14 Məsum və əxlaq

Mehribanlıq və rəhmət vəsiləsi

Əvvəla onu deyək ki, sonuncu peyğəmbər həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) yetərincə tanınmamış şəxsiyyətdir. O həzrətin yetərincə tanınmamasının müxtəlif obyektiv və subyektiv səbəbləri vardır. 
İslam dininin düşmənlərinin tarix boyu İslam dininin əleyhinə aparılıan təbliğatlar müsəlmanları, xüsusilə də həzrəti Muhəmmədi (s) davakar, savaşcıl, rəhmsiz olaraq dünyaya tanıtdırmağa çalışmış və bu istəklərinə müəyyən mənada nail olmuşlar. Hətta İslamın həqiqətlərindən xəbərsiz olan bir çox elmsiz müsəlmanlar da düşmənlərin həzrət Muhəmmədin (s) əleyhinə olan yalanlarına inanmışlar.
Sevimli peyğəmbərimizin (s) əxlaqı və ali insani xüsusiyyətləri barədə müsəlman alimləri tərəfindən minlərlə kitab və əsərlər yazılmışdır, hətta bir çox qeyri-müsəlman alim və yazıçılar da o həzrətin əxlaq və şəxsiyyətinin vurğunu olub onun (s) barəsində kitablar yazmışlar. 
Həzrət Muhəmmədi (s) insanlara ən yaxşı tanıtdıran Allah Taaladır. Qurani-kərim peyğəmbərlərin sonuncusunu (s) layqincə tanıtdıran bir İlahi vəhy kitabıdır.
Qurani-kərim həzrət Muhəmmədi (s) müxtəlif ayələrdə tərif etmiş, o həzrəti bütün bəşəriyyətə Qiyamət gününə qədər ən gözəl ülgü və nümunə olaraq təqdim etmişdir.
Qurani-kərimin həzrət Muhəmmədi (s) vəsf edən ayələrini iki qrupa bölmək olar, birincə dəstə ayələr o həzrətin şəxsiyyəti barədə olan ayələrdir. Yəni həzrət Muhəmmədi (s) nəbi (peyğəmbər), rəsul (elçi), vəli (yiyə, sahib), bəşir (müjdələyən), hadi (hidayət edən) və sair xüsusiyyətlərə əsasən tərif edən ayələrdir. Sanki bir nəfər yaxşı müəllim, pedaqoq, yazıçı, araşdırmaçı və sair xüsusiyyətlərinə görə vəsf edilir.
İkinci dəstə ayələr isə həzrət Muhəmmədin (s) şəxsən özünü vəsf edən ayələrdir. Yəni o həzrətin peyğəmbərlik, elçilik və sair xüsusiyyətlərini nəzərə almadan, başqa sözlə o həzrətin varlığını və vücudunu vəsf edən ayələrdir.
Mən bir neçə kəlmə həzrət Muhəmmədi (s) şəxsən vəsf edən ayələr barədə söz demək istəyərdim. Bu ayələr bütün dünyaya çatdırılmalıdır, təki hazırkı dünyada düşmənlərin o həzrəti davakar, savaşcıl və rəhmsiz biri olaraq təqdim etməyə çalışanların, İslam və müsəlman adı ilə dünyanın hər yerində amansız cinayətlər edənlərin cinayətlərinin nəticəsiz qalmasına səbəb olsun.
.
Birinci ayə, Ənbiya surəsinin 107-ci ayəsi

وَ مَا أَرْسَلْنَكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ

“(Ya Muhəmməd!) Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik.”

Aləm nədir? Aləm, yəni Allahdan başqa hər şey və hər kəs. Bundan başqa aləm sözünün ayədə cəm formasında gəlməsi kainatdakı varlıqların hamısının özünəməxsus aləmlərə aid olduqlarına da işarədir. İnsanlar aləmi, cinlər aləmi, mələklər aləmi, heyvanlar aləmi, nəbatat aləmi, cəmadat aləmi, mələkut aləmi və sair. Baxın, həzrət Muhəmməd (s) bütün varlıq aləmi üçün rəhmət, mərhəmət və mehribalıq səbəbidir.
.
İkinci ayə, Ənfal surəsi 33-cü ayə

وَ مَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَ أَنتَ فِيهِمْ

“(Ey Muhəmməd!) Sən (rəhmət peyğəmbəri) onların arasında ola-ala Allah onlara əzab verməz.”
Bu ayədə “onların” kəlməsi məkkəlilər, mədinəlilər, hətta bütün insanlar mənasında izah edilmişdir. Peyğəmbərin (s) əzəmətinə baxın! Görün o həzrət necə rəhmət, mərhəmət və mehribanlıq vasitəsidir ki, o həzrətə xatir kafirlər və günahkarlar belə İlahi əzab və bəlalardan amanda qalırlar.
.
Üçüncü ayə, Bələd surəsi 1-ci və 2-ci ayələr

لَا أُقْسِمُ بهِاذَا الْبَلَدِ
وَ أَنتَ حِلُّ بهِاذَا الْبَلَدِ

“(Ey Muhəmməd!) And içirəm bu şəhərə (Məkkə şəhərinə). Çünki sən bu şəhərin (Məkkə şəhərinin) sakinisən.”
Bu ayələr insanın bütün vücudunu lərzəyə salır. Allah Taala bu surədə Məkkə şəhərinə həzrət Muhəmmədin (s) o şəhərin sakini olduğu üçün and içir. Belə bir peyğəmbərə, rəhmət və mehribanlıq peyğəmbərinə tabe olmaq, o həzrəti sevənlərdən olmaq həqiqətən böyük bir şərəfdir.
Bu ayə onu göstərir ki, Məkkə şəhərinin müqəddəsliyi zatı deyil, yənin onun özündən deyil. Məkkənin müqəddəsliyi kənardandır.
Ancaq həzrət Muhəmmədin (s) müqəddəsliyi onun özündəndir, o həzrətin bütün vücudu və varlığı müqəddəsdir.

baxılıb: 9 dəfə