Quran və Əxlaq

Əxlaq həqiqətdə Qurani-Kərimə əməl etməkdədir

Quranı başımıın üstünə qoymağımızın bizə bir xeyiri varmı?

Qədr gecələrinin bəyənilən əməllərindən biri də budur ki, Qurani-Kərimi başımızın üstünə qoyuruq, Allaha və 14 məsuma and veririk ki, bizi müvəffəq eləsin.
Bəs nədə müvəffəq eləsin?!
Qurani-Kərimin başımızın üstünə qoyulması ilə bizə nə demək istənilir?!
Dostlar baxın, alma ilə dolu bir səbədi qaldırıb başımızın üstünə qoysaq və bir saat yol getsək, o bir saat ərzində alma ilə dolu səbədin bizə xeyiri olacaqmı?!
Əlbəttə ki, yox. Heç bir xeyiri olmayacağı bir yana üstəlik bizim yorulmağımıza səbəb olacaq, həm baçımız ağrıyacaq həm də əllərimizin gücü azalacaq...
Alma ilə dolu olan səbədi başın üstündə gəzdirməkdənsə o səbədi kənara qoyub oradan bir iki alma götürüb yemək bizə kifayət qədər sevinc, ruh yüksəkliyi, güc və qüdrət verəcəkdir.
Qurani-Kərim də həmin alma ilə dolu səbəd kimidir, amma təəəssüf ki, biz Qurani-Kərimi yalnız başımızın üstünə qoyuruq və onun içindən hətta bir ayəni belə canımıza və qanımıza daxil etmək istəmirik, həyatımıza daxil etmək istəmirik.
Qurani-Kərim bizim başımızın üstündə yox, başımızın içində, qəlbimizdə və canımızda olmalıdır.
Qədr gecələrində Qurani-Kərimi başımızın üstünə qoyuruq ki, bizim bütün təfəkkür, düşüncə və niyyətlərimizin Allahın və peyğəmbərimizin göstərişləri əsasında olmasının zəruriliyini dərk edək. Onun ardınca Qurani-Kərimi açaq və ayələrini ruhumuza, qəlbimizə və canımıza həzm etdirək.
Qurani-Kərimi oxuyub əməl etməyənlərdən olmayaq. Qurani-Kərimi oxuyub həzm etməyənlərdən olmayaq.
Dostlar baxın, körpə uşağa bəzən anası yemək yedizdirmək istəyir, amma uşaq yemək istəmir. Ana yeməyi qaşıqla uşağın ağzına qoyur amma uşaq yeməyi ağzından çıxarır.
Qurani-Kərimi oxuyub onun ayələrinə əməl etməyən insan da elə həmin uşağa bənzəyir. Ayəni ağzında saxlayır və sonra onu bayıra çıxarır. Heç bir ayə boğazdan aşağı keçmir.
Çoxlarımız Qurani-Kərimin ayələrini ağzımızda saxlayırıq. Onu tərtil, təcvid, qiraət ilə çeynəyirik və sonra o ayələri ağzımızdan çıxarıb havaya atırıq.
Ayənin həqiqətindən, mənasından, məqsədlərindən, hədəflərindən, hikmətlərindən... xəbərsiz olaraq qalırıq.

baxılıb: 715 dəfə