14 Məsum və əxlaq

Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər -2

2- Hikmətin axtarışında olmaq

Hikmət sözünün bir neçə mənası vardır, o cümlədən:
a) İşlərin batininə aid bilgilərə malik olmaq
b) Pisi yaxşıdan və haqqı batildən ayırmağa kömək edən bilgi
c) Bəsirət və xüsusi dərketmə, qavrama
ç) İşlərdə yanlışlıq, xəta və səhvin qarşısını alan bilgi
.
Hikmət həyatı düzgün yaşamağa səbəb olan və həqiqətləri insana əyan edən bilgilərdir.
Allah Taala Qurani-kərimdə ağıl, təqva, peyğəmbərlər, əhli-beyt, səmavi kitablar və əxlaq qaydalarına riayət etməyi hikmət adlandırır.
Hikmət insana həqiqətləri görməsi üçün itigözlük və fəhm verən, düz yol ilə əyrini tanıtdıran vasitədir.
Deməli, hikmətli (həkim) şəxs çoxlu biliyə malik olan yox, bilikdə və düz yaşamaqda nümunə və meyar olan şəxsdir.
Hikmət hansısa şəxs, məkan yaxud da zamanla məhdudlaşmır, hikmət tarix boyu və coğrafi genişliklə cərəyan edir. Və mömin şəxs həmişə onun ardınca olmalı və ona axtarıb tapmalıdır.
Əimrəlmöminin Əli əleyhissalam buyurur:

وقَالَ ( ع ) الْحِكْمَةُ ضَالَّةُ الْمُؤْمِنِ - فَخُذِ الْحِكْمَةَ ولَوْ مِنْ أَهْلِ النِّفَاقِ

“Hikmət möminin itkisidir (odur ki, həmişə onun axtarışında olun). Elə isə hikməti əldə edin, hətta nifaq əhlindən (münafiqlər, ikiüzlülərdən) olsa belə.”
Nəhcül-bəlağə 77-ci hikmət
Hikmət və mərifəti qazanmaq istəyən şəxs üçün milli, ictimai, coğrafi hətta dini bağlılıqlar belə mane ola bilməz. Məsələn, bizə lazım olan android proqramını axtaranda onu hansı ölkənin, hansı dində olanın hazırlamasına adətən fikir vermirik. İstəyimiz budur ki, bizim işimizə yarıyan ən yaxşı və faydalı proqram olsun.
Həmçinin bu hədisin mənalarından biri də budur ki, həqiqi elm və mərifət sahibləri yalnız imanlı şəxslərdir. Münafiq, ikiüzlü, riyakar, fasiq, fasid və kafirlər o elmlərdən (hikmətdən) qəsbkarlıqla istifadə edib və onunla öz dünyəvi və şeytani hədəflərinə çatmaq istəyirlər.
Əimrəlmöminin Əli əleyhissalam

وقَالَ ( ع ) خُذِ الْحِكْمَةَ أَنَّى كَانَتْ - فَإِنَّ الْحِكْمَةَ تَكُونُ فِي صَدْرِ الْمُنَافِقِ فَتَلَجْلَجُ فِي صَدْرِه - حَتَّى تَخْرُجَ فَتَسْكُنَ إِلَى صَوَاحِبِهَا فِي صَدْرِ الْمُؤْمِنِ

“Hikməti harda olsa əldə edin, hikmət münafiq və ikiüzlünün sinəsində də var və (onun dilindən) çıxıb öz sahibi olan möminin sinəsində məskən salıncaya qədər orada (hikmətin saxlanmasına layiq olmayan yerdə) iztirab və (təşvişdə) sıxıntıdadır.”
Nəhcül-bəlağə 76-cı hikmət
Deməli, hikmətin və elmin həqiqi sahibləri möminlərdirlər.
Ancaq çox-çox təəssüf ki, indiki zamanda möminlərin əksəriyyəti elm və hikməti özlərinin (onlara məxsus) olduğunu bilmirlər. Ona görə də elm və hikməti əldə etməyə səy göstərmirlər.
Qurani-kərim Əraf surəsinin 32-ci ayəsində buyurur:

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ قُلْ هِيَ لِلَّذِينَ آَمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ كَذَلِكَ نُفَصِّلُ الْآَيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“(Ya Peyğəmbərim!) De: 'Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?' De: 'Bunlar dünyada iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur'. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.”

baxılıb: 62 dəfə