14 Məsum və əxlaq

Bəşəriyyətin əxlaq müəlliminin gəlişi


14 Aprel = 27 Rəcəb
Peyğəmbərlərin sonuncusu və ən fəzilətlisi həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- peyğəmbərliyə seçilməsi, həmçinin Allah Taala tərəfindən ilk vəhyin, yəni Qurani-kərimin ilk ayələrinin gəldiyi gündür.
.
Bayramınız mübarək olsun!
.
Məkkə camaatı arasında belə bir adət var idi ki, hər il bir ay, özü də Rəcəb ayını tənhalığa çəkilirdilər. Bu inzivanın, yəni tənhalığa qapılmağın səbəbi tarixə hələ də məlum deyil. Məlum olan budur ki, bir çox insanlar tənhalığa qapılır, insanlardan uzaqlaşırdılar.
Sevimli Peyğəmbərimizin(s) babası ƏbdülMüttəlib də hər ilin bir ayını Hira mağarasına gedərdi. Onun yanına gələn ehtiyaclı insanlara orada yemək verərdi.
Tarixi sənədlərə əsasən həzrət Muhəmməd səllAllahu əleyhi və alih də ilk vəhy gələnə qədər tez-tez Hira dağına gedər, Məkkə şəhərinin səs-küyündən uzaqlaşardı.
Hira dağı Məkkənin şimalındadır. Hira dağı yerləşən dağ silsiləsi Məkkənin şimalından 70 km.lik fasilədə olan Qırmızı dənizin sahillərinə Ciddə şəhərinə qədər uzanır.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin şərəfinə sonralar bu dağ Nur dağı, Quran dağı, İslam dağı və sair adlarla adlandırıldı. Hazırda camaat arasında bu dağ Cəbəlun-Nur, yəni Nur dağı adı ilə məşhurdur. Nur dağı Məkkənin ən hündür dağlarındandır.
Hira dağı həm uzaq, həm hündür, həm də şəraitsiz olduğundan ora tərəf gedən olmazdı. Oraya heç kimin getməməsi həzrət Muhəmməd səllAllahu əleyhi və alihin tamamilə tək qalaraq İlahi mövzular barədə düşünməsi, dua etməsi, münacat və namazı, kainat barədə təfəkkür etməsi üçün əlverişli fürsət yeri idi.
37 yaşından etibarən həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Hira dağına getməsi çoxaldı. Nəhayət, ömrünün 40-cı ilində Rəcəb ayının 27-sində vəhy mələyi Cəbrail Allah-Taala tərəfindən həzrət Muhəmməd səllAllahu əleyhi və alihin yanına gələrək ona Allahın dinini yaymağı üçün Allahın Elçisi təyin edildiyini bildirdi. Allah tərəfindən ilk ayələr də məhz həmin bu gündə nazil oldu.
Allah Taala tərəfindən gələn ilk vəhy ayələri Ələq surəsinin ilk beç ayəsi olmuşdur.
Üsuli Kafi kitabında Quranın fəziləti fəslində İmam Cəfər Sadiq əleyhissalam buyurur: Peyğəmbərə nazil olan ilk şey Bismillahir rəhmanir rəhim, İqrə bismi Rəbbikəlləzi xələq... ayələri idi...(96-cı surə 1-5-ci ayələr)
Məhasini Bərqi kitabının 1-ci cildinin 41-ci səhifəsində İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Göydən elə bir kitab enməyib ki, əvvəli -Bismillahir rəhmanir rəhim- olmasın.”
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin peyğəmbərliyə seçilməsinin və Quran-kərimin gəlişinin insanlara nələr bəxş etdiyini daha yaxşı bilmək üçün hər şeydən əvvəl Quran gəlməmişdən əvvəlki zamana nəzər salmaq lazımdır.
Qurani-kərim Cümə surəsinin 2-ci ayəsində buyurur:
هُوَ الَّذِى بَعَثَ فىِ الْأُمِّيِّنَ رَسُولًا مِّنهْمْ يَتْلُواْ عَلَيهْمْ ءَايَاتِهِ وَ يُزَكِّيهِمْ وَ يُعَلِّمُهُمُ الْكِتَابَ وَ الحْكْمَةَ وَ إِن كاَنُواْ مِن قَبْلُ لَفِى ضَلَالٍ مُّبِينٍ
“(Quran) ayələrini onlara oxumaq, onların (əxlaqlarını islah edərək) saflaşdırmaq və onlara Kitabı və hikməti öyrətmək üçün əksəriyyəti savadsız olan camaata onların özündən olan peyğəmbər göndərən Odur.”
Əmirəlmöminin Əli əleyhissalam Nəhcül Bəlağədə 26-cı xütbədə həzrət Muhəmmədə (s) qədər olan yaşayış barədə buyurur:
فالهدى خامل و العمى شامل . عصي الرّحمان و نصر الشّيطان و خذل الإيمان
“Hidayət yollarının işıqları sönmüşdü, mənəvi korluq və nadanlıq hər yeri bürümüşdü, Allaha qarşı çıxırdılar, şeytana yardım edilirdi, iman etibarsız və faydasız şeyə çevrilmişdi...”
شْرَبُونَ اَلْکَدِرَ وَ تَأْکُلُونَ اَلْجَشِبَ وَ تَسْفِکُونَ دِمَاءَکُمْ وَ تَقْطَعُونَ أَرْحَامَکُمْ
“Çirkli sular içirdiniz, quru və qatı yeməklər yeyirdiniz, bir-birinizin qanını nahaq yerə axıdırdınız, qohumlarınızla əlaqələri kəsmişdiniz...”
عالمهم منجل و جاهلهم مكرم و علي شر دين و شر دار
“Alimlərin dili bağlı idi, cahillərə isə hörmət edilirdi, çox pis qanunlarınız vardı, əmin amanlıq yox idi...”
.
Bəli, həzrət Muhəmməd (s) gəlişi ilə bəşəriyyətə nicat verdi. İnsanlar aşkar azğınlıqda idilər.
Fikri cəhətdən daşpərəst, bütpərəst, odpərəst, günəşpərəst, adampərəst ... idilər. Necə ki, indiki zamanda insanların bir çoxu pulpərəst, vəzifəpərəst, qərbpərəst, şərqpərəst ... olublar.
Həzrət Muhəmməd (s) 23 illik peyğəmbərliyi dövründə fikri azğınlıqda olanları -daşpərəst, bütpərəst, odpərəst, günəşpərəst, adampərəstləri islah etdi və onları cəmiyyətin sağlam üzvünə çevirdi.
Əgər zamanımızda həzrət Muhəmmədin (s) həqiqi İslam məktəbi icra edilərsə dövrümüzün fikri azğınlıqda olanları -pulpərəst, vəzifəpərəst, güclüpərəst, qadınpərəst, qərbpərəst, şərqpərəst və sairlər islah olaraq cəmiyyətin sağlam üzvünə çevrilə bilərlər.
Bunun üçün ən böyük yük möminlərin üzərinə düşür, möminlər yalnız əxlaq və mərifətləri ilə, həmçinin İslamı əməl və rəftarlarında göstərməklə azğınlıq içində olan insanların islah olmalarına və onların düz yola gəlmələrinə səbəb ola bilərlər.
 

baxılıb: 21 dəfə