Quran və Əxlaq

Bihudə və mənasız andlar

Mənası olmayan və insanın boynuna təklif gətirməyən andlar hansılardır?!

Bihudə andlar

Qurani-kərimdə maidə surəsində and içməklə əlaqədar olan ayədə ”bihudə və nəticəsiz andlar” kəlməsi işlədilir. Bihudə andlardan məqsəd nədir?

.

Qurani-kərim Maidə surəsinin 89-cu ayəsində buyurur:

لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فىِ أَيْمَانِكُمْ وَ لَاكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الْأَيْمَانَ  فَكَفَّرَتُهُ إِطْعَامُ عَشرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تحَرِيرُ رَقَبَةٍ  فَمَن لَّمْ يجَدْ فَصِيَامُ ثَلَثَةِ أَيَّامٍ  ذَالِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ  وَ احْفَظُواْ أَيْمَانَكُمْ  كَذَالِكَ يُبَينِ‏ُّ اللَّهُ لَكُمْ ءَايَاتِهِ لَعَلَّكمُ‏ْ تَشْكُرُونَ

“Allah bihudə (əbəs yerə) içdiyiniz andlarınıza görə sizi cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi (günahın bağışlanması üçün cəzası) ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!”

Yəni təkcə bir yer var ki, Allah Taala həmin anda görə insanı cəzalandırmaz, buna “yalan and” da deyiblər, məsələn; insan deyə ki, mən filan işi etməyəcəyəm və ya edəcəyəm. Bu növ anda Qurani-kərim bihudə və əbəs and deyir.

Bihudə və əbəs and hansı andlardır?

Şəriət kitablarında and içməyin şərtləri və qaydaları qeyd edilmişdir. Bihudə andlar həmin şərt və qaydalara uyğun gəlməyən andlardır. And içmək üçün insan ruhi tarazlıq və müvazinət halında olmalıdır. İnsan qəzəb və hirs ilə ”and olsun Allaha, mən filan işi edəcəyəm; yaxud and olsun Allaha, mən filan işi etməyəcəyəm” deyə and içərsə bu növ and içmə “bihudə və əbəs and” sayılır, çünki insan and içərkən ruhi tarazlıq halında yox, əksinə hirsli və qəzəbli halda olmuşdur.

Məsələn: Yusif və Davud dalaşırlar, Yusif dalaşma anında bərk hislənir və Davuda deyir: And olsun Allaha, səni öldürəcəyəm. Onları ayırırlar, sakitləşəndən sonra hər ikisi dalaşdıqlarına görə təəssüflənir və barışırlar. Yusif Davudu öldürmür və nə də başqa heç bir cəza vermir. Yusif andını pozduğuna baxmayaraq kəffarə verməyəcək və cəzalanmayacaqdır, çünki Qurani-kərimə əsasən onun andı bihudə və əbəs anddır.

Başqa bir misal: Bir nəfər araq içmiş və məst olmuşdur, məstlik halında and içir ki, filan işi edəcəyəm, amma sonra özünə gəldikdən və ayıldıqdan sonra o işi etmir və andını yerinə yetirmir, çünki and içməyin şərtlərindən biri olan “and içmə zamanı ağılın tarazlıq və müvazinəti” şərtinə malik olmamışdır. Odur ki, onun andı bihudə və əbəs and sayılır, o and günah sayılmır, kəffarə və cəzası da yoxdur.

Məcburiyyət üzündən içilən andlar da bu qəbildəndir. Məsələn; bir nəfəri tutub hansısa işi edəcəyinə and içdirirlər, o da canının qorxusundan and içir. Bu növ andlar da bihudə və əbəs andlardan sayılır.

Bir növ and vardır ki, onun da kəffarə və cəzası yoxdur, lakin günah sayılır. O da bir insanın keçmişdə baş vermiş hadisə ilə əlaqədar içdiyi anddır. Bəzən dostlar arasındakl görüşlərdə bəziləri özlərinin mühüm adam olduqlarını göstərmək üçün keçmişdə guya baş vermiş və bununda qəhərmanlıq etmış hadisələrdən danışır, sözlərinin inandırıcı olması üçün and da içirlər. Belə and içmələr bəzi oğlanların öz sevdiyi qız ya nişanlısı ilə görüşlərdə daha çox baş verir. Yaxud bəzi rəis, müdir, direktor ya sədrlər özlərini daha bacarıqlı və oturduqları vəzifəyə daha layiqli olduqlarını işçilərinə göstərmək üçün keçmişdəki “qəhrəmanlıqları” ilə əlaqədar yalan mövzular danışırlar. Məsələn, bir nəfər and içir ki, mən filan işi vaxtilə etmişdim. Bu and içməyin kəffarəsi yoxdur, ancaq həmin şəxs yalan xəbər vardiyi üçün böyük günah etmişdir və tövbə etməlidir.

Sonda onu da deyək ki, əgər insanın andı (keçmiş yox) gələcək ilə əlaqədar olarsa bəhs etdiyimiz Maidə surəsinin 89-cu ayəsinə əsasən kəffarə verməlidir, onun kəffarəsi özünün va ailəsinin yediyi yeməkdən on yoxsula yemək verməli, ya on yoxsulu geyindirməli (paltar verməli) ya da bir qul azad etməlidir. Əgər bunların heç birini etməyə maddi imkanı olmazsa üç gün oruc tutmalıdır.

baxılıb: 285 dəfə