Quran və Əxlaq

Allahın birliyinə etiqadın şərtləri

Sual: Üsuli dinin birincisi olan Tövhidi qəbul etmək üçün neyləmək lazımdır? Tövhidin vacibi şərtləri varmı, yoxsa elə “Allah birdir” deməklə və Qurani-kərimdə Tövhid ilə ayələrə iman gətirməklə kifayətlənmək olar?!

Cavab: Qurani-kərimə əsasən Tövhidin iki növ şərtləri vardır; vacibi şərtlər və kamal şərtləri. İslam dinini qəbul etmiş və ya tövbə edərək haqq yola gəlmiş insan Tövhidi vacib şərtləri ilə qəbul etməlidir. Ancaq ondan sonrakı mərhələləri mənimsəmək və həmin dərəcələrin dərkinə yüksəlmək çox yaxşı və bəyənilən bir işdir.
Hər bir insanın təkAllahlı olması beş şərt ilə sübuta yetir:

1- “Vacibul-vücud” xüsusiyyəti yalnız Allaha məxsusdur.

Vacibul-vücudun mənası budur ki, həmin varlıq (vücud) həmişə olmalıdır, zamanın heç bir dövrü Onsuz təsəvvür edilə bilməz. Bu isə yalnız Allaha aiddir. Beləki Allahdan başqa olan varlıqların heç biri vacibul-vücud deyillər. Yəni onlar olmaya da bilərdilər; onsuz da elə zamanlar olub ki, Allahdan başqa heç nə olmayıb. Allahdan başqa bütün varlıqlar sonradan yaranıblar, həmçinin onların hər hansı biri olmaya da bilərdi; Elə biz özümüz! İnsansız da varlıq aləmi keçinə bilərdi, biz olmasaydıq kainata heç bir qüsur yetişməzdi.

2- Varlıq aləminin və ucu-bucağı görünməyən kainatın yaradıcısı Allahdır.

O, bütün varlıqları və kainatı təkbaşına və heç kimdən kömək almadan yaratmışdır.

3- Varlıq aləminin yaranmasında Allahın heç kimə ehtiyacı olmadığı kimi, varlıq aləminin idarəedilməsi və təbii tərbiyəsi (inkişafa doğru yetişdirilməsi) də yalnız Allaha məxsusdur.

4- Bütün varlıqların və yaranmışların tərkibində, içində, təbiətində və fitrətində qoyulmuş qanunların yaradıcısı yalnız Allahdır. Həmçinin insanları düngün yaşayışı üçün lazım olan qanunlar (şəriət qanunları) da yalnız Allaha məxsusdur.

5- Allahdan başqa heç kim ibadətə və pərəstişə layiq deyil. İbadət yalnız bir olan Allaha məxsusdur. Allahdan başqasına ibadət və pərəstiş etmək olmaz.

.

Tövhidə, yəni Allahın birliyinə etiqad etdiyini iddia edən şəxs bu beş şərti qəbul etməlidir;
Yəni bu beş şərtə iman gətirmiş insan Tövhidin əsasını qəbul etmiş və təkAllahlı (dindar) sayılır.

Bundan əlavə Qurani-kərimin ayələrini və hədisləri araşdırdıqda görürük ki, Tövhidin kamal dərəcələri də vardır, o cümlədən:
Dua və istəməkdə Tövhid,
Qorxuda Tövhid,
Ümiddə Tövhid,

Məhəbbətdə Tövhid və ilaxır.
Ancaq təkAllahlı (müvəhhid) və dindar olmaq üçün vacib və lazım olan şərtlər yuxarıda saydığımız beş şərtdir.

baxılıb: 137 dəfə