Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Onuncusu

Allah yolunda yaxşılıq edin, ehtiyaclı insanlara dəstək olun, onlara yardım edin...

Qurani-kərimin 47-ci Muhəmməd surəsində bəsirətli olmağın 10 yolu

ONUNCU YOL
Allah yolunda ehsan etmək və xəsislikdən çəkinmək insanı bəsirətli edir.

Qurani-kərim bu surənin, yəni Muhəmməd surəsinin 38-ci ayəsində buyurur:

هَأَنتُمْ هَؤُلَاءِ تُدْعَوْنَ لِتُنفِقُواْ فىِ سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ  وَ مَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ  وَ اللَّهُ الْغَنىِ‏ُّ وَ أَنتُمُ الْفُقَرَاءُ  وَ إِن تَتَوَلَّوْاْ يَسْتَبْدِلْ قَوْمًا غَيرْكُمْ ثُمَّ لَا يَكُونُواْ أَمْثَالَكمُ

“Budur, siz (mal-dövlətinizin azacıq bir hissəsini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!”

İnsanda bəsirətin inkişaf etməsi üçün Allah yolunda, yəni Allaha xatır infaq, ehsan etmək lazım və zəruridir. 
Xüsusilə də indiki zamanda insanların bəsirətlərinin çoxalması üçün infaq etmək, sədəqə və ehsan etməyin zərurəti daha da çoxdur. 
Çünki bu yolla insanlar hər tərəfi bürümüş saysız fitnə və hiylələrdən nicat taparlar, qurtularlar. İnfaq eməkdən məqsəd yalnız maddi tərəfə aid deyil. 
Maddi köməklərlə yanaşı, insanlara mənəvi, əxlaqi, elmi və sair cəhətlərdə də köməklik göstərmək lazımdır. Bu yardım etmələr sayəsində insanda bəsirət əmələ gəlir və getdikcə çoxalır.

NƏTİCƏ:
Allah Taalanın lütfü və rəhmi ilə sonuncu peyğəmbər həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- şərəfinə o həzrətin adına adlandırılılmış Qurani-kərimin 47-ci surəsində bəsirətli olmağın 10 yolunu sizlərə təqdim edə bildik.
Bəsirətin yaranması və çoxalması üçün bu 10 yola əməl etməklə insanlər həm də dərin idrak və düşüncəyə, qəlbi və ruhi rahatlıqlara malik olarlar, həmçinin qarışıq ictimai-siyasi hadisələrdə özlərini itirməzlər, yollarını azmazlar, əksinə başqalarına da düz yolda sabit qalmaqları və azmamaları üçün kömək edərlər.
Allah Taala bizləri bəsirətli etsin və insanlara fayda verən şəxslərdən qərar versin.

baxılıb: 608 dəfə