14 Məsum və əxlaq

Özünüzə dostlar tapın, amma...

İmam Rza əleyhissalam buyurur:

عن محفوظ بن خالد ، عن محمد بن يزيد قال : سمعت الرضا

عليه السلام  يقول : من استفاد أخا في الله استفاد بيتا في الجنة

“Allaha xatir (Allahın razılığı üçün) özünə dost seçən insan sanki cənnətdə özünə ev seçmişdir.”

“Vəsailuş-şiə 12-ci cild 16-cı səhifə 15521-ci hədis

.

Bu hədis bizlərə dostluq barəsində bir neçə mühüm incəlikləri çatdırır;

1- İslam dini ictimai dindir! Tərkidünyalıq, guşənişinlik, tənhalıq, cəmiyyətdən uzaqlaşma, dağlara çəkilmə, evdən çölə çıxmamaq dini deyil.

 Hərçənd başqa din və məzhəblər guşənişinliyi və cəmiyyətdən uzaqlaşmağı fəzilət və üstünlük bilirlər, cəmiyyətdən kənar gəzən və dağlara çəkilən yaxud evdən çölə çıxmayan adamları az qala müqəddəs adam kimi qələmə verirlər.

Halbuki İslam dini hər bir müsəlmanı özünə daha çox dostlar tapmağa rəğbətləndirir.  Fürui-dinin iki mühüm vacibatı olan “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmə” pirnsipi İslamın ictimailiyə verdiyi dəyərin təzahürüdür.

.

2- Lakin İslam dininin dostluq ilə əlaqədar göstəriş və təlimatı qeydsiz-şərtsiz deyil. İslam dininə əsasən dostluq “əxən-fillah”, yəni “Allaha xatir dostluq” olmalıdır. Allah üçün olmayan dostluq əslində dostluq deyil, xudbinlik və təkəbbürlükdür. Həmçinin Allahdan başqa hər şey fani və müvəqqəti olduğuna görə Allah üçün olmayan dostluqların hamısı müvəqqətidir.

Odur ki, Qurani-kərim Zuxruf surəsinin 67-ci ayəsində buyurur:

الْأَخِلَّاءُ يَوْمَئذِ  بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ

“Təqvalılar (əməlisalehlər) müstəsna olmaqla, o gün (Qiyamət günü dünya) dostları bir-birinə düşmən olacaqlar.”

.

3- Allaha xatir dostluq etmək insanın mənəvi təkamülünə səbəb olur və əslində bir növ ibadət sayılır. Ona görə də imam Rza (ə) bu hədisdə “özünə cənnətdə ev seçmişdir” deyə buyurur.

baxılıb: 11 dəfə