Quran və Əxlaq

Taleyimiz öz əlimizdədir

Allah Taala Qurani-Kərimin 5-ci Maidə surəsinin 105-ci ayəsində buyurur: "Ey iman gətirənlər! Sizin özünüzü özünüzə tapşırırıq (özünüzdən muğayat olun) ki, onda siz düz yolda olacaqsınız, sizi aldadaraq (pis yolları sizə yaxşı kimi qələmə verərək sizi) azdırmaq istəyənlər sizə heç bir ziyan vura bilməyəcəklər... "

Bu ayənin çox geniş mənaları vardır. Bir sıra böyük alimlər və Təfsir, Əxlaq ustadları bu ayənin şərhi ilə əlaqədar 500, 600 səhifəlik əxlaqi və psixoloji əsərlər yazmışlar.

Ayə çox şeyləri bizə çatdırır:
1. Haqq yolda təklikdən qorxmayaq.
2. Əgər başqaları ilə üzbəüz dayanmırıqsa, elə isə nəfsimizlə üzbəüz dayanaq.
3. Cəmiyyətin yolunu azması insan üçün günaha yol açmır, və bəhanə deyil. İnsanın taleyi öz əlindədir.
4. Qiyamətdə hər kəs öz işinə və öz etdiklərinə cavabdehdir.
5. Başqalarındakı eybləri üzə çıxarmağa çalışmayaq. Öz eyibimizi axtarıb tapıb, islah etməklə məşğul olaq.
6. İnsan əvvəlcə özünü, sonra isə cəmiyyəti islah etməlidir. Özünü islah etməmiş insan başqalarını islah edə bilməz.
7. İman əhli azğın adamların əməl və rəftarına görə cəzalandırılmayacaq. Təbiidir ki, əgər onların azğınlığının səbəbkarı bu deyilsə.
8. Başqalarını xilas etmək naminə özünüzü qərq etməyin. Bəziləri günah iş görürlər, səbəbini isə bu yolla kiməsə kömək etnək istədiklərində görürlər. Bu səhv bir iş və yanlış bir addımdır.
9. Özümüzü elə tərbiyə etməliyik ki, mühit və cəmiyyətdəki fəsadlar bizə təsir göstərməsin.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: -Mömin saf, təmiz su kimidir. Btütün çirkinlikləri təmizləyir.
Yəni mömin 1000 nəfərlik günahkar toplumun içində olsa belə o həmin 1000 nəfərə təsir etməlidri, 1000 nəfər o möminə təsir edə bilməməlidir.
10. Büdrədikdə başqalarını qınamayaq. Özümüz büdrəməsək, kimsə kənardan bizə zərər vura bilməz.
11. Başqaları hidayət olmur deyə ruhdan düşməyin. Nuh peyğəmbər 950 il insanları təbliğ etmiş və doqquz yüz əlli ildə həzrət Nuha cəmi səksən nəfər iman gətirmişdir.
12. İslam yolu o qədər məntiqli və möhkəmdir ki, düşmənlərin şübhə və azğınlığı bu yola heç bir xələl və sarsıntı gətirmir.
13. Azğınlar pusquda dayansa da, salamatçılıq yolu hidayəti qəbul etməkdir.
14. Məada, dünyəvi ölümdən sonrakı həyata iman insanın özünü islah etməsi amilidir. Axirətə inam özümüzü tərbiyə və islah etməkdə ən əsas təkan verici qüvvədir.
15. Ata-babalara və başqalarına kor-koranə təqlid etmək qiyamətdə kara gəlmir. Hər bir insan öz əməl və rəftarına görə cavab verəcək.
16. İnsanın dünyadakı rəftar və əməlləri onun qiyamət taleyini müəyyənləşdirir.
Odur ki, sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“Dünya axirətin tarlasıdır.”
Bəli, biz bu dünyada nə əkəcəyiksə axirətdə onu biçəcəyik...

baxılıb: 576 dəfə