14 Məsum və əxlaq

Əxlaq nümunəsi –Fatimeyi Məsumə

Yeddinci imam Museyi Kazım əleyhissalamın qızı və səkkizinci imam Rza əleyhissalamın bacısı olan xanım Fatimeyi Məsumənin əsil adı “Fatimeyi Kubra”dır. Onun anası iman və paklıq nümunəsi kimi tanınan Nəcmə xanımdır.

Onu da qeyd edək ki, imam Museyi Kazım əleyhissalamın övladlarının içində yalnız imam Rza əleyhissalam və Fatimeyi Kubra bu nəcib xanımın övladıdırlar. Başqa sözlə desək Nəcmə xanım imam Museyi Kazım əleyhissalam üçün yalnız bu iki övladı dünyaya gətirmişdir.

Fatimeyi Kubranın ən məşhur ləqəbi “Məsumə”dir. Buna görə də o xanıma Fatimeyi Məsumə deyilir. Məsumə ləqəbini ona imam Rza əleyhissalam vermişdir. Məsumə sözünün mənası “günahsız” yəni, bəşəriyyət üçün ideal və nümunəvi şəxs deməkdir. Bu isə o xanımın ulu nənəsi Fatimeyi Zəhra əleyhasalam kimi çox böyük əxlaqa malik olmasının aşkar təzahürüdür.

Hədis və tarix kitablarında gəlmiş sənədlərə əsasən imam Museyi Kazım əleyhissalamın təxminən otuz yeddi övladının içində imam Rza əleyhissalamdan sonra ən fəzilətli və ən üstün övlad Fatimeyi Məsumədir. Deməli, imam Museyi Kazım əleyhissalamın oğullu qızlı bütün övladlarının içində imam Rza əleyhissalamdan sonra ən üstünü Fatimeyi Məsumədir.

Atası imam Museyi Kazım əleyhissalam şəhid ediləndə Fatimeyi Məsumənin 6 (altı) yaşı vardı. Atasının şəhid edilməsindən sonra o xanım əziz qardaşı imam Rza əleyhissalamın himayəsində yaşamışdır. İmam Rza əleyhissalam Fatimeyi Məsumədən 25 ( iyirmi beş) yaş böyük idi və o xanım 21 (iyirmi bir) il o həzrətin evində yaşamışdır. Bu da öz özlüyündə xanımın daha böyük mənəvi və əxlaqi zirvələrə yüksəlməsinə səbəb olmuşdur.

Xanım Fatimeyi Məsumənin zamanında yaşamış alimlər və tarixçilər o xanımın böyük əxlaq nümunəsi olduğuna etiraf etmiş, xalis ibadət, təqva, səbr, düzlük, həya, səxavət və mülayimliyi o xanımın əsas xüsusiyyəti kimi göstərmişlər.

İyirmi bir il qardaşı imam Rza əleyhissalamın himayəsində yaşadıqdan sonra hicrətin 200-cü ilində Xorasana sürgün edildi, mehriban bacı ilə qardaş arasında ayrılıq salındı. Qardaşsız yaşamağa dözə bilməyən mehriban bacı bir il sonra 201-ci hicri ilində qardaşı imam Rza əleyhissalamın yanına, yəni Xorasana getmək qərarına gəlir. İranın Savə şəhərində Əhli-beytin düşmənləri xanımın olduğu karvana hücum edirlər. Xanım Fatimeyi Məsumənin beş qardaşı və başqa yaxınları bu hücumda şəhid edilirlər. Karvan oradan xanımın göstərişi ilə Qum şəhərinə gəlir.

Baş vermiş müsibətlərin qəm-qüssəsi səbəbindən xanım Fatimeyi Məsumə 17 (on yeddi gün) sonra vəfat edir, evində qaldığı Musa ibn Xəzrəcin evindəcə dəfn edilir. Xanım Fatimeyi Məsumənin Qum şəhərində dəfn edilməsi Qum şəhərinin dəyərini daha da artırdı. Onu da qeyd edək ki, hazırda Qum şəhərində 444 (dörd yüz qırx dörd) İmamzadə vardır.

İmam Rza əleyhissalam bacısı Fatimeyi Məsuməyə oxuduğu ziyarətnamədə o xanıma səkkiz ləqəblə müraciət edərək buyurur:

السلام عليك ايّتها الطاهرة الحميدة البَرّةُ الرشيدةُ التقيَّة النقيّة الرضية المرضية

“Salam olsun sənə ey Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə”

Biharul ənvar 102-ci cild 266-cı səhifə

baxılıb: 647 dəfə