Quran və Əxlaq

Tövhid əxlaqı “la ilahə illAllah” şüarını əməldə göstərməkdir.

Keçən bəhsimizdə biz tövhidin əqidəvi mərhələlərini qısa şəkildə açıqladıq.

Onu da deyək ki, onu fikri və fəlsəfi cəhətdən başa düşmək çox asandır.  Çətin olan əxlaqi və əməli cəhətdən qəbul etməkdir.

Deməli, “la ilahə illAllah” kəlməsini dil ilə deməklə heç kim özünü həqiqi imanlı bəndə kimi göstərə bilməz.

“La ilahə illAllah”, yəni varlıq aləmində Allahdan başqa haqq olan məbud yoxdur.

“La ilahə illAllah”, yəni mən yalnız Allaha bəndəçilik edirəm.

“La ilahə illAllah”, yəni nəfsimin, şəhvətimin qulu deyiləm.

“La ilahə illAllah”, yəni vəzifənin, ağalığın, rəisliyin, müdirliyin qulu deyiləm.

“La ilahə illAllah”, yəni pulun, qızılın, var-dövlətin qulu deyiləm.

.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Kim “La ilahə illAllah” deyərsə nicat tapar.”

Bu hədisin məqsədi sözünə, dediyinə əməl edən insanın deyimidir.

Bu səbəbi qurani-kərim gözəl açıqlayır. Qurani-kərim Fatir surəsinin 10-cu ayəsində buyurur:

 

إِلَيْهِ يَصْعَدُ الْكلَمُ الطَّيِّبُ وَ الْعَمَلُ الصَّلِحُ يَرْفَعُهُ

 

“Pak sözlər Ona tərəf yüksəlir və (onu bilin ki, pak sözləri Allahın) dərgahina yüksəldən saleh (yaxşı) əməldir.”

Deməli, tövhidi əməli şəkildə göstərmək dediyimiz İlahi şüarların Allah dərgahına ucalmasının yeganə yoludur. Dedik ki, tövhidin dörd növü vardır. Elə isə bu növlərin hər birinin əxlaqı necə olmalıdır?!

1- Tövhidi-zatinin əxlaqının mənası budur ki, bizdə Fironluq ruhu, yəni istibdad, təkəbbürlük, cahillik, yalançılıq, hiyləgərlik, özbaşınalıq, zorakılıq ... ruhu olmasın. Çünki əgər qəlbimizdə nəfsin istək və fironluq ruhu olarsa, dildə Allahın birliyinə şəhadət verməyimizə rəğmən əməldə “şirki-zati”də olarıq.

Bütün müharibə və ixtilafların mənşəyi də elə bu fironluq ruhudur. Əgər insanlar özlərindəki fironluq və mənəmlik (heç kəsi bəyənməmək, hamıya alçaq nəzərlə baxmaq) ruhunu öldürə bilsələr yer üzünü başdan-başa xoşbəxtlik və səadət bürüyər.

Qurani-kərim Bəqərə surəsinin 30-cu ayəsində buyurur:

 

وَ إِذْ قَالَ رَبُّكَ لِلْمَلَئكَةِ إِنىّ‏ِ جَاعِلٌ فىِ الْأَرْضِ خَلِيفَةً  قَالُواْ أَ تجَعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَ يَسْفِكُ الدِّمَاءَ وَ نحَنُ نُسَبِّحُ بحِمْدِكَ وَ نُقَدِّسُ لَكَ  قَالَ إِنىّ‏ِ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

 

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

Mələklər insanın cismi xüsusiyyətinə əsasən bu sözləri demişdilər. İnsan mənəvi və daxili aləmindən uzaqlaşarsa fironluq ruhuna malik olar.

İxtilaf və müharibələrin əsası fironluq ruhundandır. Əgər iki tərəf bir-biri ixtilafdadırsa ya tərəflərin hər ikisi, ya da ikisindən biri günahkardır. Çünki haqq əhli heç var bir-birləri ilə ixtilafda olmazlar.

Peyğəmbərlər, imamlar və kamil möminlər arasında belə bir ruh olmadığı üçün onlar mehribandırlar. Elə edək ki, bu mənfi ruh, fironluq ruhu bizdən uzaq olsun.

.

2- Tövhidi-sifatinin əxlaqı budur ki, insan bütün fəzilətləri və yaxşılıqları Allahdan görsün, özündən yox.

Qarun ilə Süleyman peyğəmbərin fərqi də elə bundadır.

Həzrət Süleymanın o qədər sərvəti və var-dövləti vardı ki, tarixdə heç kimin  o qədər var-dövləti olmayıb. Cinlərin bir çoxları Süleyman peyğəmbərə tabe idilər və onun üçün hətta fəhləlik də edirdilər. Süleyman peyğəmbərin hakimlik etdiyi yerdən üç min kilometr uzaqda yerləşən Yəmənin Səba padşahı Bilqeyisin taxını Süleyman peyğəmbərin vəzirlərindən biri bir göz qırpımında həzrət Süleymanın yanına gətirdi. Belə bir qüdrətə malik olan Süleyman peyğəmbər bu sərvəti və qüdrəti barədə deyir:

 

هذا من فضل ربی

 

“Bu mənim Rəbbimin lütfündəndir (mərhəmətindəndir).” (Nəml surəsi 40-cı ayə)

.

Lakin Musa peyğəmbərin zamanında yaşamış o vaxtın ən varlı adamı olan Qarun tam əks istiqamətdədir. Belə ki, Musa peyğəmbər Qaruna “Allahın sənə verdiyi malın zəkatını ver” dedikdə Qarun deyir:

 

انما اوتیته علی علم عندی

 

“(Qarun) dedi: mən bu var-dövləti özümdə olan elm və bilik vasitəsilə əldə etmişəm.”

Görüyünüz kimi Qarun həyatdakı nailiyyətlərini Allahdan görmür, öz hünəri sayır. Halbuki Bilqeyisin taxtının Yəməndən Fələstinə gəlməsini həzrət Süleyman Allahın lütf və mərhəməti sayır.

Qarunda olan var-dövlət Allah tərəfindən idi, onun bu sözündən sonra Allah onun var-dövlətini yerə batırdı. Qarun əlində olduğu nemətlərin Allahdan olduğunu qəbul etmək istəmirdi.

Qurani-kərim Nur surəsinin 33-cü ayəsində buyurur:

 

و آتوهم من مال الله الذی آتاکم

 

“Allahın sizə verdiyi sərvətdən (Onun yolunda ehtiyaclı insanlara da) verin.”

.

3- Tövhidi-əfalinin əxlaqı budur ki, biz Allahın rübubiyyətini (yiyəlik, sahiblik, tanrılıq) Ona məxsus bilək, başqalarına və ya başqa şeyə məxsus bilməyək. Həyatda həqiqi təsiredicinin Allah olduğunu qəbul edək.

 

الحمد لله رب العالمین

 

“Həmd (şükr və sitayiş) yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.”

Varlıq aləminin həqiqi hakimi Allahdır.  Peyğəmbəri (s) də insanlara Allah Taala hakim təyin etmiş, Allahın qanunlarını bizlrə çatdırmasını əmr etmişdir.

Peyğəmbərdən (s) sonra isə insanlara elə bir adam rəhbərlik və hakimlik etməlidir ki, o şəxs Peyğəmbərin (s) bildiyi qanunların hamısını bilsin.

 

يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكمُ‏ْ

 

“Ey iman gətirənlər! Allaha itaət edin. Onun peyğəmbərinə (s) və (peyğəmbərin on iki məsum canişinləri olan) öz əmr sahiblərinizə itaət edin.”

.

4- Tövhidi-ibadinin əxlaqı budur ki, biz yalnız Allaha ibadət edirik.

Onu da deyək ki, əməldə Allaha ibadət və itaət etmək çox çətindir.

Qurani-kərim Fussilət surəsinin 30-cu ayəsində buyurur:

 

إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزَّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ أَلَّا تخَافُواْ وَ لَا تحَزَنُواْ وَ أَبْشِرُواْ بِالجْنَّةِ الَّتىِ كُنتُمْ تُوعَدُونَ

 

“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə mələklər nazil olub (belə deyərlər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!”

Bu ayə “La ilahə illAllah” dedikdən sonra sözünün üstündə durmağın və əməl ilə özünü doğrultmağın nə qədər çətin olduğunu göstərir.

Halbuki bir çox insanlar Allaha iman gətirdiklərini dil ilə desələr də həqiqətdə nəfslərinə itaət edirlər.

Qurani-kərim Casiyə surəsinin 23-cü ayəsində buyurur:

 

أَ فَرَءَيْتَ مَنِ اتخَّذَ إِلَاهَهُ هَوَئهُ

 

“Nəfsini (nəfsin istəklərini) özünə məbud (tanrı) edənləri gördünmü?!”

Bəli, hər “La ilahə illAllah” deyən Allaha itaət edən şəxs deyil. Bir çox insanlar bu pak kəlməni dil ilə desələr də, həqiqətdə Allahdan başqalarına –düşmənə, pula, vəzifəyə, ehtirasa, güclüyə, varlıya ... itaət edirlər.

baxılıb: 735 dəfə