Quran və Əxlaq

Qurani-kərimdə riya və riyakarlıq -1-

Riya sözünün əsli ərəd dilindən -ruğyət kəlməsindəndir, mənası etdiyi əməli göstərməkdir. İnsanın onu etməkdən məqsədi budur ki, bu işlər vasitəsiylə insanların qəlbini özünə cəlb edsin. İnsan riyanı 4 şəkildə edir.

1. Öz sözləriylə və danışıqlarıyla.

Məsələn: Etdiyi moizələrlə, nəsihətlərlə, gözəl kəlamlar danışmaqla. Məqsədi isə budur ki, camaat bunun vurğunu olsun və camaatın qəlblərini ələ alsın.

2. Əməlləri ilə.

Məsələn: Namazını uzadır, rükusunu uzadır , qunutunu uzadır və.s.

3. Görünüşü ilə.

Məsələn: Zahirini və qiyafəsini gecə oyaq qalanlar və zahidlər kimi göstərir...

4. Özünü islam və müsəlmanların qayğısını çəkən kimi aparmaqla.

 

Deməli, insan riyanı bu dord yolla edir dillə, əməllə, zahiri görünüşüylə və simaı ilə. Bu əməlin tərzidir, yəni zahiri görünüşüdür. Lakin riyakar insanın hədəfi də 4 cür olur.

a) Yalnız özünü camaata göstərməkdir, yəni diqqət mərkəzində olmaq məqsədi ilə riyakarlıq edir.

b) Həm savab niyyəti var, həm də özünü göstərmək niyyəti. Amma savab niyyəti özünü göstərməkdən çoxdur.

v) Həm savab qazanmaq , həm də özünü göstərmək eyni səviyyədədir.

d) Həm savab niyyəti var, həm də özünü göstərmək niyyəti. Amma özünü göstərmək niyyəti savab qazanmaqdan daha çoxdur.

 

Riya bəzən imanın özündədir, bəzən də əməlində.

 

Qurani-Kərimdə riya və riyakarlığın haramlığı barədə ayələr:

1. Quran-kərim Bəqərə surəsinin 264-cü ayəsində buyurur:

 

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

 

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”

 

Bu ayədə bir çox incəlik və hikmətlər vardır, o cümlədən:

a) Bir sıra yaxşı əməllər var ki, onun əksi olan pis əməlləri etməklə həmin yaxşı əməli tamamilə yox etmək olur. Qurani-Kərim və hədislərdə buna “ihbat” deyilir. İhbat bir əməlin silinib yox olması deməkdir.

 

عن أبي جعفر ( عليه السلام ) أنه قال : الابقاء على العمل أشد من العمل ، قال :

وما الابقاء على العمل ؟ قال : يصل الرجل بصلة وينفق نفقة لله وحده لا شريك له

فكتب له سرا ثم يذكرها فتمحى فتكتب له علانية ( 3 ) ، ثم يذكرها فتمحى

وتكتب له رياء

 

İmam Muhəmməd Baqir əleyhissalam buyurdu:

“Etdiyin əməli qoruyub saxlamaq həmin əməli etməkdən daha çətindir.

Soruşdular: -Bu necə olur?

İmam Muhəmməd Baqir əleyhissalam buyurdu: Bir şəxs gecə vaxtı gizlicə bir nəfərə Allah xatirinə yaxşılıq eləmişdi və gizlində yaxşılıq etmək savabı (ikiqat savab) yazıldı. Lakin sonra camaatın içində gecə elədiyi işi camaata dedi və ona gizlindki savabın əvəzinə aşkarda sədəqə vermək savabı yazıldı. Sonra yenidən gecə etdiyi əməli insanlara təkrar söylədi və o şəxs elədiyi yaxşılığın savabından məhrum oldu və ona riyakarlıq (günahı) yazıldı.”

əl-Kafi 2-ci cild 296-cı səhifə

 

b) Riyakarlıqla edilən əməlin bu cür daşa bənzədilməsi onu göstərir ki, riyakar adamların etdikləri yaxşılıq, daşın üzərində olan toz kimidir. Yəni həqiqətdə onların yaxşılıq etmək niyyətləri yoxdur.

 

c) Ayənin sonunda da Allah Təala buyurur ki, riyakar kafirdir. Yəni bu əməlin kökündə küfr (inamsızlıq) dayanır. Belə insanın nə Allaha nə də axirətə düzgün inamı yoxdur.

 

2-  Qurani-kərim Nisa surəsinin 38-ci ayəsində buyurur:

 

وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآَخِرِ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا

 

“Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!”

 

Bu ayədə iki mühüm incəlik vardır:

a) Şeytandan məqsəd pis insanlardır. Pis insanlarla oturub durmaq və yoldaşlıq etmək insanın tədriclə Allaha qarşı çıxmasına və əməllərini ancaq özünə görə etməsinə gətirib çıxarır.

Məsələn: Hər hansı bir işi etmək istəyərkən fikirləşir ki, görəsən bu işdən mən xeyir götürəcəmmi? Əgər buna xeyir gələcəksə edir, xeyir gəlməyəcəksə etmir. Yəni savab qazanmaq və axirət barədə qətiyyən düşünmür. Yalnız dünya məqsədlərini düşünür.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

مجالسة الأشرار توجب سوء الظن بالأخيار

 

“Pis adamlarla oturub-durmaq  insanın yaxşı adamlara nisbət bədbin və pis gümanlı olmasına səbəb olur.”

Vəsailuş şiə (Alul beyt çapı) 16-cı ciıd 264-cü səhifə 21524-cü hədis

 

b) Şeytanın insanla dostluğu qısa müddətli deyil, uzun müddətlidir. İnsan bu dostluğa son qoymalıdır.

Məsələn: Aşura gunu axşamüstü İmam Hüseyn əleyhissalam artıq meydanda tək qalmışdı və bu zaman bir nida edir, belə ki, həmin nida və çağırış yer üzündə hər kəsin qulağına çatır “Bir kömək edən varmı mənə kömək etsin. Bu zaman Ömər Sədin qoşununda ön sırada İmam Hüseyn əleyhissalam ilə üzbə-üz iki qardaş var idi, Səd və Əbulhətuf adında. Bu iki qardaş vaxtilə İmam Əli əleyhissalam ilə də vuruşublar, burda da ön sırada İmam Hüseyn əleyhissalama qarşı vuruşurdular. Bunlar İmam Hüseyn əleyhissalamın sözlərindən sonra bir-birilərinə baxıb dedilər ki, “Peyğəmbərin(s) bir övladı qalıb yer üzündə bunu da öldürmək istəyirik. Bu heç insafa sığmaz, biz nə pis əməl eləmişik”, beləliklə peşman olurlar. Qılınclarını çıxarıb hücum elədilər Ömər Sədin üzərinə ki, “sən insanları niyə Peyğəmbər(s)balasını öldürməyə gətirmisən?” Ömər Səd dedi: “başınız xarab olub? Biz işi demək olar ki, tamamlamışıq, təkcə bu qalıb. Bu qardaşlar dedilər: “Yox, biz peşmanıq olmuşuq etdiyimiz işlərdən və sənin özün ölməlisən” deyib hücum çəkdilər Ömər Sədin üzərinə. Bu zaman bu iki qardaşı tikə-tikə doğrayıb şəhid etdilər. Bu iki qardaş indi Kərbəla şəhidlərinin sırasındadı, 125 nəfər şəhiddən ikisi bunlardır.

Deməli, insan üçün tövbə qapısı heç vaxt bağlı deyil.

 

3. Qurani-kərim Nisa surəsinin 142-ci ayədə buyurur:

 

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا

 

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.”

 

4. Qurani-kərim Kəhf surəsinin 110-cu ayədə buyurur:

 

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

 

“De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın (riyakarlıq etməsin)!”

 “Salman Farsiyə dedilər: “ey Salman biz ölümü də, qiyaməti də qəbul edirik və öləcəyimizi də bilirik, amma ölmək istəmirik.”Salman deyir: “Bu ona görədir ki, sizin dünyanız abaddır, axirətiniz isə bərbad. Heç kim abad yerdən, bərbad yerə köçmək istəməz”. 

 

5. Qurani-Kərim Maun ssurəsinin 4-5-6-cı ayələrində buyurur:

 

فَوَيْلٌ لِلْمُصَلِّينَ

الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ

الَّذِينَ هُمْ يُرَاءُونَ

 

“Vay halına o namaz qılanların ki. Onlar öz namazlarından qafildirlər. Onlar (əməllərində) riyakarlıq edər”.

baxılıb: 666 dəfə