14 Məsum və əxlaq

İmam MəhəmmədTəqi (ə) və valideynə hörmət

Ata-anaya ehtiram etmək və onlara qayğı göstərmək hər bir müsəlmanın başlıca vəzifəsidir. Tövhid məktəbində Allah Taalaya ibadətdən sonra ən mühüm vəzifə ata-anaya yaxşılıq etməkdir.

Qurani-kərim İsra surəsinin 23 və 24-cü ayələrində buyurur:

وَ قَضىَ‏ رَبُّكَ أَلَّا تَعْبُدُواْ إِلَّا إِيَّاهُ وَ بِالْوَالِدَيْنِ إِحْسَنًا  إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُل لهَّمَا أُفٍ‏ّ وَ لَا تَنهْرْهُمَا وَ قُل لَّهُمَا قَوْلًا كَرِيمًا

وَ اخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلّ‏ِ مِنَ الرَّحْمَةِ وَ قُل رَّبّ‏ِ ارْحَمْهُمَا كَمَا رَبَّيَانىِ صَغِيرًا

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: 'Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!' – de.”

İmam Məhəmməd Təqi əleyhissalamın həyatına nəzər saldıqda görürük ki, o həzrət insanlara ata-anaları ilə mehriban olmağı və onlara yaxşılıq etməyi tapşırmış, özü də valideyninə ehtiram edərək onları sevmışdir.

İmam Rza əleyhissalam Xorasana sürgün edildikdə həyat yoldaşı Səbikə və oğlu Məhəmməd Təqi (ə) Mədinə şəhərində qaldı. Səbikə çox imanlı, təqvalı və əxlaqlı bir qadın idi, belə ki İmam Rza (ə) onu xanım Məryəmə bənzətmişdir. İmam Məhəmməd Təqi əleyhissalam anasını çox sevmiş və həmişə onun qayğısını çəkmişdir.

Bəkr ibn Saleh deyir: Mən İmam Məhəmməd Təqi əleyhissalama belə bir məktub yazdım: “Mənim atam nasibi (əhli-beytin düşməni) olmuş və pis fikirlərə malikdir. Onunla yaşayışda çox çətinliklərə məruz qalıram. Siz mənim üçün dua edin və mənə deyin görüm atamı ifşa edim yoxsa onunla mehribanlıqla davranım?

İmam Məhəmməd Təqi əleyhissalam məktubumun cavabında belə yazdı: “Atan barədə yazdığın məktubda məqsədini anladım, mən inşaAllah sənin üçün dua edəcəyəm, ifşa etməkdənsə onunla mehribanlıqla davranmağın yaxşıdır, çətinliyin ardınca asanlıq vardır. Səbir et “yaxşı aqibət təqvalılara məxsusdur”, Allah səni olduğun vilayət yolunda (əhli-beyt yolunda) sabit etsin. Biz və siz əmanətlərini zay etməyən Allahın əmanətləriyik.”

Bəkr ibn Saleh deyir: “Allah atamın qəlbini mənə sarı yönəltdi, belə ki heç bir işimdə mənimlə müxalifətçilik etmirdi.”

Biharul ənvar 50-ci cild 55-ci səhifə

 

“İbrahim ibn Əbu Məhmud deyir: “İmam Rza əleyhissalama məxsus bəzi yazılar məndə idi, o həzrətin şəhid edilməsindən sonra bir gün o yazıları götürüb İmam Məhəmməd Təqi əleyhissalamın yanına gedib onları o həzrətə təqdim etdim. İmam Məhəmməd Təqi əleyhissalam o yazıları bir-bir oxudu, sonra onların arasında olan böyük bir yazını götürüb oxudu, boğazı tutulmuşdu və gözlərindən yaş axırdı, dedi: -And olsun Allaha, atamın öz əli əli yazdığı yazı budur...”

Ricalu Kəşi 567-ci səhifə

“Əbu Talib Qummu deyir: “İmam Məhəmməd Təqi əleyhissalama məktub yazaraq o həzrətdən məsələlər soruşmuşdum, bundan əlavə İmamın atası imam Rza əleyhissalam üçün mərsiyə də yazmışdım. Həmçinin yazmışdım ki, icazə versəniz sizin üçün mədhiyyə (tərif edici) şer yazardım. İmam Məhəmməd Təqi əleyhissalam mənim soruşduğum məsələlərin cavabını mənim məktubumun arxa tərəfinə yazıb mənə göndərdi, ancaq atasına yazdığım mərsiyəni özündə saxladı, həmin mərsiyə barədə mənə belə yazdı: “Əhsən! Allah sənə xeyir əvəz versin.”

Biharul ənvar 26-cı cild 231-ci səhifə

Bəli, imam Məhəmməd Təqi əleyhissalam ata-anaya ehtiram və yaxşılıq etməyi hamıya tapşırar, özü də bu İlahi vəzifəyə layiqincə əməl edərdi.
Allah Taaladan istəyirik ki, vəfat etmiş valideynlərimizə rəhmət eləsin, həyatda olan valideynlərimizə isə uzün ömür, saf iman və can sağlığı versin!

baxılıb: 61 dəfə