Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Altıncısı

Qohumlarla əlaqəni və get-gəli həmişə canlı saxlamaq, onlarla gözəl ünsiyyətdə olmaq insanın bəsirətini artırır.

ALTINCI YOL
Qohumlarla əlaqəni və get-gəli həmişə canlı saxlamaq, onlarla gözəl ünsiyyətdə olmaq insanın bəsirətini artırır.

Qurani-kərim bu surənin, yəni Muhəmməd surəsinin 22 və 23-cü ayələrində buyurur:

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُواْ فىِ الْأَرْضِ وَ تُقَطِّعُواْ أَرْحَامَكُمْ
أُوْلَئكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَ أَعْمَى أَبْصَرَهُمْ

“Əgər (Peyğəmbərdən və Qurandan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini (əlaqələrini) qırmaqdan başqa nə gözləmək olar ki?!
Onlar (fəsad törədən və qohumlarla əlaqəni kəsənlər) Allahın lənət etdiyi və (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir.”

Qohumlarla əlaqəni kəsməyin bu dərəcədə pislənməsi və onların Allahın lənətinə məruz qalması qohumluq əlaqələrini isti saxlamaq, eləcə də qohumlarla mehribanlıqla ünsiyyətdə olmağın vacibi bir İlahi tapşırıq olmasına görədir. Allahın vacib etdiyi hökmlərdən boyun qaçırmağın şiddətli cəzaları vardır.
Qohumlarla və yaxınlarla ünsiyyəti daha çox olan, həmçinin qohumlara xidmət edib onlarla mehriban davranmaq fürsətlərindən istifadə edən insanlar daha çox bəsirətli olurlar.
Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır. 
Amma azğınlıq yolunu seçən, İlahi göstərişləri və Quranın əmrlərini saymamazlığa vuran kimsələrin ilk ziyanları yer üzündə fitnə-fəsad törətmək və qohumlarla, yaxınlarla əlaqəni kəsməkdən ibarətdir. Bu da bəsirətsiz insanların əlamətidir.
Həyatda böyük süqut və uçurumlar məhz insanın kiçik saydığı şeylərə məhəl qoymamaq, onlarla rəftarını düzgün tənzimləmək ilə başlayır. İlk baxışda çox sadə görünən qohum-əqraba ilə rabitə və əlaqəni kəsmək, onları incitmək... zaman keçdikcə insanı inhiraf və tənəzzülə sürükləyir, imanı və ixlası tamamilə həmin insanın qəlbindən çıxararaq yerində inadkarlıq, şəkk-şübhə, kin, nifrət toxumları əkir.
Deməli, bəsirətli olmaq istəyən hər bir şəxs qohumlarının və yaxınlarının varlıqları fürsətlərindən ən yüksək dərəcədə istifadə etməli, onlarla gözəl ünsiyyətin sayəsində Allah Taala yanında əziz və sevimli bəndə olmaq ləyaqətini əldə etməlidir.

baxılıb: 602 dəfə