14 Məsum və əxlaq

Əxlaq nümunəsi imam Musa Kazım (ə)

“Qurani-kərim” imam Musa Kazım əleyhissalamın həyat tərzində!

Sevimli Peyğəmbərimiz (s) və o həzrətin Əhli-beytinin (ə) rəftar və davranışlarını insanlar üçün ülgü və nümunədir. Biz hamımız düzgün yaşayış tərzini düşüncə və rəftarlarında heç bir nöqsan olmayan Məsumlardan (onların hamısına Allahın salamı olsun) öyrənməliyik.
1- Qurani-kərimi həzin və ruh oxşayan səslə oxumaq kamil insanların xüsusiyyətlərindəndir.
İmam Musa Kazım əleyhissalam da o biri məsumlar (ə) kimi gözəl və ruh oxşayan səsə malik idi.

و احسنهم صوتا بالقرآن

“Quran oxumaqda (dövrünün) ən gözəl səslə (Quran) oxuyanı idi.”
Kəşful ğummə 3-cü cild 24-cü səhifə
.

وكانت قراءته حزنا

“Quranı həzin ( və ruh oxşayan) səslə oxuyardı.”
əl-Kafi 2-ci cild 606-cı səhifə
.
2- Quran oxumağa eşq və bağlılığı böyük idi.

و کان اذا قرا القرآن یبکی و یبکی السامعون

“(İmam Musa Kazım əleyhissalam) Quran oxuyanda həm özü ağlayar həm də qulaq asanlar ağlayardılar.

یحیی اللیل کله صلاه و قراءه للقرآن

(Bir çox) gecələri oyaq qalaraq namaz qılmaq və Quran oxumaqla məşğul olardı.”
əl-İrşad 2-ci cild 235-ci səhifə
.
3- Quranı qorumaqda ən çalışqan insan idi.

کان احفظ الناس بکتاب الله

“O həzrət Qurana ən çox əhməmiyyət verən şəxs idi.”
İlamul vəra 310-cu səhifə
.
Qurani-kərimi qorumaq və yaşatmağın bütün vasitələrindən istifadə edərdi, belə ki:
a- Quranı əzbərdən oxuyardı
b- Quranı üzündən oxuyardı
c- İnsanlarla söhbət edərkən Quran ayələrindən sitatlar gətirərdi
ç- İnsanları Quranı öyrənməyə təşviq edərdi
d- Quran ayələrini insanlara təfsir (şərh) edərdi
e- Quranın ecazkarlıqlarını insanlara göztərərdi
ə- Müstəhəb namazlarında çoxlu Quran oxuyardı
.
4- Quranı tam diqqətlə oxuyardı.

فاذا قرا فکانه یخاطب انسانا

“Quranı elə oxuyardı ki, sanki hansısa bir insanla danışır.”
Biharul ənvar 48-ci cild 111-ci səhifə
.
5- Quranın tərəqqi vasitəsi olduğunu deyərdi.
İmam Musa Kazım əleyhissalamın Qurani-kərim ilə ünsiyyət və bağlılıqlarına nəzər saldıqda görürük ki, dərin bir təfəkkür və düşüncə ilə Quranı oxumaq, Allahın kəlamları yazılmış bir kitaba qarşı son dərəcə təvazökarlıq və ehtiram edərək dizlərini yerə qoyub tilavət etməsi, gecəni sübhə qədər Allahın sözlərini dilinə gətirməsi o həzrətin nə qədər böyük və əzəmətli bir ruhiyyəyə malik olduğunun aşkar göstəricisidir.
Sizcə belə bir şəxs mələkut aləminin hansı zirvə və məqamına yüksələ bilər?! Bir halda ki, Qurani-kərim tərəqqinin nərdivanı və insanı ən uca İlahi-mənəvi məqamlara çatdırandır.
İmam Musa Kazım əleyhissalam buyurur:

ليرفع الله به من درجته فإن درجات الجنة على قدر آيات القرآن يقال له :
اقرأ وارق ، فيقرأ ثم يرقى

“... təki Allah (Quranın vasitəsilə) onu oxuyan şəxsin dərəcə (və məqamlarını) yüksəltsin. Şübhəsiz Cənnətin dərəcə (və məqamları) Quran ayələrinin sayı qədərdir. İnsana deyilər: -(Qurani-kərimi) oxu və tərəqqi et (yüksəl), o da (Quranı) oxuyar və (daha uca dərəcələrə) yüksələr.”
əl-Kafi 2-ci cild 606-cı səhifə
Qurani-kərim insanın uca məqamlara yüksəlməsi və təkamülü üçün vasitədir.
.
6- Qurani-kərim ilə daim ünsiyyətdə olaraq dostluq etmək arifliyin əlamətidir.
İmam Musa Kazım əleyhissalam ata-babalarının vasitəsilə Allahın Rəsulundan (s) nəql edir ki, buyurur:

حَمَلَةُ الْقُرْآنِ عُرَفَاءُ أَهْلِ الْجَنَّةِ

“Quranı həml edənlər (onunla yoldaşlıq edənlər) cənnət əhlinin arifləridirlər.”
“Qurani həml edənlər” ifadəsi bir çox hədislərdə gəlmişdir, həml edənlərdən məqsəd Qurani-kərim ilə daim ünsiyyətdə olanlar, onu oxuyan, öyrənən, öyrədən, oxuduqlarına əməl edən, maarifini mənimsəyən şəxsdir. Başqa sözlə “Quranı həml edən” ifadəsindən məqsəd Quranı öz valığı, düşüncəsi, rəftarı, əməli və ümumiyyətlə həyatında təcəssüm etdirən, canlandıran şəxsdir. Onların ən kamili həzrət Muhəmməd (s) və Əhli-beytdir (ə), belə ki ziyarətnamələrdə onların hamısına “salam olsun sənə ey Quranın şəriki” cümləsi vardır. Bundan əlavə hədislərdə onlarla əlaqədar “canlı Quran” ifadəsi işlənmişdir. 
Sevimli Peyğəmbərimizin (s) həyat yoldaşından o həzrətin əxlaqı barədə soruşularkən deyib:

كان خلقه القران

“Həzrət Muhəmmədin (s) əxlaqı Quran idi.” Yəni o həzrət canlı Quran idi, Quran-kərim onun (s) vücudunda təcəssüm etmişdi...
Odur ki kim nə qədər Quranı özündə (düşüncəsi, danışığı, dərki, əməli, rəftarında. ..) canlandıra bilirsə bir o qədər “Quranı həml edənlər (daşıyan, yoldaşı) məqamına yaxınlaşmış olur.
Allah Taala bizləri Qurani-kərimin ayələrinə iman gətirən, diqqətlə oxuyan, mənalarını öyrənən, göstərişlərinə əməl edən, qadağalarından çəkinən, ayələrini dərk edib anlayan və bunun nəticəsində Qurani-kərimi öz həyat tərzinə çevirə bilənlərdən qərar versin.

baxılıb: 67 dəfə