Evlənmək və ailə əxlaqı

İnsanın ürək yoldaşına ehtyacı

İnsan kəlməsi “üns” (ünsiyyət) sözündən götürülmüşdür ki, bu da insanın onunla ünsiyyətdə və sirdaş olacaq birisinə ehtiyaclı olduğunun əlamətidir.

Bununla əlaqədar olaraq bir hədis nəql edirik:

إِنَّ اللّهَ عز و جل خَلَقَ آدَمَ مِن طِينٍ ثُمَّ ابتَدَعَ لَهُ حَوَّاءَ ...

 فَقَالَ آدَمُ : يا رَبِّ مَا هَذَا الخَلقُ الحَسَنُ فَقَد آنَسَنِى قُربُهُ وَ النَّظَرُ إِلَيهِ ؟

 فَقَالَ اللّهُ: يا آدَمُ هَذِهِ أَمَتِى حَوَّاءُ. أَفَتُحِبُّ أَن تَكُونَ مَعَكَ تُؤنِسُكَ

 و تُحَدِّثُكَ، تَكُونَ تَبَعاً لِأَمرِكَ ؟ فَقَالَ: نَعَم يَا رَبِّ وَ لَكَ بِذَلِكَ عَلَىَّ الحَمدُ وَ الشُّكرُ مَا بَقِيتُ

“Allah Taala Adəmi torpaqdan yaratdıqdan sonra onun üçün Həvvanı yaratdı... Sonra Adəm dedi: ey Rəbbim! Bu gözəl varlıq kimdir ki, onu görməyim və onun mənə yaxın olmasına görə məndə ona qarşı ünsiyyət (ülfət) yarandı?  Allah buyurdu: “ey Adəm, bu, Mənim bəndəm Həvvadır. İstəyirsənmi ki, onu həm sənin munisin və həmsöhbətin edim, həm də sənin istəklərinə cavab versin?” Adəm dedi:  Bəli, ey Rəbbim! Nə qədər ki, varam (yaşayıram) Sənin mənə bəxş etdiyin bu nemətə görə Sənə həmd (şükür) edəcəyəm.”

Vəsail 20-ci cild 13-cü səhifə 24898-ci hədis

 

Bu hədisdən belə bir nəticə çıxır ki, Allah Taala qadın ilə kişini elə yaradıb ki, bir-birinin munisi və həmdəmi oldunlar. Kişi qadının yanında, qadın isə kişinin yanında ünsiyyətli olsun və hər ikisi tənhalığın vəhşət və dəhşətindən uzaq olsunlar. Tənhalıq tam mənada yalnız kişi ilə qadın bir-birinin yanında olarkən gedir.

Daha mühüm bir incəlik isə bundan ibarətdir ki, adətən evlənməyin əsas səbəbinin “nəsilin artması” olmasına baxmayaraq bu hədisdən məlum olur ki, qadın ilə kişinin ünsiyyət və əlaqəsi yalnız “cinsi ehtiyaclar” məqsədilə deyil. Bəlkə bir-birinin kənarında həmdəm, munis, sirdaş və ürək yoldaşına ehtiyaclıdırlar.

Deməli, qadın ilə kişinin bir-birlərinə olan cazibələri cinsi ehtiyaclarla məhdudlaşmır, başqa səbəblər də mövcuddur. Çünki Adəm ünsiyyət ilə bağlı bu sözləri Həvva barəsində deyərkən hələ cinsi təmayülə malik deyildi. İnsanda cinsi təmayül onların Cənnətdən çıxmasından sonra baş vermişdir. Qurani-kərimin ayələrindən başa düşülən budur ki, Adəm və Həvvada cinsi qərizə (təbiət) onların Cənnətdən çıxarıldıqlarından sonra yaranmışdır ki, yer üzündə nəsil artıra bilsinlər.

Amma qadın ilə kişinin həmin zaman bir-biri ilə ünsiyyəti sırf qəlbdən və ruhdan gələn munislik və həmdəmliyə ehtiyac hissi idi, cinsi ehtiyac deyildi.

Bu mövzunu insanların hamısının bilməsinin faydalarından biri də onda ola bilər ki, sevərək bir-biri ilə evlənmiş insanlar övladları olmadıqlarına görə boşanmazlar, bir-birindən ayrılmazlar. Axı nəsil artırmaq evlənməyin yeganə səbəbi deyil.

İnsanın ən dərin ehtiyacı qəlbi tənhalıq və qəlbi yalnızlıq zindanından qurtulmaqdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

قال أبو عبد الله عليه السلام : من أخلاق الأنبياء عليهم السلام حب النساء

“Qadınları sevmək Peyğəmbərlərin (onların hamısına Salam olsun) əxlaqındandır.”

Təhzibul əhkam 7-ci cild 403-cü səhifə 1610-cu hədis

 

Burada qadınları sevməkdən məqsəd tənhalıq hissi ilə qarşılaşmaqdan öncə qadın ilə evlənmək,  həmçinin həmdəm və ürək yoldaşının əhməmiyyətini tam mənadə dərk etmək, qadınlara qarşı həqiqi sevgi və məhəbbətə malik olmaqdır. Yəni, qadını sevməyin nəticəsi yalnız onun gözəlliyi, ya cinsi ehtiyacları təmin etməsi, ya malın qorunması, ya nəsilin artırılması deyil. Qadını həqiqi mənada sevmək onunla ürək yoldaşı, həmdəm və ünsiyyətli olmağa ehtiyacdır. O biri səbəblər (gözəllik, malın qorunması, cinsi ehtiyacı təmin etmək, nəsil artırmaq...) isə ikinci dərəcəli səbəblərdir.

Qurani-kərim də bu mənanı təsdiq edir. Qurani-kərim Rum surəsinin 21-ci ayəsində buyurur:

وَ مِنْ ءَايَـتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَ جًا لِّتَسْكُنُواْ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَ رَحْمَةً

“Sizin üçün (ünsiyyətdə olaraq) aramlıq tapasınız deyə, öz cinsinizdən zövcələr yaratması, sizinlə həyat yoldaşınız arasında (əməl ilə göstərilən) sevgi və mərhəmət qərar verməsi Onun qüdrət əlamətlərindəndir.”

Deməli, qadınla kişi arasındakı bağlılıq yalnız cinsi məsələlərlə məhdudlaşmamalıdır, əksinə onların arasında daha dərin rabitə olmalıdır. O rabitənin bir pilləsi də insanın munis və həmdəmə ehtiyacı, tənhalıqdan xilas olmaq, ürək yoldaşına qovuşmaq, xülasə ruhi-mənəvi ehtiyacların təmin edilməsidir.

baxılıb: 513 dəfə