Evlənmək və ailə əxlaqı

Xanım Fatimənin (ə) kamil əxlaqından dərslər

Aqibəti və axirəti düşünməyi həzrət Fatimədən (ə) öyrənək

Hər bir insan öz həyatını nəzərdən keçirdikdə onun ən sevincli günlərindən birinin də toy günü olduğunu görür. Təbii ki, bir tərəfdən sevdiyi insana qovuşması, başqa tərəfdən isə yeni həyatın başlanğıcı hər kişi və qadın üçün şirin və unudulmaz anlardan sayılır.

Lakin bir çox insanlar toy günü və gecəsi müxtəlif günahlara əl atırlar, hətta vacibi əməlləri yerinə yetirmirlər. Onlar elə bilirlər ki, bu gün hər bir günahı etməyə və hər bir çirkinliyə icazəlidirlər. Hədislərdə çox təkid edilmiş mövzulardan biri də budur ki, “insan şadlıq və sevincə qərq olduğu zaman bu şadlıq onu günaha bulaşdırmasın.”

Kamillik nümunəsi olan xanım Fatimənin (ə) həyatına, xüsusilə də o xanımın toy gecəsindəki hərəkət və əməllərinə nəzər saldıqda biz kamil insanın həqiqi simasını  görə bilirik. Həzrət Fatimə (ə) toy axşamı atası həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) ona toy münasibətilə aldığı təzə paltarını yoxsul qadına hədiyyə edir. Elə toy anlarında bu hadisə baş verir, toydan sonra yox. Xanımın toy günü və gecəsində isar və fədakarlıqları çox olmuşdur.
Onların biri də toy gecəsi toy qurtarandan sonra əmirəlmöminin Əli əleyhissalamın evinə gəldiyi zaman xanım Fatimə əleyhasalamın bəşəriyyətə nümunə olası hərəkət və sözləridir.

Əmirəlmöminin Əli əleyhissalam o gecə haqqında belə danışır:

“Evləndiyimiz gecə mən Fatiməni (ə) nigaran, fikirli və ağlayan halda gördüm. Dedim: Nə üçün ağlayırsan, ey aləmlərin qadınlarının sərvəri, bizim bir birimizin həyat yoldaşı olduğumuza razı deyilsənmi?!

Xanım Fatimə əleyhasalam buyurdu: “Əlbəttə ki, razıyam.

 

ولكني تفكرت في حالي وأمري

عند ذهاب عمري ونزولي في قبري ، فشبهت دخولي في فراشي بمنزلي كدخولي

إلى لحدي وقبري ، فأنشدك الله أن قمت إلى الصلاة فنعبد الله تعالى هذه الليلة

 

Ancaq mən öz halımı və (həyatın qaçılmaz) işləri barəsində fikirə dalmışdım, ömrümün sonu və qəbirə qoyulacağım an barədə düşünürdüm. Hansı ki, bu gün mən atamın evindən sənin evinə köçdüm, nə vaxtsa buradan da qəbirə və axirət evinə köçəcəyəm. Elə isə səni and verirəm Allaha, gəl bu gecə (əvvəlcə) namaz qılaq, birlikdə Allaha ibadət edək.”

Şərhu ihqaqil həqq 23-cü cild 489-cu səhifə

.

İnsanın şad günlərində öləcəyini və axirətin varlığını düşünməsi heç də sevinc və şadlıqlardan imtina etməsi deyil, əksinə şadlıq və fərəhin ifrata varmasının və günahlara yol açmasının qarşısını almaq üçündür. Necə ki, cismini qoruyan və pəhriz saxlayan insanlar hər növ yeməklərin düzüldüyü süfrədə oturarkən cismi qorumağın vacib olduğunu və çox yeməyin zərərlərini xatırlayaraq lazımı qədərində yeyirlər, cismin sağlamlığını qorumağın zərurətini xatırlamaları onları yeməkdən tamamilə çəkindirmir, əksinə həddini gözləməklə yemək yeyirlər.
Bunun başqa bir bənzəri az yemək haqqında söylənilmiş hədislər kimidir. Hədislərdə çox vurğulanır ki, “az yeyin.” Halbuki məqsəd az yemək deyil, hər bir şəxs onun cismi vəziyyətinə uyğun olaraq yeməkdən istifadə etməlidir. “Az yeyin” kəlamı isə çox yeməyin qarşısının alınması üçündür.

Elə isə bütün şad, fərəh və sevincli günlərimizdə bir zaman dünyadan köçəcəyimizi və axirətin varlığını yaddan çıxarmayaq, təki şadlığın təsirindən ifrata varmayıb günah və xatalara yol verməyək. Yəni sevinc və şadlıqlarımız mötədil olmalıdır.

baxılıb: 300 dəfə