Quran və Əxlaq

İslam və dinlər arası anlaşma

Hal hazırda bütün dünyada geniş diskusiyaya səbəb olan mövzulardan biri də tolerantlıq mövzusudur.

Tolerantlıq ingilis dilindən tolerance sözündən götürülmüş, mənası “insanın razı olmadığı və ya bəyənmədiyi işin başqası tərəfindən baş verməsinə və ya həmin işin davam etməsinə icazə verməsi”dir. Məhz buna görədir ki, bəziləri “dözümlülük” sözünü “tolerance” sözünün sinonimi sayırlar.

İslam dini tolerantlığı tam mənada deyil, şərtlər və sərhədlər çərçivəsində qəbul edir. Odur ki, İslam dinlər arası münasibətlərdə tolerantlığı yox, “dinlər arası anlaşma” prinsipini qəbul edir. Tolerantlıq ilə dinlər arası anlaşma biri-birlərinə yaxın olsalar da fərqli mövzulardırlar.

Yəni, “bütün dinlərin nümayəndələrinin Allaha sitayiş etmələri kifayət edir” nəzəri düzgün deyildir. Bu nəzər Qurani-kərimə ziddir.

Belə ki, Qurani-kərim Ali İmran surəsinin 19-cu ayəsində buyurur:

“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır.”

Əlbəttə, bu bir həqiqətdir ki, ilahi peyğəmbərlər arasında heç bir ixtilaf və düşmənçilik olmamışdır, eləcə də onlar yer üzünə dəstə yaratmaq üçün gəlməmişlər. Amma bu, o demək deyil ki, hər zamanda müxtəlif dinlər olmuşdur, əksinə bu sözün mənası budur ki, hər bir insan peyğəmbərlərin hamısını “Allahın elçisi” olaraq qəbul etməlidir. Hər bir peyğəmbərin zamanında həmin peyğəmbərin şəriətinə əməl etmək hamının vəzifəsi olmuşdur. Bu hərəkət sonuncu peyğəmbər həzrət Muhəmmədə (s) növbə çatana qədər davam etmişdir.

Qurani-kərim Ali İmran surəsinin 85-ci ayəsində buyurur:

“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”

Deməli, dinlər arası anlaşmadan məqsəd başqa dinləri haqq bilmək və ya onlarla əqidə birliyi yaratmaq deyil, əksinə anlaşmadan məqsəd müştərək maddələrə söykənməklə qarşılıqlı münasibətlərdə baş verən və ya baş verə biləcək problemləri birgə həll etməkdir.

Müsəlmanların başqa dinlərin nümayəndələri ilə anlaşmaları əsasən iki səhnədə baş verir. Əməl və düşüncə səhnəsində.

Əməl və həyat səhnəsində başqa dinlərə xüsusi imtiyaz verən İslam, onlarla müsəlmanlar arasında qarşılıqlı əhdlərə və öhdəliyə əsasən bir çox haqqlardan yararlanmalarını zəruri sayır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd (s) buyurur:

“Agah olun! Əhd bağladığınız insanlara qarşı haqsızlıq etməyin, onlarla olan əhdinizi sındarmayın, onları mümkünsüz işlərə məcbur etməyin, razılıqları olmadan onların heç nəyinə toxunmayın...” (Sünəni Əbu Davad 3-cü cild 171-ci səhifə)

Lakin düşüncə və təfəkkür səhnəsində İslam, bütün müsəlmanlara başqa dinin nümayəndələri ilə əlaqədar əsas üç tapşırıq verir.

1- Elmə əsaslanan müzakirə

2- Gözəl şəkildə İslam əqidəsini onlara tanıtdırmaq

3- Qarşılıqlı anlaşma şəraitində rəftar və münasibət                                      

Belə ki, Qurani-kərim Ali İmran surəsinin 64-cü ayəsində başqa dinlərin nümayəndələrini anlaşmaya dəvət edərək buyurur:

“(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”

İslam özünü keçmiş dinlərin qoruyucusu və gözətçisi saymaqla yanaşı, istər əməl istərsə də düşüncə sahəsindəki qarşılıqlı baxışlarda və müştərək hədəflərdə onları qorumağı da öz öhdəsinə götürmüşdür. Çünki keçmiş dinlərin zəifləməsi İslamın zəifləməsinə, eləcə də İslamın zəifləməsi keçmiş dinlərin zəifləməsinə səbəb olacaqdır.

Odur ki, Qurani-kərim Həcc surəsinin 40-cı ayəsində dinsizlərin və bütpərəstlərin yer üzündə dinlərin kökünü kəsmək istəklərinə qarşı mübarizənin bütün dinlərin yaşamasının səbəbi olduğunu açıqlayaraq buyurur:

“O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”

Sonda onu da vurğulayaq ki, hazırda dünyada dinlər arası anlaşma lazımlı səviyyədə deyil. Buna isə əsas maneələr dinlərin bir-birlərini yaxşı tanamamaqları, istismarçıların bu səhədə pozucuqları və bu sahədə nüfuzlu olan şan-şöhrət məqamını sevən insanlardır.

baxılıb: 537 dəfə