Quran və Əxlaq

Bəqərə surəsinin 27-ci ayəsi

”(Fasiqlər o kəslərdir ki,) Allahla bağladıqları əhd-peymanı möhkəmləndikdən sonra pozarlar, Allahın bərqərar etməyə əmr etdiyi rabitələri kəsərlər və yer üzündə fəsad törədərlər. Onlar ziyana uğrayanlardır.”

الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ)

HƏQİQİ ZİYANA UĞRAYANLAR

 Bu ayə fasiqlərin üç xüsusiyyətini qeyd edərək onları tamamilə ifşa edir.

1 Fasiqlər (günahkarlar) o kəslərdir ki, Allahla bağladıqları əhdpeymanı pozurlar:

الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ

2 Sonra onların ikinci əlamətlərini açıqlayaraq buyurur: Onlar, Allahın bərqərar etməyə əmr etdikləri əlaqələri kəsirlər.

وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ

Təfsirçilərin çoxu bu ayəni qohum əqraba ilə olan əlaqələrin kəsilməsi kimi izah etmişlər. Lakin ayənin məfhumuna diqqət yetirsək məlum olar ki, burada daha geniş bir məna nəzərdə tutulur ki, qohumluq əlaqələrinin kəsilməsi sadəcə olaraq onun konkret nümunələrindən biridir.

Çünki, ayə buyurur: “Fasiqlər Allahın bərqərar olunmağa əmr etdiyi əlaqələri kəsirlər.” Bu əlaqələr qohumluq, dostluq, ictimai rabitələr və Allahla olan digər əlaqələrə də şamildir.

Bəzi hədislərdə “ما أمر الله به أن يوصل” cümləsi Əmirəl-möminin Əli (ə) və sair Əhli-beyt imamları ilə olan əlaqə kimi təfsir edilmişdir.

3 Fasiqlərin (günahkarların) digər əlamətlərindən biri də yer üzərində fitnəfəsad törətməkdir. Bu həmin nişanələrin axırıncı mərhələsində adı çəkilən məsələdir: “Onlar yer üzərində fitnəfəsad törədirlər.”

وَيُفْسِدُونَ فِي الأَرْضِ

Əlbəttə, aydın məsələdir ki, onlar Allahı unudaraq Ona itaət etməkdən boyun qaçırmışlar və hətta öz qohumlarına qarşı belə, mərhəmət və şəfqət göstərmirlər. Bu halda başqaları ilə necə rəftar etmələrini izah etməyə ehtiyac yoxdur. Onlar yalnız kam almaq, öz şəxsi ləzzətlərinə çatmaq və şəxsi mənafe əldə etmək istəyirlər. Cəmiyyətin hansı tərəfə sürüklənməsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onların yeganə məqsədi daha çox ləzzət almaqdır. Bu hədəfə çatmaq üçün də heç bir yaramaz işdən çəkinmirlər. Bu cür təfəkkür tərzi və bədrəftarlığın cəmiyyətdə necə də ağır fəsadlara gətirib çıxaracağı aydın bir məsələdir.

Qurani-məcid bu ayənin axırında buyurur: “Məhz bunlar ziyana uğrayanlardır.”

أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ

Doğrudan da belədir! Bundan da ağır, ziyan ola bilərmi ki, insan özünün bütün maddi və mənəvi imkanlarını fəna, yoxluq, bədbəxtlik və cinayətkarlıq yolunda sərf etsin. Hansı ki, insanlar bu imkanlar sayəsində yüksək iftixar və səadət əldə edə bilərlər.

“Fisq” kəlməsinin məzmununa uyğun olaraq, Allaha itaət və bəndəçilik dairəsindən çıxan kəslərin bundan da acınacaqlı taleləri ola bilərmi?

İslamda fisq ən çirkin və mənfur günahlardan sayılır, hətta bu məsələ qətldən də böyük və ağır cinayətdir.

Bu məsələ İslam dini və onun ardıcıllarının yer üzərində sülh-səfa və sabitlik tərəfdarı olmalarını göstərən ən yaxşı dəlillərdən biridir. Buna görə də onlar sülhü heç bir şeylə dəyişmirlər.

baxılıb: 778 dəfə