Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Doqquzuncusu

İmanlı və təqvalı olmaqla pis işlərdən uzaq olmaq insanı bəsirətli edir

Qurani-kərimin 47-ci Muhəmməd surəsində bəsirətli olmağın 10 yolu

DOQQUZUNCU YOL
İmanlı və təqvalı olmaqla haram əyləncələrdən və günahlardan uzaq olmaq insanın bəsirətini artırır.

Qurani-kərim bu surənin, yəni Muhəmməd surəsinin 36-cı ayəsində buyurur:

إِنَّمَا الحْيَوةُ الدُّنْيَا لَعِبٌ وَ لَهْوٌ  وَ إِن تُؤْمِنُواْ وَ تَتَّقُواْ يُؤْتِكمُ‏ْ أُجُورَكُمْ وَ لَا يَسْلْكُمْ أَمْوَالَكُمْ

“Dünya həyatı yalnız oyun-oyuncaq və əyləncədir. Əgər iman gətirsəniz və təqvalı olsanız Allah sizin mükafatlarınızı kamil şəkildə (tam olaraq) verəcəkdir, (sizi hidayət etdiyinə görə) sizin var-dövlətinizi istəməz.”

Ayədə işlədilən “ləib” (oyun-oyuncaq) kəlməsinin həqiqi mənası xəyal üzərində qurulmuş və real aləmdə insana heç bir faydası olmayan işlərdir. “Ləhv” (əyləncə, baş qatmaq) kəlməsinin isə həqiqi mənası insanın aldadıcı işlər ilə başının qarışması nəticəsində mühüm işlərdən məhrum olmasıdır.
Allah Taala sizi hidayət etməyinin əvəzində sizin malınızı istəmir. Allah Taalanın sizin malınıza ehtiyacı yoxdur. Sizə tapşırılan sədəqə, zəkat, ehsan vermək isə həqiqətdə sizin özünüz üçündür. Bunlar bir tərəfdən sizin ruzinizin və ömrünüzün artmasına, bəlanın sizdən uzaq olmasına... səbəb olur, digər tərəfdən isə cəmiyyətinizdə yoxsulluğun qarşısı alınır, yetimlərə qayğı göstərilir, ehtiyaclı insanların ehtiyacı ödənilir, millət və dövlətin əmin-amanlığı qorunur...
Allah Taala 8-ci Ənfal surəsinin 29-cu ayəsində buyurur:

يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ إِن تَتَّقُواْ اللَّهَ يجَعَل لَّكُمْ فُرْقَانًا وَ يُكَفِّرْ عَنكُمْ سَيِّاتِكمُ‏ْ وَ يَغْفِرْ لَكُمْ  وَ اللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqq ilə batili ayırd edən( bir mənəvi qüvvə, bəsirət) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!”
Bu ayəyə əsasən imanlı və təqvalı insanın bəsirəti açılır, ona haqq ilə batili, düzlük ilə nahaqı, nur ilə zülməti, yaxşılıq ilə pisliyi, sədaqət ilə xəyanəti ayırd edə biləcək bir nuranilik və aydın görməklik qüvvəsi verilir.

Deməli, hər bir insan öz bəsirətinin çoxalması üçün dünya həyatındakı mənasız, faydasız və baş qatan işlərdən uzaq olmalıdır. Qıza müddətli ömrümüzü faydasız işlərə sərf edərək keçirməyək. Bu dünya əbədi axirət evi üçün keçid yeridir. 
Odur ki, əmirəlmöminin Əli əleyhissalam buyurur:

الدنیا ساعه و اجعلها طاعه

“Dünya bir andan ibarətdir, elə isə o anı itaətlə keçir.”

baxılıb: 566 dəfə