Quran və Əxlaq

Bəşəriyyətin Əxlaq müəllimi peyğəmbərliyə seçilməsi

27 Rəcəb = 27 May günü bəşəriyyətin əxlaq müəllimi həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- peyğəmbərliyə seçilməsi günüdür.

27 May = 27 Rəcəb
Peyğəmbərlərin sonuncusu və ən fəzilətlisi həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- peyğəmbərliyə seçilməsi, həmçinin Allah Taala tərəfindən ilk vəhyin, yəni Qurani-kərimin ilk ayələrinin gəldiyi gündür.
Bayramınız mübarək olsun!

Məkkə camaatı arasında belə bir adət var idi ki, hər il bir ay, özüdə Rəcəb ayını tənhalığa çəkilirdilər. Bu inzivanın, yəni tanhalığa qapılmağın səbəbi tarixə hələ də məlum deyil. Məlum olan budur ki, bir çox insanlar tənhalığa qapılır, insanlarda uzaqlaşırdılar.
Sevimli Peyğəmbərimizin(s) babası ƏbdülMüttəlib də hər ilin bir ayını Hira mağarasına gedərdi. Onun yanına gələn ehtiyaclı insanlara orada yemək verərdi.
Tarixi sənədlərə əsasən həzrət Muhəmməd səllAllahu əleyhi və alih də ilk vəhy gələnə qədər tez-tez o Hira dağına gedər, Məkkə şəhərinin səs-küyündən uzaqlaşardı.
Hira dağı Məkkənin şimalındadır. Hira dağı yerləşən dağ silsiləsi Məkkənin şimalından 70 km.lik fasilədə olan Qırmızı dənizin sahillərinə Ciddə şəhərinə qədər uzanır.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin şərəfinə sonralar bu dağ Nur dağı, Quran dağı, İslam dağı və sair adlarla adlandırıldı. Hazırda camaat arasında bu dağ Cəbəlun-Nur, yəni Nur dağı adı ilə məşhurdur. Nur dağı Məkkənin ən hündür dağlarındandır. Hira dağı həm uzaq, həm hündür, həm də şəraitsiz olduğundan ora tərəf az adam gedərdi. Oraya heç kimin getməməsi həzrət Muhəmməd səllAllahu əleyhi və alihin tamamilə tək qalaraq ilahi mövzular barədə düşünməsi, dua, münücat və namazı, kainat barədə təfəkkür etməsi üçün əlverişli fürsət yeri idi.
37 yaşından etibarən həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Hira dağına getməsi çoxaldı. Nəhayət, ömrünün 40-cı ilində Rəcəb ayını 27-sində vəhy mələyi Cəbrail Allah-Taala tərəfindən həzrət Muhəmməd səllAllahu əleyhi və alihin yanına gələrək ona Allahın dinini yaymağı üçün Allahın Elçisi təyin edildiyini bildirdi. Allah tərəfindən ilk ayələr də məhz həmin bu gündə nazil oldu.
Üsuli Kafi kitabında Quranın fəziləti fəslində İmam Cəfər Sadiq əleyhissalam buyurur: Peyğəmbərə nazil olan ilk şey Bismillahir rəhmanir rəhim, İqrə bismi Rəbbikəlləzi xələq... ayələri idi...
Məhasini Bərqi kitabının 1-ci cildinin 41-ci səhifəsində İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Göydən elə bir kitab enməyib ki, əvvəli -Bismillahir rəhmanir rəhim- olmasın.”

Besətin, yəni Oeyğəmbərin(s) peyğəmbərliyə seçilməsinin hədəfi

Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin peyğəmbərliyə seçilməsinin və Quran-kərimin gəlişinin insanlara nələr bəxş etdiyini daha yaxşı bilmək üçün hər şeydən əvvəl Quran gəlməmişdən əvvəlki zamana nəzər salmaq lazımdır.
Qurani Kərim Cümə surəsinin 2-ci ayəsində buyurur:

هُوَ الَّذِى بَعَثَ فىِ الْأُمِّيِّنَ رَسُولًا مِّنهْمْ يَتْلُواْ عَلَيهْمْ ءَايَاتِهِ وَ يُزَكِّيهِمْ وَ يُعَلِّمُهُمُ الْكِتَابَ وَ الحْكْمَةَ وَ إِن كاَنُواْ مِن قَبْلُ لَفِى ضَلَالٍ مُّبِينٍ    

“(Quran) ayələrini onlara oxumaq, onların (əxlaqlarını) saflaşdırmaq və onlara Kitabı və hikməti öyrətmək üçün əksəriyyəti savadsız olan (Məkkə) camaatına onların özündən olan Peyğəmbər göndərən Odur.”

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül Bəlağədə 26-cı xütbədə buyurur:

فالهدى خامل و العمى شامل . عصي الرّحمان و نصر الشّيطان و خذل الإيمان

“Hidayət yollarının işıqları sönmüşdü, mənəvi korluq və nadanlıq hər yeri bürümüşdü, Allaha qarşı çıxırdılar, şeytana yardım edilirdi, iman etibarsız və faydasız şeyə çevrilmişdi...”

شْرَبُونَ اَلْکَدِرَ وَ تَأْکُلُونَ اَلْجَشِبَ وَ تَسْفِکُونَ دِمَاءَکُمْ وَ تَقْطَعُونَ أَرْحَامَکُمْ 

“Çirkli sular içirdiniz, quru və qatı yeməklər yeyirdiniz, bir-birinizin qanınızı nahaq yerə axıdırdınız, qohumlarınızla əlaqələri kəsmişdiniz...”

عالمهم منجل و جاهلهم مكرم و علي شر دين و شر دار

“Alimlərin dili bağlı idi, cahillərə isə hörmət edilirdi, çox pis qanunlarınız vardı, ənim amanlıq yox idi...” 

Məbəs günü həqiqətdə bütün ali və insani dəyərlərin canlanması və dirçəlişi günüdür.

1-    Besətin hədəfi adamlara insanlığı qaytarmaq idi. Məbəs insanlığın dirilməsi günüdür. Camaat insanlıqdan o qədər uzaqlaşmışdı ki, insani sifətlər və xasiyyətlər tamamilə unudulmuşdu. Qız uşaqlarını didi-diri torpağa basdırırdılar. Kim yirtıcı heyvanlara daha çox oxşayırdısa onu qəhrəman sayırdılar...
Qurani Kərim 55-ci ər-Rəhman surəsinin 1-ci və 2-ci ayələrində buyurur:

الرحمن علم القران خلق الانسان

“Rəhman (olan Allah), Quranı öyrətdi və İnsanı yaratdı”

Allah Taala insanlara Quranı öyrətməklə həqiqi insanı yaratdı. Deməli Qurandan uzaq düşmüş insanlar əslində insanlıqdan uzaq düşmüşlər.

2-    İnsanlar yalnız cismlərini və maddi dünyanı düşünürdülər. Mənəvi aləm, daxili paklıq, elm öyrənmək və öyrətmək kimi mühüm məsələlər yaddaşlardan silinmişdi.
Tarixi sənədlərə əsasən həzrət Muhəmməd səllAllahu əleyhi və alihin peyğəmbərliyə seçildiyi vaxt bütün Ərəbistan yarımadasında cəmi 17 nəfər yazıb oxumağı bilən adam vardı. 
Məbəs mənəviyyatı canlandırdı, mənəvi aləmi və bu bu aləmin zəruriyyətlərini o cümlədən elm öyrənmək və öyrətmək istəklərini yenidən insanlara qovuşdurdu.

3-    Besətin hədəfi insanın nəfsini tüğyanının qarşısını almaq və nəfsi saflaşdırmaqdır.
Qurani Kərim 96-cı Ələq surəsində buyurur:

ان الانسان ليطغي ان راه استغني

“İnsan quduraraq tüğyan edir. Elə ki, özünü ehtiyacsız görür”

Tüğyan budur ki, insan nəfsini saflaşdırmadığına görə onun əldə etdiyi elm, dünya malı, övlad, qadın, vəzifə... onun tüğyanına səbəb olur. Özündən başqa heç kimə şəxsiyyət vermir. Özünün daha da ucalması üçün bütün yaxşı və pis yollara əl atır, heç kimə rəhm etmir, ta o həddə irəli gedir ki, özünü insanların ağası bilir.
Qurani Kərim belə bir hadisəni Firon barədə nəql edir.

انا ربكم الاعلي

“(Firon dedi: Ey camaat) sizin uca Rəbbiniz elə mən özüməm”

Qurani Kərim ən-Naziat surəsi 24-cü ayə.

Besətin hədəflərindən biri insanlara tüğyanın əlindən nicat verməkdir.
Allah Taala bizləri həqiqi möminlərdən və əməl məhlində qərar versin. Bizlərə Qiyamət günü həzrət Muhəmməh və ali Muhəmməd ilə birlikdə olmağı nəsib etsin.

baxılıb: 585 dəfə