Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolu və qaydası

Birinci yol. Allah Taalaya iman gətirmək və ixlas ilə yaxşı əməllər etmək.

Bəsirətli olmağın yolları

Qurani-kərimin 47-ci surəsi sonuncu peyğəmərin şərəfinə “Muhəmməd” surəsi adlandırılmışdır.

Muhəmməd surəsində “bəsirətli” olmaq üçün on yol və üslub qeyd edilmişdir. Bəsirətli olmaq istəyən hər bir şəxs bu on yoldan faydalanaraq bəsirətə sahib ola bilər.

Bəsirət sözü lüğətdə hər şeyin həqiqətini görən, idraklı və anlaqlı mənalarında işlədilmişdir.

Bəsirət “bəsər” (göz) kəlməsindəndir. Bəsər insanın zahiri gözünə, bəsirət isə batini və qəlbi gözə deyilir. Deməli, bəsirətin tərifi belə olur:

“Bəsirət, bütün varlıqların və hadisələrin həqiqətini tanıdaraq anladan batini və qəlbi bir qüvvədir.”

Allah Taala Qurani-kərimin Nur surəsinin 40-cı ayəsində buyurur:

 

و من لم يجعل اللَّه له نوراً فماله من نور

 

“Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.”

Bu ayədən məlum olur ki, bəsirəti insana bəxş edən Allahdır. Allahın insanlara bəxş etdiyi mənəvi nemətlər isə yalnız iman yolu ilə bəxş edilir. Deməli, bəsirətli olmaq imandandır.

 

1- İmanlı olmaq və ixlasla yaxşı əməllər etmək

 

Allah Taala bu surənin, yəni Muhəmməd (s) surəsinin 2-ci ayəsində buyurur:

 

وَ الَّذينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ وَ آمَنُوا بِما نُزِّلَ عَلى‏ مُحَمَّدٍ وَ هُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئاتِهِمْ وَ أَصْلَحَ بالَهُمْ

 

“(Allaha) iman gətirib yaxşı əməllər edənlərin,( həmçinin) Rəbbindən Muhəmmədə (s) haqq olaraq nazil edilənlərə iman gətirənlərin (inananların) günahlarını Allah bağışlayacaq, onların əhvalını (dünyada və axirətdə) islah edəcəkdir (düzəldəcəkdir).”

Bu ayədə “iman gətirənlər” sözü iki dəfə işlənmişdir. Birinci dəfə Allaha iman gətirmək, ikinci dəfəsində isə həzrət Muhəmmədə (s) Allah tərəfindən göndərilənlərə iman gətirməklə əlaqədar işlənmişdir. Bu növ bəyan “ümumi sözdən sonra xüsusi sözün açıqlanması” adlanır. Yəni yalnız Allaha iman gətirmək insanın imanının kamil olmasına kifayət etmir.

Allah tərəfindən Peyğəmbərə (s) göndərilən hər şeyə iman gətirmək, inanmaq lazımdır. O cümlədən, Qurana iman, Cihada iman, Namaz və Oruca iman, Əxlaqi dəyərlərə iman, xülasə Allah tərəfindən haqq olaraq göndərilənlərin hamısına iman gətirmək lazımdır.

“Yaxşı əməllər edən” sözünün mənası isə budur ki, Allah Taalaya iman gətirdikdən sonra yaxşı işlər etmək lazımdır. Bu yaxşı işlərin ən başlıcası həzrət Muhəmmədə (s) Allah tərəfindən göndərilənlərə əməl etməkdir. O cümlədən, Namaz qılmaq, Oruc tutmaq, Cihadda iştirak etmək, Həccə getmək və sair. Eləcə də Əxlaqi dəyərlərə əməl etmək, o cümlədən insanlarla yumşaq davranmaq, qohumlara get-gəl etmək, xəstələrə baş çəkmək, şəhidləri ziyarət etmək və sair.

 Belə bir imanın nəticəsində insanın batini və qəlbi nurlanır. İnsan həyatda gözüaçıq olur və hər bir şeyin batinini, həqiqətini və əsil simasını görüb dərk edə bilir.

Odur ki, Allah Taala Qurani-kərimin Nur surəsinin 35-ci ayəsində buyurur:

 

نور على نور يهدى اللَّه لنوره من يشاء

 

“Nur üstündə nurdur. Allah istədiyini Öz nuruna hidayət edər (qovuşdurar).”

Deməli, Allah tərəfindən bir nur əvvəlcə insanın qəlbində və batinində qərarlaşır, sonra ilə həmin insanın imanı və yaxşı əməllərinin davam etməsi nəticəsində nur ardınca nur onun qəlbinə daxil olur, beləliklə də insanın batinini nurlandırır. Bəsirət də bu nurun işığı ilə görməkdir.

Allah Taala hamımızı iman gətirib yaxşı əməllər edənlərdən və qəlbi İlahi nurla parlayan insanlardan qərar versin.

Ardı var...

baxılıb: 614 dəfə