Quran və Əxlaq

Tövhid əxlaqı

Tövhidin mənası Allahın birliyinə etiqaddır.

.

“Siffeyn müharibəsində döyüş zamanı bir nəfər imam Əli əleyhissalama yaxınlaşıb dedi: Ey möminlərin əmiri! Tövhidin (Allah birdir sözünün) mənası nədir?! Orada olanlar əsəbləşərək dedilər: Ay ərəb! İndi döyüş vaxtı bu sualın yeri deyil. İmam Əli əleyhissalam buyurdu: Onunla işiniz olmasın. Məgər bu camaatdan bizim istədiyimiz elə bu (tövhidin mənasını anlatmaq) deyilmi?

Əmirəlmöminin Əli əleyhissalam o kişiyə buyurdu:

Allah birdir sözü dörd cür təsəvvür edilə bilər. Bunların ikisi Allah ilə əlaqədar düz deyil, amma o biri ikisi Allah üçün sabitdir.

Allaha aid edilməsi düz olmayan iki qismin birincisi budur ki, “Allah birdir” sözündən məqsəd ədədlərin içindəki bir mənasına ola. Çünki ikincisi olmayan şeyə ədəd deyilməz. Məgər görmürsənmi ki, (Quran xristianlar barədə buyurur ki,) “Allah üçdən biridir” demək küfrdür (Bu sözü deyən kafirdir).

Həmçinin əgər deyilsə ki, “Allah birdir” və bununla da növ cins nəzərdə tutularsa bu da küfrdür (kafirlikdir).  Sanki bir nəfər deyir: Mövcud varlıqlardan biri də Allahdır, necə ki, deyilə: İnsanlardan biri də filan şəxsdir, çünki Allah barədə belə sözlər deyən adam bu halda Allahı kiməsə (nəyəsə) bənzətmiş olur.

Amma Allah üçün sabir olan vahid (bir) sözünün iki qismindən biri budur : O, birdir və varlıq aləmində onun bənzəri (tayı, oxşarı) yoxdur.

O birisi isə budur:  Allah Taala birdir, yəni ağıl və düşüncələrə (xəyallara) sığmır. Bizim Rəbbimiz bax belədir!”

ət-Təvhid (müəllif: Şeyx Səduq) 83-cü səhifə.

.

Tövhidin dörd növü vardır.

1- Tövhidi zati. (Zat və əsildə tövhid)

Yəni, zatında birdir. Zatında bir olmağın ən gözəl mənası Qurani-kərimin İxlas surəsidir.

“Bismillahir-rəhmanir-rəhim. De: O Allah birdir (şəriki yoxdur). Allah ehtiyacsızdır (əbədidir). Doğmamış və doğulmamışdır. Onun heç bir tayı-bərabəri (bənzəri) yoxdur.”

.

2- Tövhidi sifati. (Sifətlərdə tövhid)

Yəni Allah bütün ən gözəl sifətlərə malikdir. Məsələn: Elm, Qüdrət, Yaratmaq, Ruzi vermək...

Bu sifətlər məna cəhətindən müxtəlif və çoxlu sayda olsalar da misdaqda, yəni həqiqi vücuddları bir olan Allahın Özüdür. Allahda olan qıraq sifət və kənar xüsusiyyətlər deyil.

.

3- Tövhidi əfali. (Feldə və hərəkətdə tövhid)

Yəni: Varlıq aləmində təbii illət və səbəblərin hərəsinin özünəməxsus xüsusiyyətləri vardır, məsələn: günəşin istiliyi, bıçağın itiliyi, buzun soyuqluğu və sair. Bunların yaranışının əsli Allahdan olduğu kimi onların təsirləri də Allah tərəfindəndir. Başqa sözlə, kainatda yeganə təsiredici Allah Taaladır. Bu sözdən məqsəd heç də onların təsirinin təbii olduqlarının inkarı deyil, əksinə məqsəd budur ki, onların təsirləri zatən (əslində) özlərindən deyil, kənardan gəlmə və başqasındandır (Allahdandır). Onların təsirlərinı Allah onlarda qərar vermiş, həmçinin onların təsirləri Allahın izni və nəzarəti ilədir. Allah Taala istəməzsə onların təsirləri dayanar, necə ki, Qiyamət gününın əlamətlərində (Təkvir surəsi və sair surələrdə) görürük, və ya İbarahim peyğəmbər üçün bıçağının həzrət İsmaili kəsməməsi, Nun balığının Yunus peyğəmbəri udması amma yeməyib üç gün sonra sağlam halda sahilə düşürtməsi, dəryanın Musa peyğəmbəri qərq etməməsi, odun İbarahim peyğəmbəri yandırmaması və sair.

.

4- Tövhidi ibadi. (İbadətdə tövhid)

Yəni: İbadət yalnız Allah üçündür. Allahdan başqa heç kim. və heç nəyə ibadət etmək olmaz. Allahdan başqasına ibadət etmək küfr və kafirlikdir.

.

Bura qədər yazdıqlarımız tövhidin əqidədə olan mənasıdır.

Bizim məqsədimiz budur ki, tövhidin insan əxlaqında olmasının yollarını qısa surətdə də olsa açıqlayaq. Allaha inanan bünün insanlar tövhid əxlaqına malik olmalıdırlar. Tövhid əxlaqına mailk olmayan insanlar Allaha etiqadda naqisdirlər.

Qurani-kərim buyurur:

“Ey iman gətirənlər! Allaha iman gətirin.”

Bu ayənin mənalarından biri də budur ki, “Ey Tövhidi dildə və düşüncədə qəbul edənlər, əgər deyinizə inanırsınızsa onu həyatınızda, yəni rəftarınızda göstərin. Tövhid əxlaqına malik olun.
Bu mövzu çox mühüm olduğuna görə ona iki hissəyə bölmək daha məsləhətdir, təki daha yaxşı başa düşülsün.

İndi keçək əsas mətləbə. Tövhidin qeyd etdiyimiz dörd növünün əxlaqına necə malik olmalıyıq?!

Ardı var...

baxılıb: 562 dəfə