Xanım Fatimə (ə) əxlaqında örtünmək

14 Məsum və əxlaq

Xanım Fatimə (ə) əxlaqında örtünmək

Müsəlman qadının ictimai işlərdə fəaliyyəti barədə mövzu daima ixtilaf obyekti olmuşdur. Bu mövzunun ən yaxşı izahı dünya və axirət qadınlarının sərvəri həzrət Fatimənin (ə) həyatı və yaşayış tərzidir. Müsəlmanlar üçün Qurani-kərimdən sonra on dörd məsum, yəni Həzrət Muhəmməd (s), xanım Fatimə (ə) və on iki imam (ə) müsəlmanlara Allahın höccətidirlər.

 Həzrət Fatimə əleyhasalam ilə əlaqədar bir hədisdə oxuyuruq:

إن فاطمة بنت رسول الله صلى الله عليه وآله

استأذن عليها أعمى ، فحجبته فقال لها النبي صلى الله عليه وسلم : لم حجبته ، وهو لا يراك ،

فقال : يا رسول الله إن لم يكن يراني فأنا أراه ، وهو يشم الريح ، فقال النبي صلى الله عليه وآله :

أشهد أنك بضعة مني

“Kor bir kişi həzrət Peyğəmbərin (s) qızı Fatimənin (ə) evinə daxil olmaq üçün o xanımdan icazə istədi, bu an xanım Fatimə (ə) dərhal yerdən qalxaraq hicabını bağladı (örtündü). Allahın Rəsulu (s) buyurdu: - Ona görə örtünməyə ehtiyac yoxdur, o (kor olduğu üçün) səni görmür. (Həzrət Fatimə) buyurdu: -ey Allahın Rəsulu (s)! O məni görməsə də mən onu görürəm və o mənim ətrimi hiss edə bilər. Allahın Rəsulu (s) (qızının bu sözlərini eşitdikdə) buyurdu: -Şəhadət verirəm ki, sən mənim canımın parasısan.”

Şərhu ihqaqul-həqq 10-cu cild 258-ci səhifə

.

Məsumlardan biri də həzrət Fatimədir (ə). Bəzi şəxslər Xanımın (ə) qadının evdə oturması və kişiləri görməməsi barədə hədislərə əsaslanaraq qadının evdən çölə çıxmasının düzgün olmadığını bildirmiş və ictimai işlərdə iştirakını qadağan etmişlər.

Həzrət Fatimə (ə) başqa bir yerdə buyurur:

خير للنساء أن لا يرين الرجال ولا يراهن الرجال

“Qadın üçün ən yaxşı şey budur ki, o qadın kişiləri, kişilər isə o qadını görməsin.”

Biharul-ənvar 43-cü cild 54-cü səhifə

.

Üçüncü hədisdə isə oxuyuruq:

أدنى ما تكون من ربها أن تلزم قعر بيتها

Həzrət Fatimə (ə) buyurdu: “Qadın öz evində oturduqda Allaha daha yaxın olur.”

Biharul-ənvar 43-cü cild 92-ci səhifə

Qadının vəzifələri mövzusunda araşdıqma aparmaq üçün xanım Fatimənin (ə) bu hədisləri ilə yanaşı o biri hədislərinin də hamısı tədqiq edildikdən sonra düzgün nəticəni əldə etmək olar.

Halbuki əgər biz məsumların həyatlarından dəqiq nəticə almaq istəsək onların bütün sözlərini  və həyatlarını tam dəqiqliklə araşdırmalıyıq ki, onların sözlərindəki məqsəd və niyyətlərini başa düşə bilək.

Odur ki, imam Cəfər Sadiq əleyhissalam buyurur:

عن أبي عبد الله عليه السلام قال : أنتم أفقه الناس ما عرفتم معاني كلامنا ، إن كلامنا

ينصرف على سبعين وجها

“Bizim sözlərimizin (həqiqi) mənasını anlasanız insanların ən fəqihi (dini dərk edəni) olarsınız, şübhəsiz bizim kəlamlarımız yetmiş cəhətə yozula bilir”.

Bu hədislərdən, xüsusilə üçüncü hədisdən bəlli olur ki, istər fərdi istər ictimai işlərdə meyar və əsas Allaha yaxınlaşmaq, yəni həqiqi bəndəçilik və kamillikdir.

Çünki bu hədislərin qarşısında tamamilə əks cəhətdə hədislər və tarixi cərəyanlar mövcuddur. Təsəvvür edin ki, xilafətin qəsb edilməsinin ilk günlərində mənəm-mənəm deyən qəhrəmanların səslərini çıxarmağa cürətləri çatmadığı zamanda xanım Fatimə (ə) Mədinə məscidinə gələrək yüzlərlə səhabənin qarşısında xilafəti qəsb edənlərə qarşı alovlu xütbə söyləyərək qəsbkarları ifşa edir. Gecələr mühacir (hicrət etmişlərin) və ənsarın (Mədinəlilərin) evlərinə gedərək onları haqq uğrunda mübarizəyə səsləyir. Yaxud gündüz çağı camaatın qarşısında fəryad edərək insanları əmirəlmöminin Əli əleyhissalamın haqqını müdafiə etməyə çağırır, “saçlarımı pərişan edərəm” –deyə qəsbkarları hədələyir. Övladları Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq birincinin yanına gedərək qəsb edilmiş Fədək bağının qaytarılmasını tələb edir...

Məhz buna görədir ki, məsumlar (onların hamısına Allahın salamı olsun) hədislərin məna və məqsədlərini düzgün dərk etməyin vacibliyini hər kəsə dönə-dönə tapşırmışlar.

Bu iki dəstə hədislər arasında heç bir təzad və ziddiyyət yoxdur, yuxarıdakı üçüncü hədisdə deyildiyi kimi bunların hamısında əsas və meyar Allaha yaxınlıq və qürbət məqsədidir ki, bu da yalnız Allah Taalaya xalis itaət və bəndəçilik ilə mümkün ola bilir. Allaha həqiqi bəndəçilik və itaət budur ki, hər bir zaman, məkan, mühit və şəraitdə onlara uyğun olan vəzifəni biləsən və məhz onu edəsən, çünki şərait dəyişildikdə insanın vəzifə və məsuliyyətləri də dəyişir. Hər bir şəraitin özünə məxsus hökmləri vardır.

Zəruri olmayan işlərdə kişilərlə təmasda olmaq düzgün deyil, ancaq vilayət haqqı və ya Allahın Peyğəmbərinin yaxud Vəlisinin canını hifz etmək, qorumaq kimi məsələ qarşıya çıxdıqda belə bir təmas və münasibət qaçılmaz olur.

Necə ki, Qurani-kərimdə 40-cı Mömin (Ğafir) surəsində bəhs edilən mövzuların biri də Fironun yaxın qohumlarından və onun sarayında yüksək vəzifədə olan, ancaq Allaha və Musaya (ə) iman gətirdiyini gizlədən (Əbu Talib kimi) bir şəxsin həyatının bir hissəsi barədədir. O imanının gizlədən şəxs sarayda Fironun öz müşavirləri ilə  Musa peyğəmbər barəsində məsləhətləşdiyi zaman onların həzrət Musanı öldürmək qərarına gəldiklərini eşitdikdə imanını aşkar etdi və həzrət Musanı müdafiə edərək onları qətiyyətlə bu işdən çəkindirməyə çalışdı və elə bu rəftarına görə Fironun əmri ilə öldürüldü...

Bəli, “qadın üçün ən yaxşısı onun kişiləri, kişilərin isə onu görməməsidir” deyən və kor bir kişi ilə rastlaşdıqda hicabını bağlayan xanım Fatimə (ə) Salman və Əbuzər ilə tamamilə başqa bir tərzdə rəftar edir, onların onun evinə gəlməsini və birlikdə İlahi mərifət və vilayət barədə söhbət etmələrini istəyir. Təbiidir ki, Salman, Əbuzər, Miqdad, Əmmar kimi kamil insanlar ilə qadından gələn ətir iyinə vəsvəsəyə düşən kişilər bir deyillər. Kişilər var ki, hətta dükanda qadın paltarı gördükdə vəsvəsəyə düşürlər, o ki qaldı onların ətirlərini iyləməkləri...

Odur ki, xanım Fatimə əleyhasalam nəinki qadınlar üçün, bəlkə bütün bəşəriyyət üçün insanlıq və bəndəçilik nümunəsi və ən gözəl ülgüdür.

Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

baxılıb: 184 dəfə