14 Məsum və əxlaq

Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər

1- Eqoistlik və xudbinlik

Özünəvurğunluq və özünü sevmək hissi hər bir insanın batinində (təbiətində, canında) vardır. Əgər bu hiss olmasaydı insan öz varlığını və şəxsiyyətini qoruyub saxlaya bilməzdi. Odur ki “özünü sevmək” halının öz-özlüyündə maneəsi yoxdur, yəni təhlükəli deyil. Əngəl o zaman əmələ gəlir ki, şəxsin özünə vurğunluq və məftunluğu həmin insanın həqiqət, haqq və reallıqları görməsi və qəbul etməsinə mane olur.

Məsələn, öz səsinin vurğunu olan bir nəfər yanlış olaraq belə düşünür ki, (onun hansı səbəblərdən belə düşünməsinin müxtəlif səbəbləri olur) onun çox gözəl səsi vardır, halbuki onun səsi insanlara əziyyət verir (belə səslərə televiziya, radioda hətta məscid və hüseyniyyələrdə rast gəlmək olar). Əslində onun işi ancaq camaatı özündən uzaqlaşdırmaq olur. Səsini nə qədər qaldırırsa bir o qədər əks nəticə alır.

Sədi Şirazi “Gülüstan”da deyir:

 

گر تو قران بدين نمط خواني

ببري رونق مسلماني

 

“Sən Quranı belə avazla oxusan əgər,
müsəlmanlıq rövnəqindən qalmaz əsər.”

.

Məhvedici ruhi-mənəvi xəstəliklərdən biri də xudpəsəndlik və eqoistlikdir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

وقَالَ ( ع ) الإِعْجَابُ يَمْنَعُ الِازْدِيَادَ

 

“Xudpəsəndlik (xudbinlik) tərəqqinin (çoxalmanın) qarşısını alır.

Nəhcül-bəlağə 158-ci qısa kəlam

Yəni xudbinlik insanı heç bir sahədə inkişaf etməyə qoymur, çünki xudpəsənd adam həyatın bütün sahələrində özünün hamıdan yuxarıda olduğunu güman edir. Odur ki bu yanlış zənn və güman onun tərəqqi və inkifaşının qarşısında böyük bir əngəl olur.

Xudbinlik və eqoistlik insanı bilikləri (elmi) və düşəncələrinə elə vurğun və valeh edir ki, özünü islah etmək, hərəkət, tərəqqi və inkişafı onun əlindən alır. Bunun əksinə isə özünü bu qorxulu xəstəlikdən qurtara bilən şəxs həqiqətdə özünün və cəmiyyətin müşküllərini sağlam düşüncə və gözüaçıqlıq ilə görə bilir və onun islahı üçün çalışır.

Özünə vurğunluq və xudpəsəndlik hamının zatında (təbiətində) vardır, ondan qurtulmaq üçün isə çalışmaq, səy və təlaşın olması lazımdır.

Özünə vurğunluq və xudpəsəndliyin müxtəlif dərəcələri vardır, fərdi dərəcələrdən tutmuş dəstə, icma, heyət, ictimai, irqi, milli və sair.

Təəssüflər olsun ki, bir sıra cəmiyyətlərdə fərdi xudbinlik, yəni eqoistlik, başqlarını alçaq sanmaq, özündən ifrat dərəcədə razılıq, özünü eyibsiz bilmək və xudpəsəndlik pislənildiyi halda başqa (dəstə, icma, heyət, ictimai, irqi, milli və sair) sahələrdəki xudbinlik və xudpəsəndliklər alqışlanlır və təbliğ edilir.

Odur ki əmirəlmöminin Əli əleyhissalam xudbinliyi insanın və cəmiyyətin inkişaf və tərəqqisinin maneəsi olduğunu bildirir.

İlahi məktəblərdə xudbinlik, xudpəsəndlik və eqoizmin bütün növləri pislənmişdir.

baxılıb: 68 dəfə