Quran və Əxlaq

Bəşəriyyətin Əxlaq ustadının (s) pak nəsəbi

Qurani-Kərimdə peyğəmbərlərin ən fəzilətlisi həzrət Muhəmməd səllAllahu əleyhi və alihin tərifi.

Allah Taala Qurani-Kərimin 26-cı Şüəra surəsinin 217, 218 və 219-cu ayələrində buyurur:

 وَتَوَكَّلْ عَلَی الْعَزِیزِ الرَّحِیمِ * اَلَّذِی یرَیكَ حِینَ تَقُومُ * وَتَقَلُّبَكَ فِی السَّاجِدِین

“Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür. Səcdə edənlər içində dolanmağından da agahdır.”

Axırıncı ayənin mənası budur ki, sevimli peyğəmbərimizin bütün ata-babaları təkAllahlı, səcdə edən və imanlı olmuşlar. Yəni, onların hamısı küfrdən və Allaha şərik qoşmaqdan uzaq olmuşlar.

Etiqadi maarif və hədis kitablarında olan səhih rəvayətlərə əsasən sevimli peyğəmbərimizin (s) soyunu təşkil edən bütün insanlar, yəni ata-babalarının hamısı pak və halalzadə oluşlar.

Kəlam elmində peyğəmbərlərin simaları və xüsusiyyətləri barədə oxuyuruq: “Peyğəmbərin nəsli və soyu həm ata tərəfdən alçaqlıqdan uzaq olmalı, həm də ana tərəfdən pak, həyalı olmalıdırlar, həmçinin onlar təbiət və əxlaq cəhətindən nöqsansız olmalıdırlar. Yoxsa bu nöqsanlar onları insanların qəlblərində aşağı salar.” (Bab hadi əşər 43-cü səhifə. Müəllif: Əllamə Hilli)

 

İmam Muhəmməd Baqir əleyhissalam “Səcdə edənlər içində dolanmağından da agahdır” ayəsini oxuyaraq buyurdu:

فى اصلاب النبيين صلوات اللَّه عليهم

“Peyğəmbərlərin sülblərində (bellərində), onların hamısına Allahın salamı və rəhməti olsun.”  (Nurus səqələyn 4-cü cild 69-cu səhifə)

 

İmam Cəfər Sadiq əleyhissalamdan “Səcdə edənlər içində dolanmağından da agahdır” ayəsi barədə soruşulduqda o həzrət buyurdu:

فى اصلاب النبيين نبى بعد نبى، حتى اخرجه من صلب ابيه عن نكاح غير سفاح من لدن آدم

“Adəm peyğəmbərdən başlayaraq atasının sülbünə (belinə) gəlincəyə qədər hamısı  halal evlənmədən olan bir-birinin ardınca gələn peyğəmbərlərin sülblərində (bellərində) idi.”  (Məcməul bəyan 7-ci cild 269-cu səhifə. Şüəra surəsinin 219-cu ayəsinin təfsiri)

 

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih özü bu barədə buyurur:

 خَرَجْتُ مِنْ لَدُنْ آدَمَ مِنْ نِكَاحٍ غَیرَ سِفَاحٍ

“Adəmdən mənim özümə qədər olan ata-babalarımın hamısı halal evlənməyə malik olmuş, nalayiq münasibətlərdən olmamışlar.”  (Kənzul əmmal 11-ci cild 402-ci səhifə. Müəllif: Müttəqi Hindi)

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 اِخْتَارُهُ مِنْ شَجَرَةِ الْاَنْبِیاءِ وَمِشْكَاةِ الضِیاءِ وَذُؤَابَةِ الْعَلْیاءِ وَسُرَّةِ الْبَطْحَاءِ وَمَصَابِیحِ الظُّلْمَةِ وَینَابِیعِ الْحِكْمَةِ

 

“Böyük Allah həzrət Muhəmmədi (s) peyğəmbərlərin  şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) uca nəsillərdən, «Bəthanın» (Məkkənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.  (Nəhcül bəlağə 107-ci xütbə)

 

Əmirəlmömin Əli əleyhissalam başqa bir xütbəsində sevimli peyğəmbərimizin şərəfli soyu barədə buyurur:

فَاَخْرَجَهُ مِنْ اَفْضَلِ الْمَعَادِنِ مَنْبِتاً وَاَعَزَّ الْاُرُومَاتِ مَغْرِساً مِنَ الشَّجَرَةِ الَّتِی صَدَعَ مِنْهَا اَنْبِیاءَهُ وَانْتَخَبَ مِنْهَا اُمَنَاءَهُ عِتْرَتُهُ خَیرُ الْعِتَرِ وَاُسْرَتُهُ خَیرُ الْاُسَرِ وَشَجَرَتُهُ خَیرُ الشَّجَرَ نَبتَتْ فِی حَرَمٍ وَ بَسَقَتْ فِی كَرَم

“ O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (anaların bətnlərində) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (həzrət Adəmin nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş, ucalıq və kəramət (bostanında) boy atmışdır. “  (Nəhcül bəlağə 93-cü xütbə)

Tarixçilər sevimli peyğəmbərimizin (s) nəslini əsasən Ədnana qədər sayırlar.

Muhəmməd (s) ibn Abdullah ibn Ədülmüttəlib ibn Haşim ibn Əbdu Mənaf ibn Qusəy ibn Kilab (Həkim) ibn Mərrə ibn Kəb ibn Luvəy ibn Ğalib ibn Fəhr (Qureyş) ibn Malik ibn Nəzr ibn Kinanə ibn Xuzəymə ibn Mudrəkə ibn İlyas ibn Nizar ibn Məəd ibn Ədnan. Onların hamısına Allahın salamı və rəhməti olsun.  (Usdul ğabə 1-ci cild 20-ci səhifə. Müəllif: İbn əl-Əsir)

Qeyd edək ki, Ədnan sevimli peyğəmbərimizin (s) iyirminci babasıdır.

Sevimli peyğəmbərimizin (s) babalarını sayarkən iyirminci babası Ədnandan yuxarını yazmamalarına səbəb o həzrətin özünün göstərişinə görədir.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

اِذَا بَلَغَ نَسَبِی اِلَی عَدْنَانِ فَامْسِكُوا

“Mənim nəsəbim Ədnana çatarkən dayanın. (Ondan sonrakıları saymayın)  (Biharul ənvar 15-ci cild 105-ci səhifə)

 

Sonda onu da deyək ki, sevimli peyğəmbərimizin (s) ana nəslinin soyu da onun ata nəsli ilə birləşir. Belə ki, sevimli peyğəmbərimizin (s) anası Amənə (Allahın salamı və rəhməti olsun ona) Vəhəbin qızıdır. Vəhəb isə Əbdu Mənafın oğludur. Yəni sevimli peyğəmbərimizin (s) atası Abdullah atasının əmisi qızı  (Amənə) ilə evlənmişdir. Bu silsilə İbrahim peyğəmbərin oğlu həzrət İsmailə qədər uzanır.

Allah Taaladan istəyirik ki, babalarının soyunun hamısı imanlı olan həzrət Muhəmmədin səllAllahu əleyhi və alihin xatirinə, pak və məsum Əhli-beytin xatirinə bizi dünya və axirət səadətinə nail olanlardan qərar versin.

baxılıb: 574 dəfə