14 Məsum və əxlaq

Əxlaqi göstərişlər hədisi "Ünvan Bəsri"

Ünvan Bəsri hədisi Əhli-beyt tərəfdarları üçün çox dəyərli əxlaqi əməli göstərişlər məcmusudur. Təki bu hədisin mənalarını dərk etmək və göstərişlərinə əməl etməklə nəsfsani istəklərin itaətindən qurtularaq həqiqi elm və mərifətə yetişsinlər.

Bu əməli göstərişlər məcmusu öz zamanının dəbdə olan məşhur insanlarından dərs almış və sonda Əhli-beytin elmindən də faydalanmaq istəyən bir insanın əhvalatıdır. O şəxs İmam ilə görüşdükdə başa düşdü ki, həqiqi elm kitab və dərs oxumaqla eldə edilmir. Bəlkə elm bir nurdur ki, Allah Taala o nuru şərəfli insanın qəlbində yerləşdirir, şərəfli insan olmaq üçün isə həqiqi bəndə olmaq lazımdır.

Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: «Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim. İmam Cəfər Sadiq əleyhissalam bizim şəhərə gəldikdə onun hüzuruna getdim. Çünki o həzrətin də elmindən istifadə etmək istəyirdim. Bir gün mənə buyurdu: “Mən diqqət və nəzarət altında olan bir adamam. Bundan əlavə, hər bir gecə-gündüzün hər bir saatlarında xüsusi zikrlərim vardır. Sən mənim zikrlərimin qarşısını alma, elm kəsb etmək üçün əvvəldə olduğu kimi Malik ibni Ənəsin yanına get.”

Mən bu sözdən qəmgin oldum və onun yanından çıxıb getdim. Ürəyimdə dedim: “Əgər İmam (ə) məndən bir xeyir görsəydi məni görüşdən məhrum etməzdi.” Sonra Peyğəmbərin (s) məscidinə gedib o həzrətə salam verdim. Sonrakı gün də Peyğəmbərin (s) rövzəsinə gedib iki rəkət namaz qıldım və dua edərək dedim:

 

أَسْأَلُكَ يَا اللَّهُ يَا اللَّهُ أَنْ تَعْطِفَ عَلَيَّ قَلْبَ جَعْفَرٍ وَ تَرْزُقَنِي مِنْ عِلْمِهِ مَا أَهْتَدِي بِهِ إِلَى صِرَاطِكَ الْمُسْتَقِيمِ

 

Ey Allah, ey Allah! Sən Cəfərin qəlbinini mənə meylləndir və onun elmindən məni Sənin düz yoluna istiqamətləndirəcək qədər bəhrələndir!

 Sonra yenə də qəm-qüssə içində evə qayıtdım, amma Malik ibni Ənəsin yanına getmədim. Çünki imam Cəfər Sadiq əleyhissalama olan məhəbbət mənim qəlbimdə özünə yer açmışdı. Bir müddət guşənişinlik etdim. Vacib namazımı qılmaqdan başqa heç bir iş üçün evdən çıxmırdım. Nəhayət səbrim tükəndi. Bir gün Əsr namazını qılandan sonra İmamın (ə) qapısına getdim və daxil olmaq üçün icazə istədim. Xidmətçi gəlib dedi: “Nə işin var?”

Dedim: -Mən İmam (ə) ilə görüşüb ona salam vermək istəyirəm.

Dedi: -İmam (ə) mehrabda namaz qılır.

Sonra evə girdi. Mən də qapının ağzında oturdum. Çox keçmədi ki, xidmətçi qayıdıb dedi: - Allahın bərəkəti ilə mənzilə buyurun. Mən evə daxil oldum və Həzrətə (ə) salam verdim. Salamımı aldı və buyurdu:

-Əyləş, Allah səni bağışlasın. O Həzrətin (ə) hüzurunda oturdum. Mübarək başını aşağı saldı. Bir qədər sükutdan sonra başını qaldırıb buyurdu:

-Künyən (ləqəbin) nədir?

Ərz etdim: -Əba Əbdillah.

Buyurdu: -Allah səni bu künyədə (ləqəbdə) sabit saxlasın və səni müvəffəq etsin. Nə istəyirsən?

Ürəyimdə dedim: «Əgər bu görüşdə bu xeyir-duadan başqa bir fayda olmazsa belə, elə bu da mənim üçün dəyərli olacaqdır.» Sonra ərz etdim:

Allahdan istəmişəm ki, sənin qəlbini mənə qarşı mehriban etsin, sənin elmindən məni bəhrələndirsin. Ümidvaram ki, Mütəal Allah duamı qəbul etsin.

Həzrət buyurdu: -Ey Əba Əbdillah! (Həqiqi) Elm öyrənmək vasitəsilə hasil olmur. Əksinə, elm bir nurdur ki, Allah Taala hidayət etmək istədiyi bəndənin qəlbinə salır. Əgər elm istəyirsənsə, əvvəlcə qəlbində bəndəçiliyin həqiqətini yarat və elmi əməl vasitəsilə istə, Allah Taaladan dərk etməyi istə ki, sənə başa salsın.

Dedim: -Ey Şərif!

Buyurdu: -Mənə “Əba Əbdillah” de.

Dedim: -Ey Əba Əbdillah! Bəndəçiliyin həqiqəti nədir?

Buyurdu: -Bəndəçiliyin həqiqəti üç şeydədir.

Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.( Məs: Ağa qul münasibətlərində qulun heç bir şeyi olmur, hər nəyi varsa ağaya məxsusdur. Ağa qula 20 manat pul verib ki , aparıb bir neçə insana versin. Qulun iftiyarı yoxdur o pulları istədiyi yerə xərcləsin.)

İkincisi budur ki, özünün işlərin idarə olunmasında tədbiri yoxdur. Çünki bəndənin tədbiri sahibinin əlindədir. (Yəni bəndə qabaqcadan heç bir işi planlaşdırmır, fikirləşmir ki gələcəkdə nə edərəm və.s)

Üçüncüsü budur ki, özünü Allahın əmr və qadağalarına riayət etməyə məşğul edəsən. (Yəni bəndə o işi etməlidir ki , onu Allah tapşırıb və o işi etməməlidir ki , onu Allah qadağan edib.)

Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını – tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır. Əgər Allahın əmr və qadağaalrına riayət etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi şeylərlə zay etməyəcəkdir. Əgər Allah Taala hər hansı bir bəndəni bu üç şeylə əzizləyərsə, dünya, şeytan və camaatın işləri ona çox dəyərsiz və asan görünəcəkdir. Belə olan halda o, mal-dövlətini artırmaq və bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz. Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz.

Bu, təqvanın ilk dərəcəsidir. Allah Taala Qurani-Kərimdə  Qəsəs surəsinin 83-cü ayəsində buyurur:

 

تِلْكَ الدَّارُ الاَخِرَةُ نجَعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فىِ الْأَرْضِ وَ لَا فَسَادًا  وَ الْعَاقِبَةُ لِلْمُتَّقِينَ

 

“Biz bu axirət yurdunu yer üzündə başqaları üzərində hökmranlıq arzusunda olmayanlara və fitnə-fəsad törətməyənlərə qismət edərik. Xeyirli aqibət ancaq təqvalılar üçündür.”

 

Ərz etdim: -Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.

Buyurdu: -Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu getmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.

Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.»

İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:

1. Ehtiyatlı ol ki, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.

2. Acmamış yemə.

3. Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de.

Sonra həzrət Peyğəmbərin (s) buyurduğu aşağıdakı hədisi nəql etdi:

 

مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرّاً مِنْ بَطْنِهِ فَإِنْ كَانَ وَ لَا بُدَّ فَثُلُثٌ لِطَعَامِهِ وَ ثُلُثٌ لِشَرَابِهِ وَ ثُلُثٌ لِنَفَسِهِ

 

“İnsan qarnından daha şər (pis) qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır.”

Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:

1. Hər kəs sənə “mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm” - desə sən onun cavabında de: “Əgər sən mənə on kəlmə pis söz desən belə cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!”

2. Hər kəs sənə nalayiq sözlər desə cavabında de: “Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!”

3. Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua vədəsi ver.

Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:

1. Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.

2. Şəxsi rəyinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.

3.Yırtıcı şirdən qaçdığın kimi, özündən fətva verməkdən də çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə. (Yəni elə etmə ki, camaat səndən elm öyrənib əməl edələr, cənnəti qazanalar, sən özün isə dünyaya , var dövlətə , riyaya aldanıb məhv olasan.)

Sonra İmam buyurdu: Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər yaxşılıq (nəsihət) etdim, mənim zikrlərimə mane olma. Çünki mən özümə və vaxtlarıma ciddi yanaşıram. Salam olsun hidayətə tabe olanlara!

 

Hədisin qısa şərhi.

İmam Cəfər Sadiq əleyhissalam elmin Allah Taalanın nuru olduğunu bəyan edir. Allah Taala bu elmini həqiqi bəndələrin qəlbində yerləşdirir. Deməli, həqiqi elmə malik olmaq istəyən insan hər şeydən əvvəl həqiqi bəndə olmaq üçün çalışmalıdır.

Allah Taala Ənkəbut surəsinin 69-cu ayəsində buyurur:

 

وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهَدِيَنهَّمْ سُبُلَنَا

 

“Bizə çatmaq üçün çalışanları mütləq öz yollarımıza hidayət edəcəyik.”

 

İmam Cəfər Sadiq əleyhissalam bəndəçiyin əsasının üç şeydən ibarət olduğunu buyurur.

Birinci, insan malik olduğu şeylərin həqiqi sahibinin Allah Taala olduğunu dərk etməlidir. Belə olduqda həmin mallardan insanlara bəxş etmək onu narahat etməyəcək.

 “Qəmbər deyir ki: Beytul-mala çoxlu bəxşiş gətirdilər. Əmirəlmöminin Əli əleyhissalam  bütün malı hesaba aldı və insanlar arasında payladı. Mən bu qənimətləri paylayarkən bir qabı ayırıb qoydum qırağa. Əmirəlmöminin Əli əleyhissalam buyurdu:  -ey Qənbər nə edirsən? Dedim: -Ya Əmirəlmöminin, sizin üçün ayırdım. İmam buyurdu: -sən camaata payla, axıra nə qalsa mən götürərəm. Bütün beytul-malı payladıq sonunda heç bir şey qalmadı. İmam əllərini qaldırıb Allaha şükür etdi”.

 Bu qədər malı payladı amma narahat olmadı, çünki bilirdi ki, özünün deyil.

İkinci, düşünərək gələcək üçün plan cızmaqdır. Plan cızmaq lazımdır, arzular fikirləşmək lazımdır, amma bilmək lazımdır ki, sənin həyatın bunun üzərində deyil, əsas Allahın istəyidir. Sevimli Peyğəmbər(s) buyurur ki:

“Ey insan sənin bu günki nailiyyətin (uğurların), dünənki arzularındır”.

Amma bilmək lazımdır ki, Allah Taalanın özünün sənin barədə planları var.

Üçüncüsü isə budur ki, Allah Taala nəyi tapşırıbsa onunla da məşqul olmaq. Yəni filan şey halaldı yeyə bilərsən, filan şey haramdır, yemirsən və.s.

İnsan layiq olmadığı yerə getməməli, bacarmadığı işi etməməlidir. Elə insanlar vardır ki, var maddi maraqlarına xatir halal harama baxmadan hər işi görür, layiq olmadığı vəzifədə əyləşir və.s.

İnsan bu sifətlərə yiyələnmək üçün əxlaqını kamilləşdirməli və müəyyən zamandan sonra özündə böyük dəyişiklikləri görəcəkdir. Yəni insanın irəliləməsində müəyyən maneələr vardır və bu maneələri uzaqlaşdırmaq üçün müəyyən zaman lazımdır. 

baxılıb: 787 dəfə