Quran və Əxlaq

Əxlaqlı insanlar bu dünyada böyüklük iddiasında deyillər.

Allah Taala Qurani-Kərimin Qəsəs surəsinin 83-cü ayəsində buyurur: تِلْكَ الدَّارُ الاَخِرَةُ نجَعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فىِ الْأَرْضِ وَ لَا فَسَادًا “Biz bu axirət evini yer üzündə böyüklük (başqaları üzərində hökmranlıq) hərisi olmayanlara və fitnə-fəsad törətməyənlərə nəsib edirik.”

Bəli, insanı uçuruma aparan xüsusiyyətlərdən biri də özünü başqalarından üstün bilmək, başqa sözlə başqalarına yuxarıdan aşağı baxmaqdır. Məhz bu pis xüsusiyyətin təsiri idi ki, lənətlik İblis o zaman Allah Taalanın əmrindən çıxdı, Adəmə səcdə etmədi və açıq-aşkar “mən ondan üstünəm” dedi.

Başqalarından yuxarı olmaq, insanlar üzərində hökmranlıq etmək istəyi şeytani istəklərdəndir. Ona görə də bu istəyin hərisinə çevrilən hər bir insan fitnə-fəsad və pozğunluq törədir.

İndi burada sual edilə bilər ki, başqalarının başı üzərində hökmran olmaq istəyi ilə fitnə-fəsada, günaha, pozğunluğa düçar olmağın arasında nə kimi rabitə və bağlılıq vardır?!

Fəsada, pozğunluğa sürüklənən insanları, ucalmaq və üstün olmaq cazibəsi fəsada sürükləmişdir.

Dostlar, baxın, tələyə düşmüş siçan tələyə dəmirə görə getmir ki. Və ya boynuna metal zərbəsinin dəyməsi üçün tələyə can atmır ki.

Siçan tələnin ucunda olan çörək və ya pendir üçün gedir.  Amma siçanı öldürən pendir deyil, siçanı metal öldürür.  Buna görə də belə deyirik: Siçan pendiri yeyərkən metal zərbə ilə onu öldürdü. Pendir və metalın zərbsi bir birinin ardınca olan şeylərdir.

Odur ki, Quran buyurur: “...yer üzündə  böyüklük (başqaları üzərində hökmranlıq) hərisi olmayanlara və fitnə-fəsad törətməyənlərə...”

İnsanın fitnə-fəsada, pozuculuqa, günaha düçar olması onun başqalarının üzərində hökmranlıq etməsinin nəticəsidir.

Kim üstünlük və təkəbbürlükdən vaz keçərsə, deməli həmin insanın əli fəsada, pozuculuğa bulaşmayacaqdır.

baxılıb: 552 dəfə