14 Məsum və əxlaq

Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər -5

Əxlaqlı insanlar söyüş söyməkdən uzaqdırlar

5- Söyüş söyməkdən çəkinmək

.

Müsəlman cəmiyyətini, xüsusilə də onun əxlaqi bünövrəsini sarsıldan ciddi zərərlərdən biri də elmi mübahisələrin ətrafında söyüş və nalayiq sözlərin yayılmasıdır.

Biz öz etiqadi təlimlərimizi müdafiə etmək, qarşı tərəfin nəzərlərinin isə batil və yanlış olduğunu sübut etmək üçün möhkəm dəlillərimizi təqdim etməliyik, yoxsa əxlaqa zidd olan üsluba əl atmaq və söyüş söyməklə bacarıqsızlığımızı göstərmiş olarıq. Elmi mübahisələrin belə bir qanunu vardır ki, dəlil və sübut gətirmək əvəzinə söyüş və təhqirli sözlərdən adətən məğlub olan tərəf istifadə edir.

Qarşı tərəfi söymək Əhli-beyt (ə) məktəbinə əsasən yolverilməzdir, hətta qarşı tərəf batil və onların nəzərləri isə yanlış olsa belə. Bu cür yanlış hərəkət Əhli-beyt (ə) məktəbinin şagirlərinin əxlaqına və bizim dini təlimlərimizə uyğun deyil.

Əmirəlmöminin Əli əleyhissalam siffein döyüşündə onun qoşunundakıların bəzilərinin Müaviyənin ordusundakıları söydüklərini eşitdikdə onları bu işdən çəkindirərək buyurdu:

إني أكره لكم أن تكونوا سبابين ، ولكنكم لو وصفتم

أعمالهم وذكرتم حالهم كان أصوب في القول وأبلغ في العذر ،

وقلتم مكان سبكم إياهم . اللهم احقن دماءنا ودماءهم ، وأصلح

ذات بيننا وبينهم ، واهدهم من ضلالتهم حتى يعرف الحق من جهله

ويرعوي عن الغي والعدوان من لهج به

“Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm. Ancaq əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olduqlarını, haqq yoldan çıxmaqlarını və bu kimi sözləri onlara) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək “onlarla nə üçün müharibə edirsiniz?” deyən kəsə) dəlil (sübut) gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzində belə deyəsiniz: -Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından (və haqq yoldan sapqınlıqlarından) nicat ver(ib düz yola yönəlt) ki, haqdan xəbərsiz olan hər bir şəxs onu (haqqı) tanıya bilsin, eləcə də azğınlıq və təcavüz (düşmənçilik) hərisləri (yanlışlıqdan əl çəkib) peşman olaraq haqq yola qayıtsınlar.”

Nəhcül bəlağə 197-ci xütbə

baxılıb: 47 dəfə