Quran və Əxlaq

Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri -2

İkinci hissə

4- Allahı xatırlamaq

Allah Taalanın Qurani-kərimdə müsəlmanlara ünvanlanmış göstərişlərindən biri də Allahı yad etmək və həmişə Onu xatırlamaqdır. (Əhzab surəsi 41-ci ayə)

Qurani-kərim hətta namazın vaciblik şərtlərindən birinin “Allahı yad etmək” olduğunu bildirir. (Taha surəsi 14-cü ayə)

Bunun əksi olaraq qəlbləri Allahı xatırlamayan adamları qəflətdə olanlardan sayır və onları qəflətdən çəkindirir. (Əraf surəsi 205-ci ayə)

Qurani-kərimə əsasən Allahı xatırlamağın təsirlərindən birinin də Allahın həmin insanı xatırlaması, yəni həmin şəxsi Öz lütf və mərhəmətinə nəsib etməsidir.

Qurani-kərim Bəqərə surəsinin 152-ci ayəsində buyurur:
فَاذْكُرُونىِ أَذْكُرْكُمْ وَ اشْكُرُواْ لىِ وَ لَا تَكْفُرُونِ

“Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”

.

5- İnfaq etmək və ehtiyaclı olanlara maddi köməyi əsirgəməmək

Öz mallarını və maddi imkanlarını Allah yolunda xərcləyən və məqsədləri yalnız Allahın razılığını qazanmaq olan insanlar həm bu dünyada həm də axirətdə Allah tərəfindən çox böyük faydalar və savablara nail olurlar. Allah Taala onların əməlinin nəticəsini buğda sünbülünə bənzədir.

Qurani-kərim Bəqərə surəsinin 261-ci ayəsində buyurur:

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فىِ سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فىِ كلُ‏ِّ سُنبُلَةٍ مِّاْئَةُ حَبَّةٍ  وَ اللَّهُ يُضَاعِفُ لِمَن يَشَاءُ  وَ اللَّهُ وَاسِعٌ عَلِيمٌ

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.”

Əlbəttə, onu da yaddan çıxarmayaq ki, maddi köməklərdən o vaxt bu qədər və daha çox savab qazanarıq ki, bizim etdiyimiz yaxşılıq qarşı tərəfə minnət və əziyyətlə nəticələnməsin. Odur ki, yuxarıdakı ayənin ardınca, yəni Bəqərə surəsinin 262-ci ayəsində buyurur:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فىِ سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنفَقُواْ مَنًّا وَ لَا أَذًى  لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَ لَا خَوْفٌ عَلَيْهِمْ وَ لَا هُمْ يَحْزَنُونَ

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

Əmirəlmöminin Əli əleyhissalam, onun həyat yoldaşı Fatimə əleyhasalam və onların övladları Həsən və Hüseyn əleyhissalamlar özləri oruc olduqları halda yeməklərini yoxsul, yetim və əsirə verdikləri üçün Allah Taala tərəfindən təriflərə layiq görülmüşlər. (İnsan surəsi 7-ci ayədən 22-ci ayəyə qədər)

.

6- İffət və həya

Allah Taala Qurani-kərimin Möminun surəsində imanlı şəxslərin həqiqi xasiyyətlərindən birinin də həya və iffət olduğunu açıqlayır. (Möminun surəsi 5-ci ayə)

Həmçinin həzrət Məryəmin möminlər üçün gözəl bir ülgü və nümunə olduğunu açıqlayarkən o xanımın ən bariz xüsusiyyətinin həya və iffət olduğunu bildirir. (Təhrim surəsi 12-ci ayə)

.

7- Təhəccüd (gecənin yarısı yuxudan durmaq) və gecənin bir hisssəsini ibadət etmək

Allah Taalanın ən üstün bəndələrinin xüsusiyyətlərindən biri də gecənin bir hissəsini oyaq qalmaqdır. İnsanlar şirin yuxuda olarkən mömin bəndələr yuxudan duraraq ibadət, dua və münacatla məşğul olurlar. Bu əməli, yəni gecə yuxudan duraraq ibadətlə məşğul olmağı Allah Taala sevimli peyğəmbəri həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) tapşırmış, bunun müqabilində o həzrətə “bəyənilmiş məqam” verəcəyini bildirmişdir.

Qurani-kərim İsra surəsinin 79-cu ayəsində buyurur:

وَ مِنَ الَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسىَ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا محَّمُودًا

“(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) ibadətləri et.. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”

Bu ayədən bəlli olur ki, gecə yarısından sonra baş verən təhəccüd ibadətlərinin xüsusi bir əhəmiyyəti vardır ki, Allah Taalanı xalis və ixlaslı bəndələri bundan heç vaxt qəflətdə olmaz və əsla səhlənkarlıq etməzlər.

baxılıb: 291 dəfə