14 Məsum və əxlaq

Tarixi dəyişən hicrət

Birinci hissə.

Hicrətin fəlsəfəsi

.

Rəbiuləvvəl ayının ilk günləri bəşər tarixində heç vaxt unudulmayan və bütün müsəlmanların iftixar hissi ilə xatırladıqları iki mühüm hadisə ilə əhatələnmişdir.

Onlardan birincisi peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (səllAllahu əleyhi və ailh) Məkkə şəhərindən Mədinə şəhərinə hicrət (mühacirət) etməsidir. Həzrət Muhəmməd (s) qırx yaşında ikən ona peyğəmbərlik verildi, yəni İslam dinini yer üzündə yaymaq məsuliyyəti o həzrətə tapşırıldı. Peyğəmbər (s) sakini olduğu Məkkə şəhərində on üç il Qurani-kərim ayələrinin və İslam maarifinin insanlara çatdırılması üçün çoxlu səy və təlaş etmişdir. Həzrət Muhəmmədin (s) hicrət etməsinə bir çox səbəblər vardı, onların ikisi daha mühüm idi.

1- Qüreyşin (Məkkənin) kafirlərinin əzab-əziyyəti

.

Bütpərəstlərin müsəlmanlara qarşı giriftarçılıq və çətinliklər törətməklə onlara verdikləri əziyyətlər gündən günə şiddətlənir və çoxalardı. İş hətta o yerə çatdı ki, Qüreyşin (Məkkənin) kafirləri həzrət Muhəmmədi (s) öldürmək üçün öz aralarında razılığa gəldilər. Qərara aldılar ki, Peyğəmbərin (s) qətlində həqiqi günahkarın taplmaması üçün hər qəbilədən bir nəfər həmin qətldə iştirak etsinlər, bununla da bəni-haşim qəbiləsi (Peyğəmbərin nəsli) heç kimi günahlandıra bilməsin. Buna görə də həzrət Muhəmməd (s) müsəlmanlara hicrət etməyi məsləhət gördü. Müsəlmanlar əvvəlcə Həbəşəyə (Efiopiyaya) və sonralar isə Mədinəyə hicrət etdilər. O həzrət özü də Mədinəyə hicrət etdi.

2- İslam dininin bütün dünyaya yayılması zərurəti

.

 On üç il ərzində yüzdən çox insan Məkkə şəhərində İslam dinini qəbul edərək müsəlman olmuşdu. Hərçənd Məkkənin kafir başçıları daha çox insanın müsəlman olmasına imkan vermirdi və İslam dininin yayılmasına çoxlu əngəllər yaradırdılar. Təbiidir ki, belə bir halda İslam dininin bütün dünyaya Məkkə şəhərindən yayılması mümkün deyildi. Həzrət Muhəmməd (s) elə bir məntəqəyə getməli idi ki, orada insanlar o həzrəti rəhbər olaraq qəbul etsinlər və Peyğəmbər (s) İslam dininin yayılması və həqiqətlərin bütün dünyaya çatdırılması üçün səhih olan bütün vasitələrdən istifadə edə bilsin. Deməli, həzrət Muhəmmədin (s) hicrəti qaçılmaz idi və o həzrət  öz hicrəti ilə müsəlmanlara və İslam dininə nicat vermiş oldu.

Onu da deyək ki, Mədinənin o vaxta qədər olan adı Yəsrib idi, mədinə sözü şəhər mənasınadır, Yəsrib şəhəri sonralar həzrət Muhəmmədin (s) şərəfinə Mədinətur-Rəsul (peyğəmbərin şəhəri) adlandı.

O qədər şəhər və qəsəbələrin içində məhz Mədinə şəhərinin əhalisinin İslam dinini qəbul edərək həzrət Muhəmmədi (s) özlərinə rəhbər bilmələrinə səbəb nə idi?

Məkkə şəhərinin kafir başçılarının, xüsuslilə də Əbu Sufyan və Əbu Cəhlin həzrət Muhəmmədə (s) və İslam dininə qarşı mübarizələrinin ardınca müsəlmanlar Məkkədə iqtisadi qadağa ilə üzləşdikləri üçün iki il Peyğəmbərin (s) sevimli əmisi Əbu Talibə məxsus “şibi-Əbu Talib”dərəsində qalmalı oldular.

Məkkənin şimalında yerlərşən Mədinədə Ovs və Xəzrəc adlı iki böyük qəbilə vardı, həmin zamanlar yüz iyirmi il idi ki, bu iki qəbilənin arasında müharibə gedirdi. Bu qanlı müharibə sonralar həzrət Muhəmmədin (s) vasitəsilə sona yetdi və hər iki qəbilə bir-biri ilə qardaşa çevrildilər.

Müqəddəs İslam dini müsəlman olmuş Mədinəli şəxslərin vasitəsilə o şəhərə daxil oldu və şəhər əhalisinin əksəriyyəti İslam dinini qəbul edərək müsəlman oldular.

Müsəlmanlar “şibi-Əbu Talib”də olduqları zaman Mədinənin Xəzrəc qəbiləsindən Əsəd ibn Zürarə və Zəkvan ibn Əbdülqeys Məkkəyə getmişdilər. Onların Məkkəyə səfər etməsinin səbəbi qəbilələrinin Ovs qəbiləsi üzərində qələbə qazanması üçün Məkkəlilərdən kömək almaq idi. Bu məqsədlə onlar Ütbə ibn Rəbiənin evinə gəlmişdilər. Ütbə onlara dedi: “Biz sizə heç bir kömək edə bilməyəcəyik, çünki bizim aramızdan bir nəfər özünü peyğəmbər elan edərək gənclərimizin çoxunu öz tərəfinə çəkib. Öz sözləri ilə insanları sehr edir. Sabah onu Kəbə evinin yanında görəcəksiniz. Onun sözlərini eşitməmək üçün qulaqlarınıza pambıq tıxayın yoxsa onun sehrli sözləri sizə də təsir edər.”

Səhəri gün onlar qulaqlarına pambıq tıxayaraq Kəbə evini təvaf etməyə getdilər və gördülər ki, həzrət Muhəmməd (s) hicri-İsmail daşının yanında ətrafına toplaşmış insanlara nəsə deyir. Əsəd ibn Zürürə öz-özünə dedi: “Əgər bu şəxs özünü peyğəmbər elan edibsə bu xəbər tezliklə Mədinəyə də yayılacaq. Mənim Məkkəyə gəldiyimi bildikləri üçün şəhərimizin camaatı məndən bu xəbərin nə qədər doğru olub olmamasını və onun məqdəslərini soruşacaqlar. Elədə bəs mən nə deyəcəyəm? Deyəcəyəm ki, qulaqlarıma pambıq tıxamışdım?” Əsəd qulağından pambığı çıxararaq o həzrətə yaxınlaşdı. Həzrət Muhəmməd (s) ora toplaşmış insanlara Qurani-kərimin Ənam surəsinin 147-dən 153-ə qədər ayələrini oxuyurdu. Bu ayələr onların müsəlman olmalarına böyük təəkan verdi. Əsəd ilə Zəkvan həzrət Muhəmmədə (s) yaxınlaşaraq ondan İslam dini barədə soruşdular və o həzrətin cavabları ilə müsəlman oldular. Onlar bir neçə gün Məkkədə qalaraq Qurani-kərimin o vaxta qədər nazil olmuş surə və aylərini izahı ilə həzrət Muhəmməddən (s) öyrənərək Mədinəyə getdilər ki, İslam dinini orada yaysınlar və insanları haqq olan İslam dininə dəvət etsinlər. Beləlikdə Əsəd ilə Zəkvanın vasitəsilə Mədinədə İslamın əsası qoyuldu...

Ardı var...

baxılıb: 8 dəfə