Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun beşincisi

Allahın Peyğəmbərinə(s) və İmamlara itaət etmək və onların bu əmrləri barədə yalnız gözəl sözlər demək insanı bəsirətli edir.

BEŞİNCİ YOL

Allaha itaət və gözəl söz

 

Allah Taala bu surənin, yəni Muhəmməd surəsinin 21-ci ayəsində buyurur:

 

طَاعَةٌ وَ قَوْلٌ مَّعْرُوفٌ  فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُواْ اللَّهَ لَكاَنَ خَيرْا لَّهُمْ

 

“İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!”

 

Allah Taalanın Peyğəmbərə(s) göndərdiyi vəhylərə və ümumiyyətlə İslamın Məsum Rəhbərlərinin göstərişlərinə itaət edərək gözəl sözlər demək, yəni ürəkdən qəbul edərək dil ilə etiraf etmək həmin insanın Peyğəmbərlik və İmamət ilə həmkarlığının aşkar göstəricisidir.

Təbiidir ki, belə bir insanın qəlbi Allah Taalanın lütfü sayəsində nifaq, şəkk, qorxu, nadanlıq, təkəbbür, tərslik kimi ruhi-mənəvi xəstəliklərdən təmişlənmişdir. Çünki qəlbində bu sayılan qəlbi xəstəliklərin biri belə olan şəxs Peyğəmbərə(s) və İmamlara(ə) sədaqətlə itaətdən və həm də gözəl söz deyə bilmək bacarığından məhrum olacaqdır. Bu qəlbi xəstəliklər insanın bəsirətli olmasına qarşı qalın bir sədd və maneədir.

Münafiqlər, yəni riyakarlar adətən öz həqiqi simalarını gizlətməyə çalışsalar da çətin hadisələr zamanında, xüsusilə də Peyğəmbərin(s) əmrlərinin qəti olduğu anlarda öz aldadıcı simalarında qala bilmir və iç üzləri hamıya məlum olur. Onların qəlbi xəstə olduğundan məcburən və narazılıqla itaət etmələrinə rəğmən gözəl söz deməyə heç var cürətləri olmur.

Deməli, hər kim Peyğəmbərin(s) və ya İmamların(ə) əmrlərinə “itaət etmək və onlara gözəl söz demək” nemətinə malikdirsə, bu nemətinə görə eləcə də Allah Taalanın onların qəlbini nifaq, şəkk, qorxu, nadanlıq, təkəbbür, tərslik kimi ruhi-mənəvi xəstəliklərdən təmizlədiyinə görə Allah Taalaya çoxlu şükr etməlidir. Çünki İlahi risalətə itaət etmək və gözəl söz demək neməti kimə verilibsə, həqiqətdə o şəxsə bəsirət verilmişdir. Bu bəsirətli insanların Peyğəmbərin(s) və İmamların(ə) əmrlərinə və göstərişlərinə qəlbən itaət etmək və onların bu göstərişləri barəsində yalnız gözəl sözlər deyərək o Məsum Rəhbərləri heç vaxt incitməməkləri həmin bəsirətin nəticəsidir.

Çətinliklər zamanında sabitqədəm olmaq və agır məsuliyyətlərə tab gətirməyi bacarmaq istəyən insanlar gərək əvvəlcə nəfslərinin tərbiyəsi üçün çalışsınlar, onların kiçik saydıqları işlərdə belə itaət edib gözəl sözlər desinlər ki, bunun sayəsində onlarda bəsirət yaransın və gələcəkdə çətinliklər ortaya çıxdıqda sabitqədəm ola bilsinlər.

Deməli, bəsirətli insanlar hər zaman İlahi risalətə tabe olaraq Peyğəmbərin(s) və İmamların əmrlərinə itaət edir və bu barədə yalnız gözəl sözlər danışırlar.

baxılıb: 704 dəfə