qadınların da bir çoxları üçün həyatda birincilik və üstünlüyü onların işləri tutur. Halbuki həm kişi həm də qadın üçün bu yanlış təfəkkür tərzidir.
Yaxşı kişi heç vaxt işinə icazə verməz ki, birincilik və üstünlükdə həyat yoldaşının yerini tutsun, və mühümlükdə həyat yoldaşını qabaqlasın. Elədə də yaxşı qadın da işinə icazə verməz ki, birincilik və üstünlükdə həyat yoldaşının yerini tutsun, və mühümlükdə həyat yoldaşını qabaqlasın.
İnsan evlənməmişdən əvvəl onun üçün başqa kəslər birincilik və üstünlüyə mailk olur. Amma həqiqi salamat evlilik o evlilikdir ki, toy günündən etibarən həm kişi həm də qadın üçün həyatda birincilik və üstünlük təşkil edən siyahıda dəyişiklik olsun. Kişi üçün onun həyat yoldaşı, qadın üçün isə onun əri ən birinci və ən üstün şəxs olsun.
.
4- Yaxşı kişi həyat yoldaşının maddi və mənəvi ehtiyaclarını öyrənərək onları aradan qaldırmaqla məşğuldur. Yaxşı qadın isə ərinin maddi və mənəvi ehtiyaclarını öyrənərək onları aradan qaldırmaqla məşğuldur.
.
Xoşbəxt ailədə kişi və qadın öz sıxıntı və problemlərini bacardıqca bir-birlərindən gizlətməyə çalışırlar. Bu da pis mənada deyil. Əslində qarşı tərəfi məyus etməmək, ona əziyyət verməmək , onun üçün iş açmamaq ... məqsədilədir.
“Tarix kitabları yazırlar: Bir gün imam Əli əleyhissalam evə gəlib dedi: Fatiməcam, yeməyə nəyimiz var. Xanım buyurdu: And olsun sənin haqqını böyük edən Allaha, evdə yeməyə heç nəyimiz yoxdur. Azacıq yeməyimiz vardı ki, onu da səhər sənə vermişdim, özüm isə aclığa səbr etdim. İmam Əli əleyhissalam buyurdu: Bəs, nə üçün mənə deməmisən? Xanım Fatimə əleyhasalam buyurdu: Atam, mənə tapşırıb ki, səndən heç nə tələb etməyim. Birdən gücün çatmaz xəcalətli olarsan...”
Bunu da yaddan çıxarmayaq ki, bizim maddi və mənəvi ehtiyaclarımızdan başqa ictimai ehtiyaclarımız da vardır. Elə isə qohumlar və yaxşınların evlərinə get-gəl etmək, vaxtaşırı imkan daxilində gəzintiyə çıxmaq və sair bu kimi səfərlərdə həm qadın ərinin abırını qorumağa çalışmalı həm də kişi həyat yoldaşının abırını qorumalı, bir-birlərinin qayğısına qalmalı, birlikdə şən həyat tərzi yaratmalıdırlar.
.
5- Yaxşı kişi həyat yoldaşının ən yaxşı həmsöhbətidir, yaxşı qadın da əri üçün ən yaxşı həmsöhbətdir.
.
İnsanların zəruri ehtiyaclarından biri də danışmaq, dərdləşmək, fikirlərini və görüb eşitdiklərini kimlərləsə paylaşmaqdır. Yaxşı kişi bunun üçün gecə saat birə ikiyə qədər çayxanalarda yox, eləcə də yaxşı qadın günortadan hava qaralanadək məhəllənin tinində arvadlarla yox, evdə öz isti ocaqlarında səmimi tərzdə bir birləri ilə söhbət edirlər. Qarşılıqlı başa düşmə, anlama və acımaya malikdirlər.
Tədqiqatlara əsasən qadınlar kişilərdən iki dəfə çox danışmağa ehtiyaclıdırlar, buna görə də yaxşı kişi öz həyat yoldaşının bu ehtiyacını dərk etməlidir. Kişilərin isə rahatlıqları onlar üçün maraqlı olan söhbətə qulaq asmaqdadır, buna görə də yaxşı qadın öz ərinin bu ehtiyaclarını dərk etməli ərinin qulaq asmağa meyilli olduğu mövzularda söhbət etməlidir. Xoşbəxt ailəyə malik olmaq üçün ailədə bu incəliklərə dəqiq riayət edilməlidir.
.
6- Yaxşı kişi və yaxşı qadın mənəvi və əxlaqi dəyərlərə riayət edirlər.
.
Xoşbəxt ailədə kişi və qadın mənəvi və əxlaqi dəyərləri yaşatmaq əzmindədirlər, onlar bir-birinə əxlaqi inkişafında və tərəqqisində, eləcə də təqvalı və kamil imanlı olmaqda qarşılıqlı xidmətdədirlər. Bir-birlərini yaxşı əməllərə və təqvaya təşviq edirlər, bir-birlərini gecə namazına qaldırır, Qurani-kərimi birlikdə oxuyur, İslam maarifini birlikdə mənimsəyirlər. İmkan daxilində birlikdə ziyarət səfərlərinə gedirlər, moizə və mərsiyə məclislərində iştirak edirlər.
.
Nəticə:
İnanırıq ki, bu altı (6) xüsusiyyət kişilərin yaxşı ər olmaları, qadınların isə yaxşı həyat yoldaşı olmaları üçün gözəl və layiqli bir bələdçi olacaqdır, inşaAllah.
 

baxılıb: 93 dəfə